Şair, publisist, kino xadimi Əhməd Oğuzun ölümündən iki il ötür.
Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanda, Dağ Borçalı mahalında doğulub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Qubada və Qərbi Azərbaycanda dil-ədəbiyyat müəllimi, “Azərbaycan” qəzetinin (Sabir Rüstəmxanlının baş redaktor olduğu nəşrin) müxbiri, “Xəzər” jurnalının şöbə müdiri, “Oğuz eli” qəzetinin məsul katibi vəzifələrində işləyib. 1993-cü ildən indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində çalışıb, Respublika Radiosunun şöbə müdiri olub.
Şeir kitablarının, sənədli filmlərin, publisistik əsərlərin müəllifi Əhməd Oğuz 2021-ci ilin avqust ayının 31-də onkoloji xəstəlikdən vəfat edib.
Novator.az saytı şair Səfər Rzasoyun Əhməd Oğuzun xatirəsinə yazdığı şeirləri oxucuların diqqətinə çatdırır.
DOSTUM ƏHMƏD OĞUZUN XATİRƏSİNƏ
Yenə səni səsləyirəm –
başıma küllər tökmüsən.
Tüstü-tüstü duam yetməz –
göyün qapısın tikmisən.
Getməyin varı yox edir,
durub-durub nə ölmüsən?!
İpək-ipək günlərimi
şüşə kimi çilikləyib
gör neçə yerə bölmüsən.
Gecəm – tabut,
günüm – kəfən,
gedib mənə nə almısan?!
Bu dünyanı ac qurd kimi
niyə arxamca salmısan?!
***
“Torpaq keçər aramızdan…”
Salam Sarvan
Şəkildə gülsən də, nisgilin dərın –
baxışın dünyadan üzün çevirib.
İsa nəfəsidir şəkildə sirrin –
şəklin Yoxluğuna dirilik verib.
Mən ağac yanına, adam yanına
indi Yoxluğunla birgə gedirəm.
Kim var ki? – kimsəsiz küçədi dünya,
daha Yoxluğunla dostluq edirəm.
Yağışda-küləkdə, toyda-yasda da
sənin Yoxluğuna yer tapıram mən.
Hələ çox körpədir Yoxluğun axı –
uşaqtək yanımda aparıram mən…
Bura Ay yeridir, Günəş yeridir,
Kiməm ki? Qonağam, yoxam bir azdan.
Nə yağış, nə külək, nə bir hənirti…
keçən Yoxluğundur ta aramızdan.
Başım əsım-əsim səslərlə dolu,
yoxsa damarımdan küləklər axır?!
Min ilin ən gözəl rəsmidir şəklin –
sirrindən Bu dünya, O dünya baxır!!!
***
Ağaclar bayquş yarpaqladı,
matəm küləyini oxuyur
yarpaq-yarpaq qarğalar –
soyunsam, soyunsam bədənimi
görən, çəkilərmi ağrılar?..
Bura ümidsiz limanmış, Əhməd
nahaqdan, nahaqdan bir yarı səs
bir yarı pıçıltı gözləyirəm
o dünyadan…
Kimsə od vurub Zamana,
qaçır tövşüyə-tövşüyə,
təntiyə-təntiyə.
Zaman yorğun –
son mənzilə yetişmiş tabut kimi
az qalır ki dayana.
Ayrılıq allahsız Dinmiş,
allahsız Din…
Ayaq saxlayın –
kimsə şəklini çəksin
o dünyadan mənimlə
çiyin-çiyinə, kürək-kürəyə dayanmış
ƏHMƏDİN!!!