Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Yuxuların əlindən bezmişəm, qardaş, desəm hamı məni lağa qoyub gülər. Adamdan soruşarlar ki, qardaş, sənin gördüyün yuxuların adi yuxulardan fərqi nədir? Aləmi qatmısan bir-birinə. Guya səndən başqa yuxu görən yoxdur! Adam bir az səbirli olar. Səninin kimi narahat adamlar tez-tez yuxu görür. Sözün doğrusu, sən özünü şübhəli adam kimi aparırsan, gördüyün yuxuları da özünə aid edirsən. Qardaş, bu yaxşı əlamət deyil, bir az səbirli ol. Gördüyün yuxuları unutmaq o deməkdir ki, həmin yuxuların bir mənası yoxdur.
Elə məni də narahat edən budur. Özümə söz verdim ki, gördüyüm yuxuların hamısını çalışıb yadda saxlayım. Nədənsə alınmırdı. Çox yorğun idim. Yatağa tərəf gedərkən çox fikirli olduğumdan özüm də bilmədən ayağım çarpayının ayağına ilişdi və elə bil məni götürüb üzüqoylu döşəmənin üstünə yıxdılar. Mənə elə gəldi ki, məni kimsə qaldırıb yerə vurdu. Ətrafa baxdım, otaqda məndən başqa heç kəs yox idi. Bir neçə dəqiqə yıxıldığım yerdən tərpənmədim. Bir anda Çarli Çaplini xatırladım . Onun küçədə gedərkən büdrəməsini, ürkək quzular kimi ətrafa göz gəzdirməsini, hərdən əlindəki əsasını sağa-sola fırlamasını xatırladım. Dözmədim, ayağa qalxdım, işığı yandırıb Çarlinin həyatından bəhs edən kitabı vərəqləməyə başladım. Vərəqlədikcə gülməyimi zorla saxlayırdım ki, uşaqlar oyanmasın.
Çarli Çaplinin yaratdığı obrazlar son dərəcə təbii alınıb. Çaplinin yetişməsində anasının xidmətləri az olmayıb. Anası teatrda iş tapıbmış, bu xəstə qadın səhnəyə çıxıb gündəlik çörəyini qazanırmış. Çarəsiz qadın həmişə Çarlini də özü ilə aparırmış. Çarli 11 yaşında atasını itirir. Anası ruhi xəstə olduğuna görə xəstəxanaya yerləşdirilir.
Bu hadisəni də oxuduqdan sonra yatmaq qərarına gəldim. Dostlar, məni qınamayın, yenə də yuxu görmüşdüm. Bu dəfə gördüyüm yuxunu xatırlayıram. Bazara getmişdim, uşaqlar məndən meyvə istəmişdilər. Hər şey aldıqdan sonra satıcıdan borcumun nə qədər olduğunu soruşdum. Satıcı şirindil bir cavan oğlan idi, verəcəyim məbləği bildirdi. Əlimi cibimə salıb pul çıxartmaq istədim, anidən məni qan-tər basdı. Cibimdə bir manat pul vardı. Utandığımdan başımı aşağı saldım. Mənim bu vəziyyətimi görən satıcı “Qardaş, narahat olma, bazarlığı apar get, pulunu sabah gətirərsən” dedi. Fikirli-fikirli əlimi piştaxtaya vurdum. Sabah işə tez getmək lazım idi.
Sözün doğrusu, o gecə də yaxşı yata bilmədim. Yataqdan qalxanda elə bil ki, daş daşımışam, bədənim ağrıyırdı. Yorğun-arğın hazırlaşıb işə getmək qərarına gəldim. Səhərləri metroda elə bashabas olur ki, gərək bir-iki vaqon buraxasan. Bəzən mən də başqaları kimi zorla da olsa vaqona minməyi bacarıram. Vaqonda elə sıxlıq olur ki, tərpənmədən dimdik durmalısan, yoxsa geydiyin paltardan da olarsan.
Bu yerdə Çarlinin hərəkətləri gözümün qabağına gəldi. Öz-özümə dəli kimi gülməyə başladım.
Ətrafdan baxanlar bəlkə də fikirləşirdilər ki, mən ruhi xəstəyəm. Dimdik durmağım, öz-özümə gülməyim təbii ki, qəribə görünürdü. “28 May” stansyasına az qalmış qulağım bir səs gəldi, dönüb baxmaq istədim, qabaqda duran ucaboy olduğuna görə səs gələn tərəfi görmək nəsib olmadı. Səs get-gedə ucalırdı. Səs gələn tərəfə müdaxilə edənlərin səsi də gəlirdi. Yenə Çarli Çaplini xatırladım, bir az əyildim, büzüldüm, istədim onun kimi hərəkət edim ki, bəlkə hay-küy salanları gördüm, bu dəfə də alınmadı. Amma hiss olunurdu ki, məsələ böyüməyə doğru gedir. Mübahisə edənlərin səsi bir az fərqli çıxırdı. Münaqişədən hiss olunurdu ki, hər iki tərəf çox həyacanlıdır. Bir-birinə hədə-qorxu gəlirdilər. Metronun “28 May” stansiyasında düşənlər çox olduğuna görə vaqonlarda sıxlıq azalırdı. Fürsətdən istifadə edib onlara yaxınlaşmağı bacardım. Gözlərimə inanmadım. Mübahisə edənlər son dərəcə şıq geyimli idilər. Ətraflarında da xeyli adam vardı. Mən də bunların dərdini öyrənmək üçün bir az da onlara tərəf getdim. Ucaboy adam çox qəribə suallar verirdi. Qarşı tərəf isə hələ də şok vəziyyətində idi. Bilmək istəyirdim ki, bu ucaboy adam bundan nə istəyir. Nəhayət, qarşı tərəf dözməyib yüksək səslə:
– De görüm sənin dərdin nədir? – soruşdu.
– Dərdimi deyəcəm, amma sən çox dilbilməz adamsan. Özümü sənə təqdim edirəm. Mən professional oğruyam (yəni cibgirəm). Baxıram sən də maymağın birisi. Atam balası, bir az ayıq ol. Ayaq üstə yatırsan. Mən vaqona minəndə gözüm səni almışdı. Sevindim ki, nəsə olacaq. Sən demə, qədeş, sən də mənim kimi lütün birisən. Bayaqdan sənin ciblərini axtarıram, bir manatdan başqa pul tapa bilmədim. Yekə kişisən, baxıram abırlı adama oxşayırsan, evdən çıxanda cibinə pul qoy!..
– Qədeş, bir az sakit ol. Özünü ağıllı hesab edirsən, amma idarəolunmaz adama oxşayırsan. Ulu babalarımız yaxşı deyib ki, taylı tayını tapar. Elə biz bir yuvanın quşuyuq. Nə vaxt bizim cibimizdə pul olub? Bizim işimiz hay-küy yox, səbir tələb edir. Səhərdən sənin hərəkətlərinə diqqət edirəm, çox səbirsizsən! Allahına şükr et ki, mənə rast gəlmisən.