İqtisadçı, müxalif REAL Partiyasının funksioneri Natiq Cəfərli pərakəndə ticarət dövriyyəsi hesabatına toxunub.
Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 31,1 milyard manatlıq dövriyyə qeydə alınıb, alınan mallara xərclənən vəsaitin 52 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Natiq Cəfərli qeyd edir ki, pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 437,9 manat xərcləyib: “Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 15,3 faiz çoxdur. 437,9 manat xərcin 246,9 manatı ərzaq məhsullarının payına düşüb. Yəni Azərbaycanda qiymət artımı o qədər sürətlə gedir ki, keçən illə müqayisədə istehlak etdiyimiz məhsullar həcm olaraq artmayıb, amma qiymət olaraq 15,3 faiz yüksəlib. Bu hələ rəsmi rəqəmlərdir, normal, elmi yanaşma olsa, gündəlik tələbata aid 30 adda məhsulu götürsək, qiymət artımı 40-45 faiz olar”.
Natiq Cəfərli əlavə edir ki, inkişaf etmiş ölkələrdə şəxs qazancının 15-20 faizindən çoxunu ərzağa xərcləyirsə, kasıb sayılır: “Bizdə adamlar qazandığının yarıdan çoxunu ərzağa xərcləyir. Deməli, bu qədər resursa rəğmən kasıbıq, çünki idarəetmə sistemi yanlışdır… Hökumətə davamlı olaraq çağırış edirik ki, ərzaq və dərmanlarda vergiləri, rüsumları aşağı salsın, qiymətlər düşsün, amma dinləmirlər, çünki bizdən-vətəndaşdan-seçicidən asılı deyillər”.