Avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsi qətldə təqsirli bilinən İlkin Süleymanovun şikayəti üzrə hazırlıq iclası keçirib. Müdafiə tərəfi prosesdə apellyasiya baxışının məhkəmə istintaqı ilə aparılması, yekun qərara qədər olan müddətdə həbsin başqa qətimkan tədbirinə dəyişdirilməsi, ibtidai istintaqı aparmış müstəntiqin dindirilməsi barədə vəsatətlər qaldırıb. Vəsatətlər təmin olunmayıb.
İlkin Süleymanov məhkəmədən bəraət istəyir.
2019-ci il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyeva yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-sı kənddə onun yandırılmış meyiti tapılıb.
Bu işə görə Dondar Quşçu kəndinin sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov tutulub.
Gəncə Ağır Cinayətlər Məhkəməsi 2023-cü il iyunun 5-də İlkin Süleymanova 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
İlkin Süleymanov Nərmin Quliyevanın ölümünə aidiyyəti olmadığını deyir, qeyd edir ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün ittihamı etiraf ifadəsinə imza atıb.
Vəkilləri və bəzi hüquq müdafiəçiləri İlkin Süleymanovun günahının sübut edilmədiyini bildirir, günahkarların başqa şəxslər olduğu qənaətindədir.