Davranış əsirliyində
- 08 Avqust 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İsmayıl Rafiqoğlu
Hər günümüz şikayətdir. Feysbuka girirsən, biri taksidən, o biri kobudluqdan, başqa birisi siqaret tüstüsündən, ya da qonşunun eyvandan zibil atmasından gileylənir. Sanki adamlar ictimai yerdə özünü aparmaq qaydalarını bilmir, bunu nə evdə öyrədən olub, nə məktəbdə, nə də başqa yerdə.
Bəzilərinin unutduğu davranış qaydalarını nəzərdən keçirək.
İctimai yerdə siqaret çəkilməsi, sonra da kötüyünün hara gəldi atılması nikotin asılılığı olmayan hər kəsin gileyləndiyi bir mövzudur. Avtobus dayanacağında, metro stansiyasının girişində, insanların sıx toplaşdığı heç bir yerdə boğucu tüstüdən yaxa qurtarmaq olmur. Azərbaycanda müəyyən məkanlarda siqaret çəkmək yasağı olsa da, buna faktiki əməl edilmir. Hərdən mətbuatda, bağlı məkanda siqaret çəkməyə, ya da azyaşlılara siqaret satmağa görə kimlərinsə cərimələndiyi barədə xəbərlər yayılır. Amma bunun elə də effektli olduğunu deyə bilmərik. Bakı şəhərində yerə zibil atmağa görə qanunda nəzərdə tutulmuş cərimə tətbiq edilsəydi, yəqin Azərbaycan büdcəsinin bir manat belə kəsiri olmazdı.
Sözsüz, bu problem həm etik məsələdir, həm də qaydalara məhəl qoyulmamasının göstəricisi. Ən azı siqaretin harada gəldi yox, müəyyən yerlərdə çəkilməsini təmin etmək, həmin nöqtələrdə zibil qutularının sayını çoxaltmaq olardı. Uşaqlara, yeniyetmələrə siqaretin satılmasının qarşısını isə ən sərt vasitələrlə almalıyıq.
Yerə tüpürmək ənənəsinin birdən-birə meydana gəlməsi əslində təəccüb doğurur. Köhnə kişilər Bakıda belə bir davranışın olmadığını söyləyirlər. Ola bilər yerə tüpürənlər bunun pis olduğunu doğrudan bilmirlər. Bəlkə şəhərin havası çox zəhərli olduğundan bu pis adətin yayılmasına şərait də yaranır. Yaxud bir çoxları heç yerə tüpürmək istəmir, amma əlini, ağzını, burnunu yumağa nə bir su mənbəyi, nə də ayaqyolu tapır, çıxış yolunu yerə tüpürməkdə görür.
Nəqliyyatdakı davranış problemindən kitab yazmaq olar yəqin. Danışmaqla bitməz. Məsələn, metro qatarına, yaxud avtobusa daxil olan şəxslərin bir çoxu nədənsə qapının önündə dayanmağa üstünlük verir. Nə çıxan çıxa bilir, nə də girən girə bilir. O bunu dirsəkləyir, bu da onu. Xalalar da, maşallah, kimsəyə rahat əyləşmək imkanı vermirlər. Orta yaşlı, çəkisi normadan bir az artıq olan xanımların aqressiyası bitmək bilmir. Mütləq hansısa gəncin başının üstünü alıb deyinməyə başlayır, müasir gəncliyə lənət oxuyaraq özlərinə yer qazanmağa çalışırlar. Yeri gəlsə, kiminsə ayağını tapdalamaq, ya da həmin şəxsi dirsəklə itələməkdən belə çəkinməzlər.
Nəqliyyatda yüksək səslə mobil telefonla danışmaq da hamının əhvalına soğan doğrayır. Bəzən sərnişinlər söhbət edənin dədə-babasından tutmuş evdəki bütün problemlərinə kimi məlumat alırlar.
Sağ-solu tanımamaq da bəladır. “28 May” metro stansiyasında böyük hərflərlə “Sağ tərəflə hərəkət edin” lövhəsinə rast gəlmək olar, amma sərnişinlər bir-biri ilə toqquşmaqda davam edirlər, bu da bəzən münaqişəyə yol açır. Ölkədə sağtərəfli hərəkət sistemi var, yəni hər bir şəxs məhz sağ tərəfi tutaraq yoluna davam etməlidir. Bu qaydanı bilməyənlər onsuz da yüklənmiş nəqliyyat sistemində yeni problemə səbəb olurlar.
Növbə gözləmək mədəniyyəti də bizim yaralı yerimizdir. Elə bil daş dövründən bu yana bir pis ənənə formalaşıb: başqasını itələ, onun növbəsini ələ keçirt. “İşini həll elə, başqası gözləsə də problem deyil” düşüncəsi qəlbimizə hakim kəsilib elə bil. Sovet dövründə də növbə gözləməyi sevməmişik. O vaxtlar Rusiyanın, Ukraynanın şəhərlərində növbə ardıcıllığını ən çox pozan biz azərbaycanlılar olmuşuq. Nə həkimdə, nə marketdə, nə də dayanacaqda növbə gözləmək istəyirik.
Zibili yerə atmaq üzrə çempionat keçirilsəydi, yəqin bizə çatan olmazdı. Biri burnunu salfetə silib arxasına baxmadan tullamaqda, digəri boşaltdığı qazlı içkinin qabını avtobusun pəncərəsindən çölə tolazlamaqda çempiondur. Eləsi var siqareti çəkib yuxarı mərtəbədən aşağı tullamaqla qonşunun zivədəki paltarını yandırmaqdan zövq alır. Balkondan zibil, yumurta atan da az deyil. Ayaq altda qalan banan qabığından sürüşüb yıxılanların statistikası aparılsaydı, bu göstərici üzrə liderlər cərgəsində olardıq yəqin.
Bir sözlə, davranış qaydaları, etik normaları bilməməyimiz bizə baha başa gəlir. Tərbiyə həm ailədən, həm təhsil sistemindən gəlməlidir. Bu günün uşağını isə “Tiktok” formalaşdırır. Orada da bədbəxtlikdən prinsip belədir: nə qədər həyasız olsan, bir o qədər hədiyyə qazana biləcəksən. Deməli, virtual məkandan çıxan kimi həmin davranış modeli reallıqda da tətbiq ediləcək.
Nə isə, qalmışıq Allah ümidinə…