• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

O heç nə ummurdu (Aydın Səlimzadənin xatirəsinə)

  • 10 İyul 2023
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Mahir N. Qarayev

…O zaman biz hamımız Akademiyada işləyirdik: Aydın Məmmədov da, Əbülfəz Elçi­bəy də, Ziya Bünyadov da, Vilayət Quliyev də, İsa Qəmbər də, Pənah Hüseynov da, Zərdüşt Əlizadə də, Nəsib Nəsibzadə də, Aydın Bala­yev də, Ədalət Tahirzadə də, İsmayıl İsmayılov da, Bəxtiyar Sayılov da, Kamal Abdulla da, Rafael Hüseynov da…

Amma hamımızın bir qəzeti vardı: Aka­demiyanın «ELM» qəzeti. Və bu qəzetin baş redaktoru Aydın Səlimzadə idi.

Onda hələ Sabir Rüstəmxanlının və Meh­­­man Cavadoğlunun «Azərbaycan» qəzet­lə­rinin heç biri yox idi; Nəcəf Nəcəfovun «Molodyoj Azerbaydjana»sı və «Azadlıq»ı da öz sözünü hələ sonra deyəcəkdi.

Onda hələ 20 yanvar faciəsi də baş ver­məmişdi və Məzahir Süleymanzadənin «Səhər» qəzeti də meydanda yoxdu.

Nemət Pənahlının «Meydan», Taleh Hə­mi­din «Yeni fikir», Əmir Pəhləvanın «İlham», Aqil Abbasın «Ədalət», Eldar Baxışın «Səs», Emin Eminbəylinin «Yeddi gün», Rəşad Məci­din «525-ci qəzet», Zərdüşt Əlizadənin «İstiq­lal», Rauf Arifoğlunun «Yeni Müsavat» qəzet­ləri – bir sözlə, od-alov püskürən (sonradan bir çoxu başqa şeylər püskürsə də!) onlarla qəzet hələ bir müddət sonra yaranacaqdı.

Hələliksə hamımızın qarşısında özü boyda bir matəmgah olan (qəbrin nurla dolsun, Mirzə Cəlil!) Azərbaycan vardı və milyonların toplaşdığı Baş Meydanda çıxış edən İsa Qəmbər Yusif Səmədoğlunun «Azərbaycan» jurnalına, bir də Akademiyanın «Elm» qəzetinə abunə yazılmağı millətə tövsiyə edirdi…

«Azərbaycan» jurnalı ayda, «Elm» qəze­ti həftədə bir yol çıxırdı. Olan bu, mənzərə belə idi.

Ümumiyyətlə, onda çox şey ayrı cürdü. Məsələn, «prezident» yalnız Akademiyanın prezidentinə deyirdilər, onun da adı Eldar Salayev idi; indiki «prezident postu» isə onda Birinci Katib vəzifəsi adlanırdı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Əbdürrəh­man Vəzirov (sonra Ayaz Mütəllibov) idi…

Bu həmin əyyamlar idi ki, ermənilər həm öz mətbuatları, həm də Mərkəzi (yəni Rusiya) mətbuat vasitəsilə Azərbaycana böhtan yağdırır, Azərbaycan mətbuatı isə partizan dəyanəti ilə susurdu.

Axırda aşağıdan da, yuxarıdan da baxıb gördülər ki, bu cür davam edə bilməz və kimsə danışmalı, cavab qaytarmalıdır. Aydın Səlim­zadə belə bir vaxtda «Elm» qəzetinə redaktor təyin edildi. Və «Elm» qəzeti danışmağa, necə deyərlər, cavab qaytarmağa başladı…

***

İndi çoxlarına qəribə gələ bilər, amma o illərin ən dürüst salnaməçilərindən biri (bəlkə də birincisi!) olan Ədalət Tahirzadə yalan söy­ləməyə imkan verməz ki, Azərbaycan Xalq Cəbhəsinin proqram və nizamnaməsinin dərci, Əbülfəz Elçibəyin Cəbhə sədri kimi, İsa Qəm­bərin və Pənah Hüseynovun İdarə Heyə­tinin üzvləri kimi ictimaiyyətlə ilk mətbu görüşləri hansı çətinliklər bahasına baş tutdu, özü də məhz «Elm» qəzetində. Bu gün Ryazandan, ya Siyəzəndən göz qırpımında xəbər üyüdən repor­tyorlara təəccüblü görünsə də, onda vəziy­yət əsla «yağ kimi» deyil, xeyli müşkül idi. Və yükün ağır yeri müşkülləri asanlaşdırmaqda xüsusi səriştəsi olan Aydın Səlimzadənin arıq çiyinlərinə düşmüşdü.

İndi kimə qəribə görünməz ki, ADR deyəndə on adamdan doqquzu paytaxtı Berlin olan Almaniyanı düşünürdü və ilk olaraq Nəsib Nəsibzadə «Elm»də ADR adlı silsilə araşdır­masını (sonra da eyniadlı kitabını) dərc etdirib, bugünkü «çağırsa ellər gedərəm davaya» təfək­kürlü cahılların atalarına xatırlatdı ki, vaxtilə bizim Azərbaycan Demokratik Respublikası adlı məmləkətimiz olub və bütün Şərqdə ilk müstə­qil ölkəni quran kişilər – Rəsulzadələr, Topçu­ba­şovlar, Yusifbəylilər, Rəfibəyovlar, Xoyski­lər… bizə 114 min kvadrat kilometrlik bir ərazi qoyub gediblər!

Nəsib Nəsibzadə sözünü çatdırıb öz işini gördü, amma zülüm bizimki idi: nə illah eləsək də, üçrəngli bayrağın şəkli ağ-qara çıxırdı…

İndi allı-güllü kabinetlərdə allı-güllü bay­raq­lar altında şəstlə oturub allı-güllü yalan-palanlar uyduran qəzet redaktorlarına, allı-güllü şoularla baş qatan televiziya rəhbərlərinə baxan­da parıltıdan mənim gözlərim qamaşır və o vaxt nə illah eləsək də, yenə rəngi qapqara çıxan bayrağı kədərlə xatırlayıram: əcəba, bu qoçaqlar o ağ-qara bayrağın allı-güllü rənglərini nə asan buldular?!

…Və hər dəfə parıltıdan gözlərim qama­şanda 20 yanvardan bəhs edən (o zaman əl-əl gəzən, indi kimsənin xatırlamadığı) bir yazı yadıma düşür. O yazını mən yazmışdım. O yazını hirsindən-hikkəsindən zəncir çeynəyən rus generalının senzurasından Aydın Səlimzadə keçirmişdi. Ordu xalqa divan tutmuşdu, qəzet­ləri də bircə saatın içində bağlamışdılar. Bir neçə gündən sonra «Səhər» qəzetinə çap icazəsi veriləndə Aydın da dərhal özünü generalın «hüzuruna» yetirdi; uzun çək-çevirdən sonra kabinetdən qalib kimi çıxdı və 1990-cı ilin 1 fevral günü «Elm» qəzeti o yazını dərc etdi.

«Azadlıq uğrunda apardığı hər mübarizəsi qanlı qırğınlar, günahsız qurbanlar bahasına başa gələn zavallı xalqım! Göz yaşları axıda-axıda başın üzərinə qaldırdığın qara bayraqları qoru: nə qədər ki özünü doğrulda bilməyən, günahı bir-birinin üstünə atan rəzil və kütbeyin rəhbər­lər sənə hakimdir – bu qara bayraqlar hələ çox gərəyin olacaq!»

Yazı bu cür başlanırdı. Və heç yadımdan çıxmaz: yazının altında gedən şəkillərə sərlövhə qoymaq üçün elə mətbəədəncə Əlyazmalar İnstitutuna – Paşa Əlioğluna zəng vurmuşdum: «O türk şairinin bəndi necə idi?».

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, Vatandır…

Bu misralar ilk dəfə «Elm»də və elə bu cür getdi – xırda qüsurla. Sonra başqa qəzet­lərin, ekran və efirin dilinə keçdi; çeynəyib-çeynəyib axırda şitini çıxartdılar…

Amma hələ 20 yanvara çox vardı. Nəsib Nəsibzadənin silsilə yazısı ilə paralel «Elm» qəzetində akademik İqrar Əliyevin  «Naqornıy Karabax» məqaləsi dərc olunurdu. O vaxtın məlu­mat qıtlığında oxucular belə yazıları gözlə­rinə təpirdilər.

«Əlixanyan-Bonnerin əri» qismində Bakı­ya təşrif buyurub «erməni-müsəlman» məsələsini çözməyə çalışan dünya şöhrətli akademik Saxarova akademik Ziya Bünyadovun verdiyi sərt cavabı dərc etməyə də təkcə Aydın Səlimzadənin cəsarəti çatdı.

Ən çox səs-küy qoparan isə Ziya müəl­limin «Poçemu Sumqait?» yazısı oldu. Yazını qəzetin orta qoşa səhifəsində dərc etdik. Bu­nun da səbəbi vardı: nüsxə çıxartmaq asan olsun.

İndi o vaxtın texniki və «hüquqi» imkan­larını yada salanda elə özümün də gülməyim gəlir: belə yazıların nüsxəsini çıxartmaq üçün icazə alınmalı, hələ surətçıxarana – texniki işçiyə də ayrıca göstəriş lazım idi və o zavallı əmin olmalıydı ki, dərc edilmiş filan yazının surətini çıxartdığına görə ən azı işdən qovul­mayacaq.

Beləcə, mətbəədə qəzetin həmin sayın­dan gizli şəkildə və əlavə pul verməklə daha iki min nüsxə çap olundu. Bir o qədər də qoşa səhifənin surəti çıxarıldı. Bu iş üçün kimlərsə (adlarını Aydın Səlimzadə bilirdi) pul toplamışdı və nüsxə­lər Moskvaya göndərilmiş, Rusiyanın müxtəlif şəhərlərində yayılmışdı.

İndiki redaktorlara qəribə görünəcək: qəzetimiz şənbə günü çıxırdı və oxuculara abunə yolu ilə çatdırılırdı, bazar ertəsi isə yüz­lərlə adam redaksiyaya «hücum çəkib» bizdən ərklə qəzet tələb edirdi. Hərəmiz mətbəədən beş-üç nömrə çırpışdırıb dost-tanış üçün saxlayırdıq, başqa imkanımız yox idi. Və qəzet çatmayan nə qədər oxucu bizdən incik düşürdü!

İndi təsəv­vür eləmək belə çətindir ki, kimsə qəzet üçün zəng vursun, xahiş eləsin, hətta yalvarsın! Tam səmimi olmaq üçün onu da deyim ki, günümüz qonaqlıqlarda keçirdi. Əslində qonaqlıq bəhanə idi, sadəcə, bizimlə görüşmək, oturub-durmaq istəyən xeyli adam vardı və gün ərzində təklif gələn «ünvanlardan» hansını seçməyi Aydın Səlimzadə özü həll edərdi.

– Aydın, filankəs zəng vurmuşdu, bizi filan yerə dəvət edir…

– Rədd elə getsin, filankəsin adamıdır, məqsədi də filandır…

Vəssalam. Bununla söhbət bitər, məsə­lə­yə nöqtə qoyulardı. Çünki Aydının Azərbay­canda tanımadığı, cikini-bikini bilmədiyi adam, bəlkə də yoxdu. Bunu dostları, o cümlədən Mehman Cavadoğlu da, Baba Vəziroğlu da, Amil, Tofiq və Ramiz Şirinovlar da, Əmir Pəhləvan da, Rəşad Məcid də təsdiqləyər. Dövr qarışıq dövr idi, qulaqlar darı dənləyirdi və Aydın «minnətli» olmaq, «Elm»in imicinə xələl gətirmək istəmirdi, çünki bu qəzeti o öz övlad­ları kimi sevirdi. Üstəlik də, «çöl» işləriylə şəxsən özü məşğul olurdu: kimlərəsə yazı sifariş verir, kimlərdənsə alıb gətirirdi və nömrəyə nəyin gedəcəyini özü müəyyənləş­di­rirdi. Qalan işlər (yəni, yazıları çapa hazırla­maq) mənlik idi.

Bəlkə elə buna görə də «kənar gözlər­dən» yayınmaq üçün işdən sonra daha çox yığışdığımız arxayın məkan – Əlyazmalar İnsti­tu­tunun şöbə müdiri Zəminə xanımın (indi rəhmətə gedib) mənzili olardı. Aydın, Paşa, İsmayıl, Nəsib, daha kimlər, kimlər…

Bu da Aydının xarakterindən irəli gəlir­di: o, tək qalmağı xoşlamırdı və bacarmırdı. Eynən Aqil Abbas kimi, Aydın harda olardısa, mütləq başında bir dəstə toplaşardı. Hətta iş otağında da tək oturmazdı. İçəri girən kimi məni yanına çağırırdı, işə gəldiyi yol uzunu azından on adamla görüşərdi; gördüklərini danışandan sonra deyirdim, indi icazə ver, gedim yazıları oxuyum. Deyərdi, gətir burda oxu. Tək qala bilmirdi, təklik sanki onu boğur­du, havası çatışmırdı.

İşdən sonra az qala hər axşam dostlardan birinin məclisinə gedərdi. Halbuki yeməklə heç arası yoxdu. Və əslində uzandıqca uzanan məclis ondan ötrü «kəlam» qonaqlığı idi, ünsiyyət vasitəsi idi, təklikdən qaçmaq üçün bəhanə idi…

– Aydın, daha bəsdir, sabah mətbəə günümüzdür…

– Narahat olma, özüm baxacam qəzetə, sən sabah gec gələrsən, saat 12-yə kimi rahatca yatarsan…

Amma saat heç on olmamış mətbəədən zəng vurardı:

– Sən allah bir az tez gəl, vəziyyət ruscadır…

– Bəs axı demişdin…

– Neyləyim, «ж» hərfinə çatanda işlər korlandı. Andıra qalmış qarmon kimi dartılıb uzanır…

«Ж» hərfi Aydının zarafatı və özünəməx­sus parolu idi. Onda hələ latın əlifbasına keçməmişdik, kirilin «ж» hərfini Aydın bir dəfə başı ağrıyanda qarmona oxşatmışdı, beləcə onun bu zarafatı dilə-ağıza düşmüşdü – bir-birimizin vəziyyətini bu cür xəbər alırdıq…

Yeri gəlmişkən, Zəminə Hacıyevanın sonradan kitab şəklində çıxmış «Əski əlifba» dərsliyi də, latın əlifbasına keçidlə bağlı elmi müzakirələr də ilk dəfə «Elm» qəzetində icti­maiy­yətə çatdırıldı; Əbülfəz Elçibəyin, Kamal Abdullanın, Kamil Vəliyevin, Sabir Rüstəmxan­lının, Firudin Cəlilovun, Vaqif Aslanovun və digər mütəxəssislərin daxil olduğu komissiya üzvlərindən hər birinin bu barədə çıxışları məhz «Elm»də dərc olunurdu.

Paşa Əlioğlunun təqdimatında Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən nümunələr də, Nəsib Nəsibzadənin təqdimatında Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri də, Məmməd Adilovun təqdi­ma­tında İbrahim bəy Musabəyovun «Qafqaz tarixi» əsəri də, Vilayət Quliyevin tərcümə­sin­də məşhur polyak alimi Tadeuş Svyataxov­skinin Azərbaycanın tarixi həqiqətləri barədə o dövr üçün xüsusilə böyük ictimai-siyasi önəm kəsb edən elmi araşdırması da, Ziya Bünyadovun 1930-cu illərin represiyalarından bəhs edən silsilə yazıları da, Aydın Məmmədovun Lev Qumil­yov­la, Çingiz Aytmatovla geniş söhbətləri də, tarixi əhəmiyyətə malik onlarla digər yazılar da ilk dəfə məhz Aydın Səlimzadənin rəhbərlik etdiyi qəzetdə işıq üzü gördü…

…Mən o dərəcədə sadəlövh deyiləm ki, «Elm»in o vaxtkı şöhrətindən sui-istifadə edib özümüzü qəhrəman cildində təqdim edəm. Əsla! Qəhrəmanlarının sayı onsuz da kəlləçarxa vurub çıxmış məmləkətdə özümüzdən daha bir qəhrəman da biz düzəltməyək.

Bəli, dünyanın Sovet Azərbaycanı adla­nan, «böyük oyunların peşkası olan» bir bölgə­sində, fövqəl dövlətlərin və siyasətlərin iradə və istəyindən kənarda nəsə baş verdiyini güman etmək absurddur! «Elm» qəzeti də, təbii ki, istisna deyildi və ola bilməzdi. Sadəcə imperiya çökürdü, fürsəti qaçırmayan ermənilər də bizim əleyhimizə təbliğat başlamışdı; altdan-altdan qay­na­yan qazanın qapağını bir az qaldırıb buxarı buraxmaq lazım gələndə isə qərara alınmışdı ki, müəyyən bir görüntü yaradılsın və bu görüntü üçün «Elm» qəzeti seçilmişdi. Yoxsa, bişmiş toyuğun da gülməyi gələr ki, Mərkəzin qarşısında daima mil (yaxud ikiqat) dayanmış bölgədə, qulağı darı dənləyən bürokratik rejim­də Akademiyanın partiya təşkilatının orqanı olan əl boyda bir qəzetciyəz günün günorta çağı bütün «gözlərdən və qulaqlardan» yayınıb od püskürsün!

Buna kim inanar? Bu gün əlbəttə ki, heç kəs. Amma o da istisna deyil ki, o vaxt bunun məhz bizim hünərimiz olduğuna sadəlövhcəsinə inananlar vardı. Necə ki, bir vaxtlar yüzlərlə, minlərlə sadəlövh insan Nemət Pənahlının təşkil etdiyi mitinqlərin məhz Nemət Pənahlının hünərinə təşkil edildiyinə inanmışdı.

Düzü, uğurlardan başımız gicəllənəndə bunun öz hünərimizə olduğuna hərdən çaşıb özümüz də inanırdıq. Amma heç şübhəsiz, o vaxt bizə verilən «azadlıq» da, istisnasız olaraq sonrakı bütün «demokratik» qəzetlər və «müstəqil» televiziyalar da hamısı xüsusi orqanların düşünülmüş ssenariləri hesa­bına idi – qoy kimsə bica yerə sinəsinə döymə­sin və yalandan özünü öyməsin: belə nağıllar dəxi keçməz! Həm də ulu Sabirin dediyi zaman nehrəsi durulandan sonra yağın yağ üstünə çıxıb, ayranın ayranlıq olmasını hamı gördü də, bildi də.

Bəli, müəyyən zaman kəsiyində icazə məhz «Elm» qəzetinə verilmişdi, Aydın Səlim­zadə də fürsəti qaçırmayıb bu qəzeti ən oxu­naq­lı qəzetə çevirə bilmişdi (bu sərbəstlik bir az Məmməd İsmayılın «Gənclik» jurnalında vardı, bir az da Yazıçılar Birliyinin jurnallarında). Vəssalam, reallıq bundan ibarət idi.

Tam səmimi deyirəm ki, qəzetin redak­tor müavini kimi, nəyin nə olduğunu mən hələ o zaman fəhmlə duysam da, çox da üstünü vurmurdum; məni tam qane edirdi ki, ürəyim­dən keçəni yazırdım və yazılarım üçün çap yeri tapmışdım, hələ üstəlik bu yazılara görə adım da xeyli məşhurlaşmışdı. Yəni biz sadəcə olaraq bəxtimizə düşən bir qarışlıq «müstəqil» ərazidən və bir udumluq «demok­ratiya» havasından bəhrələnir, bu ərazini və bu havanı əli qələm tutan yaradıcı dostlarla da səxavətlə bölüşürdük.

İndi Aydın haqq dünyasındadır, mənimsə indiki diribaşların bir çoxunun özlərinə düzəltdiyi qəh­rə­manlıqdan özümə düzəltməyə əsla haqqım yox: ən azı ona görə ki, o vaxt o bayrağın rən­gini yaşıla, qırmızıya, maviyə çevirməyi şəxsən mən bacarmadım və mənim taleyimin ağ qəzet səhifəsində o bayrağın zolaqları elə boz və qara rəngdə qaldı…

…Və lakin bu gün cəmiyyətdə Aydın Səlimzadənin xidmətlərini danmaq meyli yoxsa da, onları xatırlamağa da xüsusi meyil yox – çünki  hər kəs közü öz qabağına eşmək, «tarixi» özündən, öz qəzetinin, öz televiziyasının yarandığı gündən başlamaq istər; demokratik mətbuat deyən­də də hər kəs özünün rəhbərlik etdiyi mətbuatı düşünər, zatən!

Amma nahaq yerə. Ən azından ona görə ki, bu gün bütün qəhrə­manlıqların «sirri» ortalıqda, «kimlərin əlinin kimlərin cibindən çıxdığı» da hamıya bəlli –  görünən dağa nə bələdçi?! Hətta dünya qəfildən deyil, yavaş-yavaş işıqlananda da biz bu dirijor çubuqlarını aydınca (və Aydınsız!) gördük…

…və mən indi bütün bunları bir də, bir də xatırlayaraq, göz önündəki bu göz deşən həyasız mənzərədən, doyumsuz nəfisli, cılız düşün­cə­li, idbar sifətli ətrafdan iyrənə-iyrənə bu yazını çox könülsüz-həvəssiz yazıram.

Lakin, hətta bütün bu bəlli olan və bəlli olmayan nəsnələrlə bahəm, yenə də hər necə olsa… Aydın Səlimzadə unudulmağa əsla layiq deyil! Üstəlik də, axı o heç nə ummurdu – nə şöhrət, nə pul, nə vəzifə… heç nə ummurdu və heç nəsiz də bu dünyadan köçüb getdi. Bu gün də heç kəsdən heç nə ummur, heç nə istəmir. İsmayıllıda, yaşıl bir təpənin döşündə sakitcə uzanıb yatıb… Ən azından elə buna görə onu unutmaq heç birimizə başucalığı gətirməz!

P.S. …Bir dəfə İqtisadiyyat İnstitutunun bir cüt alimi yazılarını çap etmədiyim üçün məndən Aydına şikayət etmişdi. Aydın məsələni araşdı­randa yazılardan birini gətirib ona göstərdim: elmlər namizədi olan şikayətçi alim redaksiyaya göndərdiyi və çapını tələb etdiyi yazıda «klub» sözünü üç yerdə «qulub» kimi yazmışdı.

Özü də hərif tək deyildi – qovluq belə yazılarla ağzınacan dolu idi.

Bir sözlə, xalis dəhşət!

Adicə cümlə yazmağa savadı, səriştəsi olmayan kimyaçı, tarixçi, fizik, torpaq­şünas, hətta dilçi alimlərin yazıları… ali təhsil almış, aspirantura bitirmiş, namizədlik, doktor­luq dis­ser­ta­siyası müdafiə etmiş bisavad sürüsü!

Və fürsət düşmüşkən, Aydına təklif etdim ki, bu zır savadsız zırramaların yazıları üçün xüsusi rubrika açaq: «Nöqtəsinə-vergülünə toxunmadan».

İndi adına «milli» ayaması qoşduğumuz o vaxtkı «milsiz» Akademiyamızın bir siması da bax həmin qovluqda cəmlənmişdi və gözünə döndüyüm Aydın Səlimzadə o qov­luğu şəstlə qoltuğuna vurub mənim təklif etdiyim rubrika ilə bərabər harasa «məsləhətə» apardı.

Həngamə də onda başladı: yuxarıda aləm bir-birinə dəydi – əvvəl gözlərinə inanmayıb əsmişdilər, coşmuşdular, axırda fakt qarşı­sın­da naəlac qalıb sakitləşmişdilər. Qərar isə belə olmuşdu: «bir daş altda, bir daş üstdə».

Onda Aydın orada çox əlləşib-vuruşmuş, lakin axırda oradan kor-peşman və əliboş qayıtmışdı:

Kor-peşman – çünki bizi (yəni qəzetdə belə bir rubrika açmağı) təkcə Ziya Bün­yadov dəstəkləmişdi, amma nə illah eləsə də, hətta onun sözü də keçməmişdi;

Əliboş – çünki qovluğu Aydına qaytar­ma­mış­dılar; düşünmüşdülər ki, birdən sözə baxmayıb, tərsliyimizə salıb o yazıları dərc edərik…

O rüsvayçı qovluğu harda gizlətdilər, hara itirdilər – bilmədim. Və biz o bir sürü Gülümsərovun yazı­sını nöqtəsinə-vergülünə toxunmadan olduğu kimi dərc edə bilmədik…

Az sonra mən «Elm»dən getdim, mən­dən şikayətçi olan o bir cüt elmlər namizədinə Aydının nə cavab verdiyini də bilmədim.

Amma onu bilirəm ki, Akademiyanın bugünkü mənzə­rəsi daha betər, daha rüsvayçı olmalıdır, ən azı ona görə ki, o vaxt paxırları ört-basdır edilən o bir cüt elmlər namizədi artıq elmlər doktoru, üstəlik professordurlar və çox güman ki, Aydını heç xatırlamırlar da. Çünki Aydın vur-tut elmlər namizədi idi; namizəd olaraq da qaldı, elmlər doktoru və professor olmadı.

…Onlar isə oldular. Olublar. Olacaqlar…

Yazı cüzi ixtisarla «Azadlıq» qəzetinin 21 oktyabr 2009-cu il sayında dərc edilib.

Daxili İşlər Nazirliyinin sözçüsü pensiyaya çıxdı

  • 10 İyul 2023
  • comments

Rektor postdan getdi

  • 10 İyul 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Elm
  • Ədəbiyyat
  • Hüquq
  • Media
  • Nəsr
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda