Belə ucalasan ucalanda da…
- 08 İyun 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Ələsgər Talıboğlu
Şair-publisist, Məmməd Araz
mükafatı laureatı
Azərbaycan ədəbiyyatının inkişaf yolu, təşəkkül tarixi uğurlarla dolu olsa da, son dərəcə keşməkeşli olub. Ədəbiyyatımızın yüksələn bir xətt üzrə dinamik inkişafında ayrı-ayrı bölgələrdə yaranan ədəbi məktəblərin rolu, əhəmiyyəti danılmazdır. Gəncə, Şamaxı, Naxçıvan, Təbriz, Göyçə, Qarabağ ədəbi məktəbləri kimi, Qazax ədəbi məktəbinin Azərbaycan ədəbiyyatının dolğunlaşmasında müstəsna yeri var.
Molla Pənah Vaqif və Molla Vəli Vidadi kimi əvəzsiz ustad, ölməz sənətkarların misilsiz zəngin yaradıcılığı sayəsində XVIII əsrdə yaranan Qazax ədəbi məktəbinin ana dili şeirimizin formalaşmasında sonsuz xidməti olub. Elə Vaqif də, Vidadi də gücünü şifahi xalq ədəbiyyatından, xüsusən aşıq ədəbiyyatımızdan, aşıq şeirimizdən almaqla şeirlərinin dilini ərəb və fars mənşəli sözlərdən xeyli təmizləyiblər. Bununla da ana dili şeirimizin təməl daşlarının üzərinə yeni-yeni möhtəşəm daşlar qoymaqla ana dilimizi zənginləşdirib, poeziyamızın canlı xalq dilinin sütunları üzərində ucalmasına meydan veriblər. Kazım ağa Salik, Şikəstə Şərif, Mehdixan Vəkil (xalq şairi Səməd Vurğunun ulu babası) kimi sənətkarlar isə bu ədəbi məktəbin ağır yükünü şərəflə daşıyaraq özlərindən sonrakı nəsillərə ötürüblər. XX əsrin birinci yarısında isə bu ədəbi məktəbin yetirmələri olan Səməd Vurğun və Osman Sarıvəlli kimi söz sərrafları söz meydanında at çapıblar. Və çapılan bu atların nallarının şaqraq ahəngindən də yeni-yeni söz adamları, şairlər ilhamının qanadlarında sənət meydanına atılıblar.
Belə şairlərdən biri də Qurban Musayev (1926-1977) olub. O, Vaqif, Vidadi, Vurğun ənənələrinə dərindən yiyələnərək Qazax ədəbi məktəbinin layiqli davamçılarından olub.
Ağ günlərin, xoş-xoş növrağın ola,
Əməyin, zəhmətin bayrağın ola…
Xalqı görən gözün çırağın ola!
Belə ucalasan ucalanda da!..
İstedadlı müəllim, bacarıqlı pedaqoq, gözəl el ağsaqqalı kimi eldə-obada , mahalda tanınan və sevilən Qurban müəllim, bütün bu sadaladığım titullarla yanaşı, bir söz adamı, söz sərrafı kimi də el arasında ülvi bir sevgiylə ürəkləri fəth edə bilmişdi. Qəlbi tez-tez bir köçəri quşa dönən şair ilhamının qanadlarında uçmağı bacaran bir sənətkar olub.
Bax belə sinədə ürək qoşadır,
Belə ürək sevənləri yaşadır.
O ürək ki, yanmaq ona peşədir,
O ürəkdə alov olur, köz olur.
Qurban Musayevin sağlığında üç kitabı çap olunub: “Mən ocaq yeriyəm” (1991), “Mən qoca palıdam” (1993) və “Mən belə Qurbanam” (1997). Bu kitabların hər biri kitabsevərlərin – söz aşiqlərinin stolüstü kitabı olub və oxucuların dərin sevgisini qazanıb. Çox təəssüflər olsun ki, “Mən belə Qurbanam” kitabı sağlığında çapa getsə də, şair bu kitabının üzünü görə bilməyib. Qurban müəllimin dördüncü “Haqqın Qurbanı” kitabı isə ölümündən yeddi il sonra doğmalarının vasitəçiliyi, gözəl şairimiz Yusif Nəğməkarın redaktorluğu ilə 2014-cü ildə çap olunub. İstər sağlığında, istərsə də ölümündən sonra çap olunan kitablardakı şeirləri – sənət nümunələrini oxuduqca, şairin söz dəryasına bir qəvvaş kimi baş vurduqca onun bulaq kimi çağlar ilhamının axarından çıxa bilmirsən və şairin ruhunun önündə istər-istəməz diz çöküb baş əyməli olursan.
Zöhhak at oynatdı, qılınc da çaldı,
Ordular dağıtdı, ölkələr aldı.
Nuhdan, Süleymandan say, nələr qaldı,
Qoca Rüstəm-Zalı yıxan dünyadı.
Ustad dünya haqqında az desə də, saz deyir, mükəmməl deyir. Bu isə hər bir oxucunu və hər bir söz adamını sevindirməyə bilməz.
Qurban Musayevin hansı şeirinə nəzər yetirirsən yetir, arada onun özünü, “mənini” və hər şeydən öncə isə şairin iç dünyasının poetik mənzərəsini-tablosunu görürsən. Bu da məncə şairin ən böyük uğurlarından biridir.
Qurban, dərd çoxalıb, can qorlanmamış,
Dizlər yerə gəlib, göz torlanmamış.
Düşmən sevinməmiş, dost korlanmamış,
Gəlibsən kişitək, get kişi kimi!
Ustadı, ilham mənbəyi olan xalq şairi Səməd Vurğun kimi vurğunluqla, sonsuz heyrətlə yaşadığı dövrü, zamanı, bütövlükdə dünyanı saf-çürük edən, xəlbirdən keçirib, ələkdən ələyən şair hər sözü ilə könüllər arasında ülfət körpüsü atmağı bacaran şair olub.
Qurban, lap qızıldan taxtın olsa da,
Daşdan keçən sözün, baxtın olsa da.
Ağ günün, bəxtəvər vaxtın olsa da,
Son payın beş metrə ağ olacaqdı.
Qurban müəllimin şeirlərini mövzu baxımından analiz etdikdə görürsən ki, o, şeirlərinin mövzusunu nə dağdan-arandan, nə də ərşdən-fərşdən götürür, özünün hər gün gördüyü və canlı şahidi olduğu, özünün də iştirakçısı olduğu həyat həqiqətlərindən götürür, öz yaradıcılıq üslubu, yaradıcılıq dəst-xətti ilə ürəkləri oxşaya-oxşaya poetik bir dillə təsvir edir, hər kəsin sevə biləcəyi poetik don geydirir. Bunu isə ancaq alqışlamaq olar.
Lap doğrusu, əzəl başdan,
Doymadım bir çatmaqaşdan.
Erkək atdan, qumral qoçdan,
Halal vardan xoşum gəlir.
Dözümlüyəm oda misdən,
Cismim ləkə almaz hissdən.
Eldən ağır hər məclisdən
Toy-mağardan xoşum gəlir.
Qurban Musayevin folklorumuzdan, aşıq şeirimizdən və klassik poeziyamızdan gücünü alan “palıd pöhrəsindən suyunu içən” poeziyasından danışmaqdan, şeirlərinin, qanadlı misralarının şəhdinə bələnməkdən, şəhdi-şirəsini içməkdən doymaq olmur.
Özü güldən gözəl bu bəxtəvərə,
Bir baxın, əlində gül də gəzdirir.
Qaşları, gözləri nələr danışır,
Ərinmir ağzında dil də gəzdirir.
və yaxud:
Yasa da get, qonaq da ol,
Yol üstündə bulaq da ol.
Yıxılana dayaq da ol,
Budur gözəl peşə, oğul.
Şair fikirlərini, poetik düşüncələrini o qədər sadə, o qədər şirin bir dillə ifadə edir ki, buradan da saz-söz, könül-sənət dünyasında onun hansə zirvəyə qalxmasının, hansı zirvəni fəth etməsinin canlı şahidi olursan.
Səhər çağı maral çıxıb
Süzdü dağı gülə-gülə.
Bulandırdı nahaq yerə
Buz bulağı gülə-gülə.
və ya:
Eşitdik qız köçürmüsən,
Çox mübarək, ay xaloğlu!
Döşənsin o gedən yola
Məxmər, ipək, ay xaloğlu!
Bu cür şeirləri oxuduqca heyrətlənməyə, qibtə etməyə bilmirsən. Adama elə gəlir ki, Qurban müəllim şeir yazmayıb, sıradan bir həmsöhbəti ilə könül duyğularını bölüşüb.
Ay əli tutanlar, bilin, dünyadan,
Neçə şirin-şirin canlar gedibdi.
Qılınc çəkən, at aynadan, baş kəsən,
Paşalar, sultanlar, xanlar gedibdi.
Şair heç də şeir yazmaq xatirinə şeir yazmayıb, o sözü ilə könüllər arasında ülfət körpüsü yarada bilib. Onun sözə verdiyi dəyər, sənət haqqındakı poetik fikirləri olduqca gözəl və mükəmməldir.
Gözəl, gözdən gizlənmə heç,
Bil, gəzirsən göz içində.
Dinməsən də sənə, çatan
Sözü anla söz içində.
Fikir vermə gərib səsə,
Qulaq asma can da desə.
Göz ol səni sevən kəsə,
Gəz izini iz içində.
Sözlə ürəklərdə meydan sulamağı, at oynatmağı, ocaq çatmağı bacaran, könül süfrələrinin başında özünə uca taxt quran şair Qurban Musayev “Məni düz anlayan yoxdu hələ, Mən torpaq, el dərdi çəkən Qurbanam” – deməkdə nə qədər də haqlı idi. “Gələn getdi sinəm üstdən, Bir sahibsiz düzə döndüm”, “Atım-atım olub sinəm, At səyirdir gözümdə qəm” kimi misraları ilə yağı düşmənin işğal etdiyi Vətən torpaqlarının ağrısını necə poetik bir formada, dolğun şəkildə ifadəsinin acı tablosunu-mənzərəsini görürük.
Bağlandı İstisu, getdi o Turşsu,
Daha Şuşam, Cıdır düzüm də yoxdu.
Əsir düşdü neçə gəlinim, qızım,
Lalam, bircə kəlmə sözüm də yoxdu.
Şairin həsrət, nisgil dolu bu cür şeirlərini oxuduqdan sonra, özündən asılı olmadan hayqırmaq istəyirsən: şair, o torpaqdakı əbədi beşiyində rahat uyuya bilərsən, əldən verdiyimiz torpaqlarımızın hamısı rəşadətli ordumuzun və mərd oğullarımızın ölməzliyi sayəsində artıq bir-bir geri qaytarılır. Vaxtı ilə necə də gözəl demisiniz:
Vətən üçün can qoyanlar,
Canınıza qurban olum!
…Cəsur, igid adınıza,
Sanınıza qurban olum!
Qurban müəllimin yazdığı istər sabiranə satirik şeirləri, istər təbiəti tərənnüm edən şeirləri, istərsə də ənənəvi şeirləri insanların estetik zövqünün inkişafına və idrakının kamilləşməsinə xidmət edir. Vətəninə, xalqına, elinə, obasına etdiyi əvəzsiz xidmətini əlahəzrət sözünün köməkliyi ilə belə ifadə etmiş olur.
Qurban şəndi hər çağında,
Aranında, yaylağında.
Öləndə də qucağında,
Qalasıyam bu torpağın.
Və sonda belə bir qənaətə gəlirik: Qurban Musayevin sözdən ucaltdığı Qurban qalası, Qurban zirvəsi yaşamaq haqqı qazanmış qalalardan, zirvələrdəndir. Nə xoş ki, ucalanda da belə ucalasan, haqqın Qurbanı kimi… sözdən asıla-asıla, ürəklərə səpdiyin hənirtidən, qordan, közdən asıla-asıla…
8-12 may, 2023-cü il