Keçəl dağ
- 19 May 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Hər sahənin özünəməxsus incəlikləri var. Bunu deməkdə məqsədim ondan ibarətdir ki, hər kəs gərək bildiyi sənətin qulpundan tutsun. İnsan hərdəmxəyal olmamalıdır, öz sənətinə hörmət etməlidir, onun qədrini bilməlidir. İnsan bu dediklərimə əməl edərsə, gördüyü işin bəhrəsini də görər.
Mən belə düşünürəm ki, yaşadığımız bu fani dünyada mütaliəsiz, yazısız gün keçirmək cansıxıcı olar. Hər hansı bir maraqlı mövzunu qələmə alsan, bir gün gələr onun bəhrəsini görərsən. Atalarımız demişkən, nə əkərsən, onu da biçərsən.
Könlümdən çox mövzu keçir. Çalışıram yazacağım mövzu oxucusunu axtarmasın, oxucu özü onu axtarıb tapsın. Bu bir həqiqətdir ki, insan nitqinin məhsulu olan söz şifahi formadan sonra yazıya çevrilir. İnsan oğlu bu dünyada yaşamaqdan, sevməkdən doymayan əvəzolunmaz bir varlıqdır.
Yunan filosofu Epikür yazır ki, ölüm müsibətlərin ən dəhşətlisidir. Lakin onun bizə az dəxli var. Çünki biz varkən, o yoxdur. O gəldikdə artıq biz olmuruq. Bunu dərindən bilən insan bütün çətinliklərə sinə gərir və yaşamağın dadını çıxarır.
Mən həmişə çalışmışam ki, reallıqdan uzaqlaşmayım. Yaşadığım bu həyatda şahidi olduğum hər bir hadisəni olduğu kimi işıqlandırım. Bütün cəmiyyətlərdə həmişə düşündürən və düşünən ziyalıların, elm adamının sözünə çox ehtiyac var. Düşünəndə görürsən ki, şəxsiyyət kimi formalaşmayan bir adam ziyalı da ola bilmir. Ziyalının gücü onun dünyagörüşündə, elmində, iradə və əqidəsindədir.
Həmişə olduğu kimi yenə yatağıma yatmağı qərara aldım. Sözün doğrusu, bir az çox işləyəndə yuxum gəlir, bəzən özüm də bilmədən çox şirin yuxuya dalıram. Növbəti bir iş günümdə yenə də yuxuya dalmışam. Gecə də bir az narahat yatmışdım. Gördüyum yuxular demək olar ki, hafizəmdən silinmişdi. Yataqda o tərəf-bu tərəfə yuvarlanır, yuxunu yadıma salmağa çalışırdım. Mənim bu vəziyyətimi görən uşaqların anası soruşdu:
– Rüfət, sən nədən narahatsan? Əgər dərman lazımdırsa gedim gətirim.
– Dərmana ehtiyacım yoxdur, dəhşətli yuxular görmüşəm, birini də yadıma sala bilmirəm.
Uşaqların anası gülümsəyərək:
– Burada qorxulu bir şey yoxdur, çillələrdə adam qarışıq yuxular görür. Yaxşısı budur, get gördüyün yuxuları suya danış. “Allahım, gördüyüm yuxuları xeyirə çevir, məni bu intizardan qurtar” de.
Xanımın dediklərinə əməl etdim. Bu prosesdən sonra bir qədər özümü rahat hiss etdim. Nə yalan deyim, bir az sakitləşsəm də yenə o təhlükəli anlar məni rahat buraxmırdı. Özümü ələ almağa çalışsam da bacarmırdım. Ürəyim payız pencəri kimi sıxılmış yumağa dönmüşdü.
Böyük qardaşım İzzət müəllimə zəng etdim. Həmişə olduğu kimi məni çox böyük hörmət nümayiş etdirə-etdirə qarşıladı. Hal-əhval tutduq. Keyfi son dərəcə yüksək idi. Yuxu barədə söz açdım, gülümsündü:
– Mən saatlarla gözlərimi yumub kəndimizə, yaylaqlarımıza səyahət edirəm. Adama elə gəlir ki, oralardan dünən ayrılmısan. Çillələrdə görülən yuxulara fikir vermə.
İzzət müəllim təbiət vurğunudur. Elimizin-obamızın sayılan-seçilən ağsaqqallarından biridir. Onun işlətdiyi müdrik kəlamlar insanın mənalı həyat sürməsinə qol-qanad verir.
İzzət müəllimin xəyala dalaraq yaylaqlarımızı xatırlamaq fikri məni düşünməyə vadar etmişdi. Bu mövzu İzzət müəllimin mənalı həyatında əbədi olaraq kök salmış və bu gün də o, keçmiş günləri qəlbində yaşatmaqdadır.
Bizim yaylaq yerimiz Keçəl dağ adlanırdı. Ad təsadüfi deyil. Comalar qurulan yerdən üç yüz metr aşağıya tərəf sıx meşə zolağı başlayırdı. Ağsaqqallarımız buna görə də bu yaylağa Keçəl dağ adını veriblər. Yaylaq həyatını yaşamaq mənim də könlümdən keçirdi. Mən də elimizi-obamızı, möhtəşəmliyi ilə seçilən dağlarımızı, addımbaşı bulaqlarımızı, çiyələk topladığımız günləri xatırlamağa başladım.
Gədəbəyin füsunkar təbiəti, bulaqları, mineral suları, sıx meşələri, göz oxşayan dağları, insanı tilsimləyən yaylaqları hər zaman öz təravətini qoruyub saxlayır. Yaylaq mövsümü başlayanda insanlarda sevinc-sevincə qovuşur. Kənd camaatı yavaş-yavaş hazırlığa başlayır.
Kənddə hamı çalışardı ki, vaxtında tədarük görüb heyvanlarını yaylağa çıxarsın. Bizim yaylaqlar əvəzolunmaz gözəlli, zirvələrinin təkrarolunmazlığı, sıx meşələri, göz oxşayan otlaqları ilə ilk baxışdan insanı özünə cəlb edir. Amma bizim dağ yolumuz heç də ürəkaçan deyil. Yolumuz dağın ətəyindən başlayır. Dağ yolu çətin olsa da özünəməxsus gözəlliyi var. Bu gözəlliyi görmək üçün o yolu yorulmadan, səbirlə çıxmalısan. Yol boyu saysız-hesabsız bulaqlar, bulaqların ətrafını bürümüş tər bənövşə ətri… Bulaqların kənarındakı yarpızları dərib onun bihuşedici ətrini sinənizə çəkərkən insanın könlündən dovğa keçir. Bizim tərəflərdə dovğaya mütləq yarpız əlavə olunmalıdır.
Bütün bunları xəyalımdan keçirə-keçirə bir baxırsan ki, vaxt öz işini görür. Vaxt itirmədən öküzləri boyunduruğa bağlayıb yolumuza davam edirik. İstəsən də, istəməsən də can atırsan ki, mənzil başına tez çatasan.
Köç yolunda baş verən əhvalatlar insan ömründə yeni-yeni çoxmənalı səhifələr açır. Bəlkə də bizi yaşadan o xatirələrin bir hissəsidir. Mənə ən çox ləzzət verən axşama doğru comanın qarşısında, ocağın başında oturub Allahın insanlara bəxş etdiyi gözəlliyi seyr etməkdir. Çobanların qoyun itlərinin səs-səsə verməsini, kiminsə gəlməyən heyvanınını axtararkən çıxardığı kövrək səsi unutmaq çox çətindir.
Bütün bunları xəyalımdan keçirərkən iştirakçısı olduğum bir hadisəni xatırladım. Axşam vaxtı anam rəhmətlik nehrə qurmuşdu. O, nehrəni yavaş-yavaş çalxalayarkən mən də Talıb əmimlə ocağın kənarında oturub söhbət edirdik. Ay doğmuşdu, hər tərəf gözlə görüləcək qədər işıqlı idi. İnəyimizin çox gözəl bir düyəsi vardı. Biz onu ələ öyrətmişdik. Harda otursaq gəlib yanımızda yerə yatırdı. Anam nehrə çalxalayarkən məni su gətirməyə göndərdi. Mən suyu gətirəndə barmağımın ucunda bir az da süzmə qatıq gətirmişdim. Fürsətdən istifadə edib düyənin alnına qatıq çəkdim. Düyə görünüşünü dəyişmişdi. Bunu elə bir ustalıqla etmişdim ki, məsələni açmasam heç kəsin xəbəri olmayacaqdı.
Talıb əmim qəlyan çəkirdi. Az qalırdı gülmək məni tutsun, özümü zorla saxlayırdım. Talıb əmim nəsə hiss etmişdi. Mənə dönərək:
– Oğlum, sən nədənsə narahatsan, – dedi.
– Yox, – dedim, – nədən narahat olacam?
Nəhayət dözmədim:
– Talıb əmi, görəsən bu düyə kimindir?
Talıb əmi vaxt itirmədən çomağını götürüb var gücü ilə düyənin belinə vurdu. Allahın yazıq, dilsiz heyvanı çomağın zərbəsindən dik atılıb oradan uzaqlaşdı. Sözün doğrusu, gördüyüm işdən çox peşman olmuşdum. Anam rəhmətliyin başı nehrəyə qarışmışdı. Talıb əmim anama tərəf dönərək:
– Ay Tavat bacı, sənin bu dəcəl oğlun məni günaha batırdı. Məni bağışla, düyənizi çomaqla vurdum.
– Talıb qardaş, zarafatmı edirsən?
– Nə zarafat, ay bacı, düyə də qaçıb getdi. Başqasının düyəsi hesab etdim. Ağıllı oğlun düyənin qaşqasına qatıqdan işarə qoymuşdu. Sizin düyə də təpəl düyədən seçilmirdi.
Mən bu vəziyyəti görüb gizlənmək qərarına gəldim. Fikirləşmədən oradan uzaqlaşdım. Məqsədim gecəni əmim oğlu Cavanşirlə keçirmək idi. Həvva bibim məni həyəcanlı görüb:
– İçəri gəl oğlum, dedi. – De görüm nə baş verib.
Etdiyim hərəkətləri olduğu kimi danışdım. Həvva bibimi gülmək tutdu.
– İçəri keç gizlən, Tavat bacım səni görsə döyüləcəksən.
Bu sözdən sonra bərk qoruxmağa başladım. Comaya girib Cavanşirin yatağına girdim. Bir az keçmişdi ki, anamın səsini eşitdim.
– Ay Həvva bacı, bizim oğlan sizə gəlməyib ki?
– Yox, Tavat bacı. Bəlkə Cavanşirlə su gətirməyə gedib.
Anam əsəbi halda geri qayıtdı.
– Yaxşı, əlimə keçərsən!
Bir azdan Cavanşir də gəldi. Həvva bibim bizi yedizdirib anamın yanına getdi.
– Siz rahat yatın, dəcəllik etməyin, mən də bacımın yanına gedim, onu sakitləşdirim, – dedi.
O gecə Həvva bibim anamla qalmışdı!..
İndi o günləri xatırlayarkən gözlərimin yaşına hakim ola bilmirəm. Bu şirin xəyalların bəhrəsi təskinlikdir.
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim