Parlamentin 4 aprel iclasında Miqrasiya Məcəlləsinə dəyişikliklər son oxunuşda qəbul edilib. Novator.az bildirir ki, yeniliyə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hallarda da Azərbaycanda müvəqqəti yaşamaq icazəsi verilir və ya icazə müddəti uzadılır: ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500 min manat olduqda; nominal dəyəri azı 100 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda.
Başqa bir dəyişikliyə əsasən, son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan ərazisində rəsmən müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bir neçə halda, o cümlədən bu hallarda Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə verilir: atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olduqda; ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500 min manat olduqda; Azərbaycan ərazisində azı 200 min manat dəyərində daşınmaz əmlakı olduqda; Azərbaycanda fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200 min manat məbləğində pul vəsaiti olduqda; nominal dəyəri azı 200 min manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda; iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; Azərbaycan ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda; xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; Azərbaycanda təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanının təsdiqlədiyi miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda; Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.