Prezident İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının Xəzər dənizinə rəmzi yola salınması mərasimində iştirak edib. AZƏRTAC bildirir ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” üzrə hasilatın pay bölgüsü sazişinin uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barrelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barrelədək neft hasil olunması proqnozlaşdırılır.
Layihə çərçivəsində “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq, yeni sualtı boru kəmərləri çəkiləcək, həmin xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.
Laya vurulan suları “Mərkəzi Azəri” kompressor və suvurma platformasından “Azəri-Mərkəzi-Şərqi” qurğularına nəql etmək məqsədilə “Azəri-Mərkəzi-Şərqi” və “Şərqi Azəri” platformaları arasında suvurma boru xətti də olacaq.
Arayışa görə, “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir.
Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi “qaldırma və sürüşdürmə” əməliyyatı olub: iki nəhəng qazma modulu “Azəri-Mərkəzi-Şərqi” platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib.
Platforma Səngəçal terminalından idarə ediləcək.
1994-cü il sentyabrın 20-də Azərbaycanın iri karbohidrogen şirkətləri ilə 30 il müddətinə imzaladığı, “Əsrin müqaviləsi” kimi tanınan sənəd əsasında Azəri, Çıraq, Günəşli yataqlarından neft və qaz hasil olunur. 2017-ci il sentyabrın 14-də imzalanan yeni sazişlə hasilat müddəti 2050-ci ilə qədər uzadılıb.