Natiq Cəfərli
Azərbaycanda kölgə iqtisadiyyatı və korrupsiya gəlir bölgüsündə özünəməxsus rol oynayır. İdarəetmə modeli ədalətli və şəffaf olmadığına, iqtisadiyyat isə primitiv olduğuna görə gəlirlərin bölüşdürülməsi daha çox büdcə korrupsiyası üzərinə inşa edilib.
Bir misal: ailənin 3 övladı var – 18, 16 və 14 yaşında. Ata böyük oğluna 10 manat verir ki, maşını yusun. Böyük övlad 5 manat verib bu işi ortancıla yükləyir. Ortancıl da sonbeşiyə 1 manatlıq dondurma alıb maşını ona yudurdur.
Ölkənin büdcə xərcləmələrinə söykənən inkişaf modeli (büdcə də neft-qaza söykənib, iki borudan asılıdır) bu hekayətə çox bənzəyir – iri məmurlar orta məmurlara, onlar da işçilərə “maşın yuduzdurur”.
İndiki primitiv idarəetmədə və iqtisadi modeldə korrupsiya pulları sosial problemlərin həllində də qanuni yolları əvəzləyib. Məsələn, məmur aya büdcədən, tutalım, 100 min manat çırpışdırır. Bu pulla məmur kölgə iqtisadiyyatında azı 8-10 iş yeri də yaradır: evində qulluqçular, bağında mühafizəçi və bağban saxlayır, uşaqlarına repetitor, sürücü tutur – hamısı o büdcə pulu ilə dolanırlar. Hələ leqal iqtisadiyyat oyunçularında da dolandırdıqları da var: məmurun həyat yoldaşı ayda iki-üç dəfə gözəllik salonuna, özü ayda beş-altı dəfə restorana gedir – obyektlər qazanıb vergi verirlər. Ailə ildə dörd-beş dəfə Azərbaycanın bahalı hotellərinə gedir, pul xərcləyir – hotellər o pulun bir hissəsini vergi şəklində büdcəyə ödəyirlər. Məmur ailəsinin ildə iki-üç dəfə xaricə səfər edib bilet alması, “Azərbaycan Hava Yolları”nın qazanıb vergi ödəməsi də var. Oğurlanmış 100 min manat görün nə qədər iqtisadi aktivlik yaradır. İndiki primitiv və qeyri-şəffaf modelin özü bunu təşviq edir.
Hələ siz rəisləri, hakimləri, prokurorları da sayın – onlar da sırf rüşvətdən yığdıqları ilə iqtisadiyyatda iş yeri yaradıb dövriyyəni təmin edirlər.
Yerdə qalır maaş, pensiya, müavinət və təqaüdlər, onlar da büdcədən ödənib vətəndaşlar vasitəsilə marketlərə, apteklərə gedir, o iqtisadi subyektlər də vergi ödəyib bir hissəsini büdcəyə qaytarırlar.
Bax belə bəsit, korrupsiya və rüşvətdən, büdcə xərcləmələrindən asılı iqtisadi model qurub, neftə ümid edib yaşayırıq, gəlir bölgüsü də bu primitiv modelə uyğun baş verir…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları
Avtoritarların ən zəif nöqtəsi