Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
İşğaldan azad əraziləri ölkə iqtisadiyyatına qazandırmaq, sosial problemləri həll etmək, əhalinin yaşam məkanını genişləndirmək üçün unikal şans yaranıb. Həmin bölgələrdə yaxın 10-15 ildə 1 milyondan çox vətəndaşımızın yaşaması üçün şərait yaradılması həm də ölkənin təhlükəsizliyi üçün vacibdir. Əhalinin köçməsi və yaşaması üçün isə təhlükəsizlik problemlərinin həlli, infrastrukturun qurulması ilə yanaşı iqtisadi fürsətlərin yaranması da vacib amildir. Bu gün bütün iqtisadi fürsətlər, sosial infrastruktur Bakıda və Abşeron yarımadasında cəmləndiyindən paytaxt yaşanmaz hala gəlib.
Hökumətin indiki yanaşması ilə işğaldan azad edilmiş torpaqların iqtisadi və sosial inteqrasiyası mümkünsüzdür. 2021-2022-ci illərdə həmin bölgələrə büdcədən 5,2 milyard manat ayrılıb, 2023-cü ildə də 3 milyard manat ayrılacaq. Gələn ili də saysaq, artıq 8,2 milyard manat ayrılıb, amma o bölgələrə heç 800 nəfər də köçməyib. Deməli, tək büdcə hesabına həmin torpaqların bərpası və insanların ora köçməsi mümkün deyil, iqtisadi fürsətlərin yaradılması, cəlbediciliyin artması üçün qeyri-standart qərarların alınması vacibdir.
…Gürcüstanda mərc oyunları və kazinolar 2000-ci illərin əvvəlindən qanuniləşib. Son məlumatlara görə, 2020-2021-ci illərdə Gürcüstanda mərc oyunları və kazinoların dövriyyəsi 32 milyard ları (təqribən 10 milyard dollar) olub (hələ pandemiya illəri olduğunu nəzərə alaq), bu sahədə 10 min Gürcüstan vətəndaşı daimi və yüksək maaşlı işlə təmin edilib, büdcəyə sırf birbaşa (dolayı daxilolmalar da var, məsələn, maaşlardan, bu sahəyə qulluq edən digər sahələrdən) vergi kimi 175 milyon dollara yaxın vəsait gəlib.
İndi Ermənistan paytaxtında da kazinoların açılmasına icazə verilməsi ilə bağlı qanun layihəsi gündəmə gəlib.
Azərbaycanda işğaldan azad edilən şəhərlərə köçü stimullaşdırmaq, orada iqtisadi fürsətlərin artmasına nail olmaq və özəl kapitalı, investorları cəlb etmək üçün qeyri-standart qərarlara ehtiyac var. İşğaldan azad edilən şəhərlərin birini Cənubi Qafqazın “Las-Veqasına”, başqa birini isə bölgənin “Disneyland”na çevirmək lazımdır. Füzuli və Zəngilan hava limanları bu işdə çox önəmli rol oynaya bilər, həmin aeroportları məntiqlə, ağılla idarə etsək, ora yığcam büdcəli hava şirkətlərini cəlb etsək, ideyanın həyata keçirilməsinə çox kömək olar. İki ayrıca əyləncə şəhərinin yaranması ora əhalinin könüllü köçməsinə də şərait yaradacaq. İranın, Türkiyənın, gələcəkdə isə Ermənistanın həmin şəhərlərə yerüstü nəqliyyatla cəmi bir neçə saatlıq məsafədə yerləşməsi həmin ölkələrdən milyonlarla turist axınını təmin edə bilər, bu da yan sahələrin inkişafına təkan verər (turizm özü ilə bərabər 10-11 iqtisadi sahəni inkişaf etdirir).
Hökumət anlamalıdır ki, işğaldan azad edilən bölgələrin məskunlaşdırılması indiki mənasız yanaşma, reklam üçün tikilən “ağıllı kəndlərlə” və tək büdcə hesabına mümkün olmayacaq. Özəl, əsas da xarici kapitalı ora cəlb etmək üçün isə mütləq idarəetmə və məhkəmə islahatları da vacibdir.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları