“Pəncərədən baxasan o qarışıq şəhərə…” (Şeirlər)
- 25 Noyabr 2022
- comments
- Novator.az
- Posted in ManşetTribuna
Şair, publisist, alim, pedaqoq Ağa Laçınlının vəfatından 15 il ötür.
Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçının Oğuldərə kəndində doğulub. Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetinin şeir şöbəsində ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunun müdiri vəzifələrində çalışıb. 1970-ci ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində (1991-ci ilədək: Azərbaycan Dövlət Universiteti) dərs deyib, dünya ədəbiyyatı kafedrasının dosenti olub.
Ağa Laçınlı 2007-ci ilin noyabr ayının 25-də vəfat edib. O vaxt doğma kəndi işğal altında olan şair Bakıda torpağa tapşırılıb.
***
İllər dağa dönüb düşdü araya,
Ortada çox umu, çox küsü olub.
Yaxşı ki, axşamlar baxırıq Aya,
Səmalar barışıq güzgüsü olub.
Görəndə gözünə çox baxmamışam,
Elə bilirsən ki, darıxmamışam?..
Axı neyləyim ki, yalqız bir quşam;
Yuxum da bir anın mürgüsü olub.
Yağıma yağısan… gül açsın bağın,
Bəs nədir özümlə bu çarpışmağın?
Vallah, val dəyişib sözdən qaçmağın
Sozalan canımın üzgüsü olub.
Səni tanıyandan girincəm, girinc,
Nə könlüm toxtaqdı, nə qulağım dinc.
Bu necə sevgidi, bu necə sevinc, –
Dərddən oxuyanın türküsü olub.
Sənin bir baxışın daşı mum eylər,
Gülsən, buxarlanar gülünc gileylər.
Halımdan halıdı tutqunca göylər,
Buludlar başımın tüstüsü olub.
Çəkdiyim ağrını çəkməsin heç kim,
Gör neçə üzü var bu keşməkeşin.
Yarıyan eşqimi qoruyan eşqin
Ömrümün qorxusu-hürküsü olub.
1967
***
Titrəmə, ey dizim, titrəmə görək,
Ey dişim, doğrama öz dodağımı.
Ey sinəm, yükümü çəkəsən gərək,
Mən sənə hörmüşəm ağrı dağımı.
Ey ağlım, istərdim bundan az bilim,
Ey duyğum, nəzilmə, desinlər daşsan.
Səni dilim-dilim olasan, dilim,
Başımı yeyərsən belə danışsan.
Ey qəlbim, uğuru lap unutmusan,
İçin qəm oyuğu, mənliyin bəlgə.
Ey əlim, hələ ki, qələm tutmusan,
Başqa yarağa da sarındın bəlkə.
Ey qorxum, qanımdan yenə buxarlan,
Ey dərdim, ləl verməz çox ləliməyin.
Ey tutmam, canımda hələ tumarlan,
Hələ çağına var od püləməyin.
Ey sevgim, bu kinin boz kirini yu,
Ey ömrüm, sürünmə dərdə döyülsən.
Ey arzum, özünü hər yana toxu,
Yad sənə güləcək yaralı ölsən.
Ey ürək, baxma ki ağırdı şələm,
Sınaq meydanında dözüm tap, dözüm!
Dəmirləş, poladlaş, sən ey hövsələm,
Uzan, ey gümanım, gözlə, ey gözüm!
1979
SIXIN BİZİ
Dağ basdıqca belindən
su çavıdı – əlləşdi.
Su birdən süngüləşib,
daşı da deşdi-keçdi.
Su dağa güc göstərib,
qaya devlə güləşdi.
Su çıxıb qaranlıqdan
gümüşü bulaq oldu!
Yerin ağırlığını çiynindən atsın deyə
toxum torpağı dəldi,
baş qaldırdı, dikəldi.
Toxum boylanıb göyə,
kök atdı, budaq oldu!..
Sıxın bizi, bərk sıxın, –
bəlkə biz də dirçələk!
Bəlkə bir başa düşək,
sözləşək,
yola gələk.
Bəlkə bir təpərlənək,
tərpənək,
qurcalanaq.
Bəlkə bir acılanaq,
acıqlanaq,
calanaq!
Biz qapqara qullarıq – aclarıq, yoxsullarıq,
yığıb öz varımızı yağılara yollarıq.
Sıxın bizi, bərk sıxın!
Döyün bizi, bərk döyün!
Yıxın bizi, bərk yıxın!
Yeyin bizi, bərk yeyin!
Bəlkə bir mənliklənək,
qəlbilərə diklənək.
Toplayaq özümüzü,
göstərək gücümüzü!..
1981
PƏNCƏRƏDƏN BAXASAN
Pəncərədən baxasan o qarışıq şəhərə,
Boylanasan arabir avtobusdan, qatardan.
Xəyalını bələyib qızılgülə, şəkərə,
Düşməyəsən maraqdan, düşməyəsən tutardan.
Göz qoyasan göylərdən bic bulvarın toruna,
Anmayasan bardakı barabanlı kefi də.
Görməyəsən göy qoca necə qıyır varına
Bir özünü satmışı hövkələrkən kafedə.
O həyasız küçəylə getməyəsən yanaşı,
Cınqırıqlı qapı da çımxırıqlı gəlindi.
Qaytaranda dəhlizdən səni böyük bir naşı
Biləsən ki, düşmənin bombolomboş əlindi.
Aralıdan süzəsən evlərin ağ büstünü,
Axı duzlu duzaq da uzaqdan ağ görünür.
Bir yoxsulun başından havalanan tüstünü
Yozasan ki, buxardı – dəmkeşlərdən kürünür.
Dalanlardan tez dönüb dayanasan daldada,
Dalamaya qəlbini od küləyin yalmanı.
Hövsələni tovlayıb him-cim ilə aldada
Dükanların bəzəyi, bəzəklərin yalanı.
Ürəyində saf qala olan tanış-bilişin,
Xəyalının şan balı qarışmaya zəhərə.
Nə tamahın düşə heç, nə bir yönün, bir işin, –
Pəncərədən baxasan o qarışıq şəhərə…
28 oktyabr, 1982
YAŞASIN VƏTƏNİN ƏR ÖVLADLARI
Yaşasın Vətənin ər övladları,
Yaşasın yanımlı doğmalarımız.
Yaşasın yaxşının qol-qanadları,
Yaşasın alınmaz namus-arımız.
Yaşasın dözümlə qəm üstələyən,
Yaşasın havanı öncə duyan dost.
Yaşasın yağıya fikir təliyən,
Yaşasın ağılla can qoruyan dost.
Yaşasın qəlbində qədir bilənlər,
Yaşasın döyülüb öldürülənlər.
Yaşasın başına hava gələnlər,
Yaşasın dırnaqla dağı dələnlər.
Arı bəla çəkir bal üsküyündə,
İçməyə nə var ki şirin şirəni.
Gəlin yada salaq daşlar üstündə
Azadlıq toxumu yetişdirəni.
Gəlin alqışlayaq tükənməz tabı,
Dönüklər çox mindi dövrün atına.
Elcanlı dustağı sıxan yatabı
Tapşıraq o Tanrı amanatına.
Min istək mələdi el baxışında,
Kimimiz var axı? Yaxına yadıq.
Yığval boyasının axtarışında
Qaranı verdilər, ağı tapmadıq.
Yaşaya bilmədi yaşayasılar,
Zalıma yem oldu mərdin ömürü.
Qəlbində bol insaf daşıyasılar
Döşündə daşıdı dəmir-dümürü.
Bilsən hamısını huşun dağılar,
Hələ tanımırsan bizim “lordları”.
Qoy yaxşı yağlansın harın yağılar,
Qoy yaxşı kökəlsin qəbir qurdları.
Sizdən danışıram, a dərd verənlər,
Arada yellənən bir veyilsiniz.
A başda oturub baş gəmirənlər,
Yurdun yaraşığı siz deyilsiniz.
Yurdun qəhrəmanı siz olmadınız,
A mənlik qanını keyidən keylər.
Elə quyulanar batmış adınız,
Çatmaz hamınıza bu haylar-küylər.
Hələ dönməmişdir igidin üzü,
Kişilər tutuldu elin dərdinə.
Keçirib ələkdən əyrini-düzü,
Küsünə-küsünə deyirəm yenə:
Yaşasın yaxşının qol-qanadları,
Yaşasın alınmaz namus-arımız.
Yaşasın Vətənin ər övladları,
Yaşasın yanımlı doğmalarımız.
1983
ÖLDÜ VAR, DÖNDÜ YOXDU
Bu ömür Tanrı payı, pis-yaxşı yaşanacaq,
Bu başdan basan ağrı ayaqdan aşınacaq.
Bu sırtıq sıldırımda dırnağım daş yonacaq,
Bu qışdan isti çəkib dondu yox, söndü yoxdu, –
Öldü var, döndü yoxdu.
Götürməz içim-çölüm dar-danlaq kötəyini,
Çağırmaz yanmış dilim and pozmuş itiyini.
Yalamaz yalın əlim yaraqlı ətəyini,
Harda mənlik sınırsa orda göründü yoxdu, –
Öldü var, döndü yoxdu.
Özü daş-qaş əridən dən gəzənə kiş deyir,
Yolu inam çürüdən düz işimə yaş deyir.
Yüz köhləni yürüdən bir yabıdan düş deyir,
Küsüb kürlük bicindən yana küründü yoxdu, –
Öldü var, döndü yoxdu.
O nə uca ulduzdu – minbərinə minəcəm,
O nə dərin dənizdi – anbarına enəcəm.
Düşünmə hər hürəndən mən qorxub-çəkinəcəm,
Göydə ev tikməyincə yeri büründü yoxdu, –
Öldü var, döndü yoxdu.
Bu dala dartanlardan qabağa ötməyincə,
Bu kinli kilidlərin gözündə bitməyincə,
Bu çəpər zincirindən açar düzəltməyincə,
Bu dərdi ütməyincə kefə süründü yoxdu, –
Öldü var, döndü yox.
2000
AZƏRBAYCAN
Sən deyirsən
aran səni darıxdırır dar quyucan, –
Mən deyirəm
səhrada da ucalıqdı Azərbaycan!
Soruşursan
hansı adla cinaslıdı dilək hecan? –
Mən deyirəm
Azərbaycan, Azərbaycan, Azərbaycan!
Sən deyirsən
təklənəndə Göyə baxır könül bacan, –
Mən deyirəm
and yerimdi, qund yerimdi Azərbaycan!
Soruşursan
hansı azlıq çoxluqlardan çoxdu saycan? –
Mən deyirəm
Azərbaycan, Azərbaycan, Azərbaycan!
Sən deyirsən
qurdları var… heç qurtulmur yurdu qucan, –
Mən deyirəm
ağrısıyla dərd sağaldar Azərbaycan!
Soruşursan
hansı yolda candan keçib tökərdin qan? –
Mən deyirəm
qoy güvənsin, qoy çağırsın Azərbaycan!
Sən deyirsən,
çox öyünmə, odda üzür ulu qocan, –
Mən deyirəm
öz külündən diri çıxar Azərbaycan!
Sən deyirsən
üz görmədin göstərdiyin haqqı-saycan, –
Mən deyirəm
sevəninə bir heykəldi Azərbaycan!
2006