Akademik Yusif Məmmədəliyevə (1905-1961) həsr olunan “Yusif zirvəsi” poeması işıq üzü görüb. Əsərin müəllifi Şair Təbibdir.
Poemada alimin şəxsi həyatı və yaşadığı mühit vəhdət şəklində həssaslıqla qələmə alınıb.
Qədim Ordubadın qarlı qış günü
Bir körpə dünyaya açdı gözünü –
ifadəsi ilə şair sanki o körpənin gələcəkdə hansı qarlı-çovğunlu yollardan keçəcəyini xəbər verir.
O körpəni görən gözlər sevindi,
Dərələr, təpələr, düzlər sevindi.
Bərəkətli bağlar xoş gəldin dedi,
Buz bulaqlı dağlar xoş gəldin dedi –
misraları isə qəhrəmanın insana və təbiətə sonsuz məhəbbətini ifadə edir.
Əsərdən görünür ki, Yusif Məmmədəliyev xüsusi istedadını məktəb yaşlarında büruzə verir, bir müddət yaşadığı Təbrizdə də müəllimlər ona valeh olur.
Yusif Məmmədəliyev Ordubadda orta məktəbi bitirib kimyaya böyük sevgi ilə Bakı və Moskvada ali təhsil alır, elm fədaisi – böyük alim olur.
Akademikin Nobel mükafatına namizədliyi irəli sürülsə də, iblislərin qərəzli yanaşması işə mane olur. Fəqət o, getdiyi yolda daim yüksəlir:
Zirvələrə doğru hey yüksəlirlər
Elmi çox dərindən duyan dahilər,
Deyirlər dünyaya az-az gəlirlər
Zamanı arxada qoyan dahilər.
Həyatını xalqa, vətənə, elmə həsr edən dünya şöhrətli alim Yusif Məmmədəliyev bir qış günü əbədiyyətə qovuşur. Lakin müəllifin də haqlı olaraq vurğuladığı kimi:
Yurdunun başını uca eyləyən,
Çiynində el yükü daşıyan ölmür.
Əsil insan kimi sözünü deyən,
Vətən, xalqı üçün yaşayan ölmür.
Fuad Hüseynov