Epik roman aldanışını yaradan miniatürlər
- 31 Oktyabr 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Şərif Ağayarın “Arıların səssizliyi” kitabı haqqında
Niyazi Mehdi
Nəsr və nəzmə gələndə onlarla bağlı mənim başımda öz tarakanlarım var. Düzdür, elə bilik baqajım var ki, vaxtı ilə Çexovun hekayələrindən ləzzət almışam, Borxesi oxuyanda güclü duyğular keçirməsəm də Aristotelin dediyi noetik həzzi, yəni soyuq ağıl həzzini yaşamışam.
Bizimkilərə gələndə, Kamal Abdullanın adi halları dəbərdib ağıllı yozumlara proyeksiya edən hekayələrini bəyəndiyimdən bəzilərinin klassik hekayə tipindən nədə ayrıldığını göstərmişəm: klassik tip dünyadakı olayları danışır, yəni dünyanın özündən ilginc söhbət salır, Kamalınsa hekayələri hekayə matritsasını, yəni qəlibini danışır. Düzdür, bu qəlibin içi boş deyil. Kuterye tapdığı yeni geyim tipini göstrəmək üçün onu manikenə geyindirib vitrinə qoyduğu kimi Kamal da hekayə matritsasına nə gəldi salır və bundan, tutaılm, dəvə yağışı alınır. Bu “Dəvə yağışı” hansı ideyanı göstərir? Allah bilir. İstəyirsən buludu nəyəsə oxşatdığın kimi onu da kefin istəyinə oxşat. Bütün bunları onun üçün deyirəm ki, ədəbiyyatla bağlı başımdakı tarakanlar, güman ki, savadsızlığın törəməsi deyil.
Ədəbi dadbilimim (zövqüm) pis olmasa da boynuma almalıyam ki, hekayə janrına qanım qaynamır. Budur mənim bir tarakanım. Meyvələrlə bağlı bizdə nəsə yenetik (“genetik” yazmaq düz deyil) gözlənti var: iridirsə, dadlıdır. Bu gözlənti seksual tamahlara da keçib. İri döşlərə, yanbızlara, budlara sevgi meyvələrdən gələn “iridirsə, dadlıdır” gözləntisindən doğur (geridə qalmış aqrar toplumlarda çox çörək yemək bir qayda olduğu kimi). Poleolit veneraları, Holland rəngkarı Rubensin qadınları da tarixin çox dönəmlərində, eləcə də Hindistan, Pakistan, Azərbaycan kimi patriarxallıqdan qurtulmamış toplumlarda seksual ideal kimi qalır. Azərbaycan indi-indi dolu əndamların ovsunundan qurtulub nərmə-nazik qızların, qadınların estetikasına açılır. Ötən yüzilin birinci yarısında isə bakılı qadınlar qadın məclislərində “at göbəyim, at, içində nabat” deyərək Rubens əndamları ilə rəqs edirdilər.
Bəlkə də “iridirsə, dadlıdır” vərdişinə görə balaca formatda şeirləri, hekayələri elə də sevmirəm. Bəs iri poemaları nədən sevmirəm? Bunu anlamaq üçün özümdə araşdırma aparmağa həvəssizəm. Bax, bu tarakanlarımla axırıncı kitab sərgisindən Şərif Ağayarın (bəlkə “Şərif Ağ” düzdür, bilmirəm?) həvəssiz-həvəssiz “Arıların səssizliyi” (Bakı, Qanun, 2020) hekayələr toplusunu aldım. Onun haqqında bəzi düşüncələrimi bölüşüm.
Hekayələrin sosial fonu qaçqınlar dünyasıdır (“köçkün” sözü olayın faciəsini vermir, bu üzdən “qaçqın” yazacam). İndi Qarabağ zəfərindən sonra bir az ağrısız deyə bilərik ki, Bakı camaatının onlarla bağlı böyük suçu var, çünki ötən yüzilin sonundan 44 günlük savaşacan hər yerdən qaçqınlarla ilgili qəzəbli, acıqlı sözlər eşitmək olardı. Şərifin bir hekayəsindən də görünür ki, normal yaşayış qurmuş qaçqınlar belə özləri ilə bağlı bu sözü sevmirlər. Mən bilən, Şərif özü də qaçqın həyatını yaşamış gənc olub. Hekayələrindən isə görünən insanların çoxunu Şərif… sevmir. Laçını sevir, ancaq laçınlıları… düz olmaz demək ki, “sevmir”, düz olar demək ki, sadəcə, yurddaş kimi qəbul edir, vəssalam! Özününkülər kimi onlara loyal olmağa kəndisini borclu sayır, vəssalam!
Hər yazar əsər yazanda yazdığını başqalarından ayıran nəsə tapanda, onu tutub gedəndə narsistik çalarda qürura tutulur. Bu duyğu yaradıcılıq sürəcində itələyici motor işini görür. Mənə elə gəlir ki, Şərifin bu kitabında müəllif qüruru qaçqın qonum-qonşularına, tanış-bilişlərinə duyğusal ilgisini necə qurmasından qaynaqlanır. Nə heyranlıq, nə acımaq, nə qəzəb. Bir az Niççesayaq soyuqluq. Bir dəfə mən “mız-miz” şəkilçilərinə qarşı yazı yazıb “Azərbaycanımız”, “Bakımız” kimi sözlərin şit şirinliyini pisləmişdim. Şərifdə, bax, bu şitlik yoxdur. Hekayələrində bəzən o, nələrisə ərklə kəskin deyir, bəzənsə kəskin olanı yumorla yumşaldır və bununla müəllif görkündəki sevgisizlik üzündən yaranmış sentiment qıtlığını başqa duyğularla görünməz edir.
Hekayət edənin (söyləmçinin) adamlardan sevə-sevə söz söyləməsi çox vaxt bədii əsərin necəliyinə pis qulluq edir. Söyləmçi əzəldən elə xətti, elə nəql edən maskasını götürməlidir ki, onlar olayları danışanda sözünə-səsinə gücləndirici xallar vursun. Yəni söyləmçinin hansı müəllif obrazına, görkünə girməsi nələrdən necə danışmasına öz diktəsini verir. Sabirin, Mirzə Cəlilin Azərbaycan avamlarına qəzəbi onları uyğun müəllif görkünə salmışdı. Bu görkün isə diktəsi ona gətirmişdi ki, əsərlərində Azərbaycan ikrah doğuran adamlar yığnağı olmuşdu. Bizim çoxumuz indi də Sabirin, Mircə Cəlilin etkisi ilə o Azərbaycanı biabırçı bilinclərin Azərbaycanı kimi görürük. Bəs elədirsə, bu qədər igid qaçaq, bu qədər xeyriyyəçi milyoner, bu qədər maarifçi haradan çıxıb?!
Beləcə, gəlib çıxdıq “yazıçı və sevgi” məsələsinə. Fəlsəfədə belə bir düstur var ki, bilim işində “erosla qnosis”, yəni sevgi ilə idrak qoşa getməlidir. Bunun ilkin açımı odur ki, sən nəyisə araşdırırsansa, ona sevgin olmalıdır ki, araşdırman üzücü olmasın. Bu anlamda sən Andronik paşanı araşdırırsansa, onu (bunu özüm də diksinə-diksinə deyirəm) sevməlisən. Qurbağaları araşdırırsansa, onları da sevməlisən. Yəni gözəl, nədəsə sənə ideal olan kimi yox, ağlını yönəltdiyin hədəf, obyekt kimi sevməlisən. Yəni bu hədəfdə qnosis erosla cütləşməlidir, yoxsa nifrət, qəzəb və onlardan sonra gələn biganəlik səni əsnədər.
Şərifin özününkülərə sevgisi yazıçı bilincinin obyektinə sevgisi kimidir. Ancaq, tutalım, əzizlərinin dərdini çəkən adamın sevgisi deyil. Vətən mahnısını oxuyan aşığın sevgisi deyil. “Şəkil” hekayəsindən görünür ki, hətta babasına, atasına sevgisi də sual altındadır. Yalnız hekayənin gedişindən bu sualın cavabı daşdan çıxırmış kimi çıxır.
Ədəbiyyat tarixini götürsək, görərik ki, özmüzünküləri sevmək duyğusunu düzünəqulu göstərən çox az gözəl roman, hekayə var. Adətən, ulus müstəmləkə altında olanda, irəli çıxmış qonşuları tərəfindən alçaldılanda “biz sizdən daha gözəlik, yaxşıyıq” diskursunu deditdirən, eşitdirən əsərlər çıxır ortaya. Bu üzdən istedadlı yazarların vətən və ya insan segisində min qatışıq olur. Ortaçağ poeziyasında ay üzlü afətin üzü zülfün qaranlığından çıxmalıydı ki, adamı heyran etsin. Kamal Abdullada qaranlıqla işığın oynaşmasından doğan sayrışmalar ideyası var, bir nəzəriyyəsi ondan törəyir. Bu anlamda gözəllik sayrışmalıdır ki, həndəsi cızıqlarda, tutalım, həndəsi girdəlikdə donub qalmış gözəllik olmasın. Bu anlamda sevgi sayrışmalıdır ki, sevgi olsun, axmaq, darıxan psixologiyada mənasız yırğalanmasın. Şərifin hekayələrində içindən çıxdığı qaçqınlar dünyasına belə sayrışan duyğular var, türklər demişkən, yer-yer amansız, yer-yer öfkəli, yer-yer mehriban.
Bir az da yaxşı anlatmaq üçün bir olayı danışım. Xocalı qırğını təzəcə olmuşdu. Respublika sarayında ona həsr olunmuş tədbiri düzənləməyi Vaqif İbrahimoğluna tapşırmışdılar. O, bu tamaşanı rəqslə, türlü duyğular oyadan havalarla kontrapunkt montajına salmaq istədi. Ancaq tamaşanı, bəlkə də öyrədilmiş, qəzəbli Xocalı qadınları pozdu. Biri qucağında uşaq, o biriləri əl-ələ verərək səhnəyə çıxıb faciə pafosunda şeir deməyə başladılar. Başqa vaxt səhnədən qorxan Azərbaycan qadını necə oldu ki, ora çıxıb pafosla şeirlər dedi – indi də bilmirəm. Beləcə, onlar bu hərəkətləri ilə normal tamaşaçıların hamısnı dilxor etdilər və zaldan hamı çıxdı. Bu dediklərim primitiv sevginin sonuclarını millətlə, qohumlarla, məhləllə ilə bağlı görükdürməkdir.
Bədii əsərin bir baş formulası var. Onun məzmununu başqa forma ilə vermək olmur. Bu üzdən bədii əsər forma ilə məzmunun, sadəcə, vəhdəti deyil, çünki ən adi masada, dolabda da forma ilə məzmunun vəhdəti var. Bədii əsərdə “bu” məzmun yalnız “bu” formada ola bilir. Ona görə muğamın məzmununu böyük itkiyə yol vermədən ən gözəl şeirlə də bildirmək olmaz. Ona görə şeirin dadı-tamı başqa dildə itir. Başqa dildə onun tərcüməsi o dil üçün gözəl olan şeir olursa, onda bu gözəllik uyğunsuzluğu görünməz edir. Halbuki 2+2=4-ü itkisiz ərəb əlifbası ilə də vermək olar.
Şərif Ağayarın hekayələrində məzmun qaçqınlar dünyası və bu dünyaya yazarın duyğusal reaksiyasını özünə toplayır. İlkində bunların hər ikisi elə deyil ki, bizə nəsə yenilik kimi görünsün. Kitabın çıxdığı 2020-ci iləcən qaçqınlar dərd-sərləri ilə hamının alışdığı insan toplusu olmuşdu və hamının onlara reaksiyası bu və ya başqa dərəcədə biganə və ya mənfi idi, baxmayaraq ki, Bakıda xeyli adamın qaçqın qohumları vardı. “Arıların səssizliyi” kitabında bu vəziyyəti forma dəyişir. İlkin məzmunu bədii havaya tutmaq və darıxdırıcılıqdan çıxartmaq üçün forma türlü dəbərtilərə əl atır. Məzmuna ifadəli, yəni ekspressiv, güclü bildirən xallar vurur ki, oynartılar törətsin, bizi ləzzət, heyranlıq, kədər, kinayə dalğasına salsın. Zənci xeyriyyəçi volantyor qadın Corcinin qaçqınlar düşərgəsində qadınlara yardım üçün tikdirdiyi evin onların arasında lağlağı hədəfə çevrilməsini xəcalətsiz oxumaq olmur. Bu hekayə Mirzə Cəlil gələnəyində savadsız, avam adamlara qəzəb oyadır. Qızını zorlamış qohumu, – o biri qızının əri üstündə boykot olunmuş Mədət kişiyə kəndçilərinin qəzəbini hekayə daş ürəkli insanların insafsızlığı kimi verir. Bütün bu duyğusal reaksiyaları yazar materiala vurduğu xallarla güclü edir. Məsələn, hekayəni danışan oğlan uşağı (güman, Şərifin uşaqlıqdakı özü) boynuna alır ki, hamının qorxusundan o da Mədət kişidən gen gəzirdi, halbuki kişinin balaca dostu idi. Bu yerdə məzmun kinematoqrafik biçim alır – üzdə hamı kimi davranan oğlanın içində Mədət kişidən üzr istəyən şüuru danışır. Şizofreniklərdə ikiləşən şüur burada öz oxşartısını tapır. Ancaq burada oğlanın kəndçilərinin qeyrət xəbisliyinə tutulmuş şüuru vicdan ağrısı çəkən şüuru ilə ikiləşir.
Əsasən isə Şərif Ağayar rusların dediyi “ostroumiya” dili ilə hekayələrini söyləyir. Bu terminin hərfi çevrimi “iti ağıl”dır. Ancaq tərcümə incə çalarları vermir. Bəlkə yazar şux, hazırcavab qırımda söyləm yapanda “ostroumnı” olur?! Şərifin söyləmləri, yəni narrativləri əlüstü düzüb qoşmaq, şuxluq, kinayə, özünə kinayə dillərində nəql etmək üstündə qurulub. Elə həmin hekayədə qaçqınların qazmaları buraxıb ev tikməsini yerin altından yerin üzünə çıxmaq kimi deməsi qafiyə biçimində ifadəli şəkil yapmaq deyil, bə nədir?!
Çox maraqlıdır ki, kitabda “erməni” sözü nadir hallarda səslənir. Məsələn, “erməni vandalları” çox işləndiyindən sürtülmüş sözdür, hər dəfə eşidəndə adamı bezdirir. Bir dini tapıntımı deyim. Bütün sözlər, deyimlər çox işləndikcə sürtülür, etkisini, dadını itirir. Bircə “Allah” sözüdür ki, Quranda çox işləndiyindən tamını itirmir ki, itirmir!
Şərifin hekayələri erməni saldırısından törəmiş qaçqınlıqla bağlı olsa da o, kitabında “erməni” sözü ilə zəhlə tökmür. Bu da yazar mədniyyətinin bir incəliyidir.
Dedim ki, bütün hekayələr boyu Şərif söyləmlərinə güclü deyimləri, yəni ifadəli cümlələri, metaforaları ritmik paylayaraq mətnə nəbz kimi döyünən nöqtələr səpələyir. “Şeqlov üsulu” hekayəsində söyləmçi əmisi haqqında deyir ki, başında ağ tük yox idi. Mənə elə gəlirdi ki, o, qorxudan qocalmır, uşaqları balaca idi, onları böyütməli idi. Bu, lap Mövlud Süleymanlı sayaq, yə da Markes sayaq mifoloji şişirtmədir. Həmin hekayədə Şərif yazır ki, bizim kənd donosbaz idi, mən yazıçılığı bu donsbazlıqdan almışdım. Sadcə, onlardan bir fərqim vardı, ərizə yerinə hekayə yazmışam. Bu, mətnin duyğu palitrasına Füzuli sayaq özünəkinayə duzunu vurmaqdır (aldanma ki, şair sözü yalandır).
Başqa yeri duzlu o edir ki, ermən hücumunu gözləyən camaat köç üçün şey-şüylərini yük maşınlarına yığanda uşaqlar sevinirlər ki, düzənliklər görəcəklər, əsgərlər, tanklar görəcəklər, futbol oynayacaqlar. Dərə-təpə dağ kəndlərində düzənlik həsrətinin olmasını bu hekayəyəcən mən ağlıma gətirməzdim. Etnoqraflar üçün yaxşı materialdır.
Mən bizim mədəniyətdə patriarxal qalıqları bilirdim. Ancaq bilməzdim ki, “Qumru” hekayəsində verilən özəllik də var. Bunu Şərif belə söyləyir: “Kənddə qız uşaqlarını o qədər də sevmrdilər, oğlu olmayan kişilərə bir az yuxarıdan aşağı baxırdılar. Yaxınları belə kişilərə Allahdan şirin pay arzulayırdılar, belə çıxırdı qız acı paydır”. Oğlu olmayan kişilərə yuxarıdan aşağı baxmaq mənim üçün Azərbaycan patriarxallığında yeni faktdır. Adam belə düşünənlərə az qalır desin: adə, get atdanmağının dalınca!
Şərif Ağayarın kitabında iki parlaq insan tipi var. Biri Qumru, o biri Babək Ardanışlı. Mən özüm Azərbaycanda Qumru tipində gözəl-göyçək, ağıllı və oğlansayağı qızlar görmışəm. Belə qızların oğlanlara problem yaradan xasiyyəti bədii əsərdə dramatik gərginliklər üçün yaxşı dəbərtilər, itələntilər verir. Ancaq Azərbaycan ədəbiyyatında demək olmaz ki, böyüyəndə şıltaqlıq, nadinclik özəlliklərini saxlamış oğlansayağı, gözəl, ağıllı qız tipi populyar olmuşdur. Eyni sözləri Babək Ardanışlı tipinə demək olar. Əyalətdən gəlmiş, Tolstoyu, Dostoyevskini, Bakıda isə Kafkanı, Nazim Hikməti oxuyub sevən xeyli gənclər olub ki, aralarından Vidadi Məmmədov, Aydın Məmmədov kimi ciddi ideyaları duzlu, ifadəli, aforistik danışan məşhurlarımız çıxıb. Bir məqaləmdə yazmışdım ki, Azərbaycanda müstəqillik hərəkatının başında filoloji gənclik durmuşdu. Bu gənclikdə sinizmlə qonşulaşan yumor, bohem vecsiziyi vardı. Şərifin Ardanışlı ayamasını özünə götürmüş Azərbaycan Ostav Benderi də elədir. Mənə elə gəlir ki, Azərbaycan nəsrinin insan qalereyasında bu tip yoxdur. Hər iki tip Şərifin kitabına məzmunu ifadəli edən xallar vurur. Buna görədir ki, “Arıların səsizliyi” kitabını miniatüləri oxuyurmuş kimi oxusan da sonda kitab Azərbaycan haqqında epik roman təsirini bağışlayır.