Natiq Cəfərli
REAL Partiyası
Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən bəri ictimai-siyasi səhnədə ən çox müzakirə edilən məsələ iqtidar-müxalifət münasibətləridir. Bu münasibətlər isə doğru-düzgün analiz edilməyib.
İqtidar 30 ildir özünə komfort münasibətlər sistemi qurub – prosesləri gah həbslərlə, gah gizli danışıqlarla, gah da mövzuları müxalifətin içində olan adamları ilə dizayn etməklə idarə edir. İstəyəndə müxalifətin birlik modellərini qurur, özünə lazım olanda bu birlikləri dağıdıb cəmiyyətə “birləşə bilmirlər”, mesajı verir. Belə oyunlara qoşulmayanları isə həm iqtidar, həm müxalifət qaralayıb çıxdaş etməyə çalışır.
2020-ci ildə REAL-ın israrı ilə iqtidar-müxalifət təmasları açıq müstəviyə, iqtidarın siyasi nümayəndələri ilə aparılan şəffaf danışıqlar müstəvisinə keçdi. İsrarımız və arqumentlərimiz yeni bir prosesə səbəb oldu və 30 illik hüquq mühafizə “dialoqu” iştirakçılarının hədəfinə gəldik, onların qarayaxma kampaniyasının əsas hədəfi olduq, çünki illərdir qurulmuş və işlək vəziyyətdə olan alqoritmə təhlükə yarandı.
Sözüm başqadır. Məni maraqlandıran sivil toplum və siyasi partiyaların münasibətlərinin çox səhv təməllər üzərində inşa edilməsidir, bu da avtoritar sistemin işinə çox yarayır. Sivil toplum institutlaşmadı, çünki müxalif siyasi partiyalar QHT sektorunu öz yanına çəkməyə başladı – bunun maddi səbəbləri ilə yanaşı tanınmış QHT nümayəndələrini yanlarında göstərməklə avtoritet qazanmaq istəyi də vardı. Siyasi partiyalar bu yanaşma ilə QHT-lərin müstəqil bir instituta çevrilməsinə mane oldular, sivil toplumun cəmiyyətin problemləri ilə daha rahat məşğul olmasına imkan vermədilər, bütün etirazlara, orqanik etiraz ocaqlarına sahiblənmək cəhdləri ilə proseslərin təbii axarına sədd çəkdilər. Hakimiyyətin də istədiyi bu idi.
Məsələn, taksi sürücüləri ÖZ problemləri ilə bağlı etiraz etmək, ÖZLƏRİNİN həmkarlar təşkilatına bənzər qurum yaratmaq istəyir – siyasi partiyalar bu işə sahiblənmək, öz maraqları çərçivəsinə salmaq cəhdləri ilə etirazın orqanikliyinə xələl gətirirdilər. Əslində onların yanında sivil toplum, vətəndaş cəmiyyəti olmalı, təşkilatlanmalarına institusional dəstək verməli, hüquqları pozulanda onları müdafiə etməli idi – amma olmur, çünki müxalifət partiyaları QHT-ləri sözün pis mənasında “siyasiləşdirməklə” məşğul idi.
Bizim sivil toplum öz fəaliyyəti ilə siyasi partiyaların fəaliyyətinin EYNİ olmadığını anlamaq istəmir, bir çox məsələlərdə siyasilərin onlar kimi DÜŞÜNMƏSİNİ, onlar kimi DAVRANMASINI istəyirlər. Anlamırlar ki, siyasi partiyaların əsas vəzifəsi SEÇİCİ qazanmaqdır, onlara xoş gəlmək deyil. Başa düşmək istəmirlər ki, onlar, məsələn, müharibə və sülh, müxtəlif azlıqlar kimi mövzularda daha rahat davrana bilərlər. Amma eyni münasibəti siyasi partiyalardan gözləmələri, gözləntilərinə uyğun olmayan açıqlamalar görəndə isə onları topa tutmaları doğru deyil.
Sivil toplum anlamalıdır ki, siyasi partiyalarla heç vaxt bütün fikirləri üst-üstə düşməyəcək, hətta sabah hakimiyyəti, sistemi dəyişəndən, azad sistem qurandan sonra da onların məsələlərə münasibəti hökumətdən fərqli olacaq (olmalıdır). Ona görə də QHT nümayəndələrinin siyasi partiyalara simpatiya ilə yanaşması cəhdləri özü belə anormaldır, həmçinin siyasi partiyaları SİYASİ FƏALİYYƏTƏ görə qınamaları. QHT-lər siyasi partiyaları DƏYƏRLƏRƏ və PRİNSİPLƏRƏ görə tənqid edə bilər, etməlidir də, amma siyasi partiyalara, “niyə kiminləsə görüşdün, niyə filan qərarı aldın, nədən filankəslə debata çıxdın, niyə filan telekanalda göründün, nədən filankəsin KİV-nə müsahibə verdin” kimi iradları anlaşılan deyil.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları