Gəray Göyyurd
Milli Qəhrəmanımız Albert Aqarunovun və Arye Qutun əziz xatirəsinə ithaf olunur
Proloq
İnsanlıq, dostluq olub
Dindən, millətdən əvvəl.
Qardaşlıqdır, birlikdir
Bütün dinlərə təməl.
Yardım, köməklik, dostluq
Birliyin təməlidir.
Xəyanət, vəfasızlıq
Cin, şeytan əməlidir.
Biz bir olduq dar gündə,
Bizi bir etdi vətən.
Vətən qədrini bilməz
Hər cahil, yoldan ötən.
Bizi qardaş, dost etdi
Azərbaycan torpağı.
Canımızdan çox sevdik
Bu vətəni, bayrağı!
Bizimlə bir olmadı
Neçə din qardaşımız.
Bizim ilə bir idi
Buğlananda aşımız.
Amma çətin zamanda
Düşməndən yana oldu.
Dostluğu, qardaşlığı
Xaintək danan oldu.
Doğru acı olsa da
Gərək heç kəs danmasın.
Özüm adlar çəkmirəm,
Ürəklər bulanmasın.
Bu real həqiqətdir,
Kim nə deyir, qoy desin.
Bu yerdə mən adını
Çəkəm gərək Denisin!
Rus övladı, rus oğlu
İlk günündən savaşın.
Vətən üçün can qıydı
Vətəndaşım, qardaşım!
Xalqımla bir döyündü
Onun böyük ürəyi.
Halal olsun vətənin
Ona suyu, çörəyi!
Biz daima dost bildik
Hər bir xalqı, milləti.
Dostluq, qardaşlıq varsa
Dinin fərqi yox qəti!
Hörmətlə yad edirəm
Aqarunov Alberti.
Hər dəyərdən yüksəkdir
Onun yurd məhəbbəti.
İgidliyi, mərdliyi,
Vətənə sədaqəti.
Sağ ol, var ol, dostumuz
Ey Yəhudi milləti!
Sən də bizi hər zaman
Dost bildin, qardaş bildin.
Qəmlənəndə qəmləndin,
Güləndə sən də güldün.
Arzum budur həmişə
Dostluğumuz var olsun.
Aramızda daima
Güvən, etibar olsun!
Birinci hissə
Albert döyüşə gedir
Vətənə təcavüz var,
Hamı, hər kəs səfərbər .
Yumruq kimi birləşib
Qəhrəmanlar, igidlər .
Meydanlar aşıb-daşır,
Ayaq üstədir hər kəs.
Əsəblər tarımlaşıb,
Sanki kəsilir nəfəs.
Qaçıb dalda gizlənir
Qorxaqlar, ağciyərlər.
Könüllü döyüşməyə
Gedir ər oğlu ərlər!
Albert: – Mən getməliyəm,
Belə olmaz yox, – deyir.
Könüllü hərbə gedir,
Təcavüzə “yox” deyir.
Ana vətən tanıyır
İgidini, ərini.
Qəhrəmanlar döyüşdə
Göstərir hünərini.
Albert köhnə tankçıdır,
Ona bir tank verirlər.
Yəhudi igidinə
Ürəkdən güvənirlər.
Qəhrəmanım doğruldur
Dövlət etimadını.
Tarixə qanla yazır
Millətinin adını.
Döyüşdə ad qazanır,
Alovda, odda bişir.
Düşmənə divan tutur,
Aslanlartək döyüşür.
Can qıymağa hazırdır
Yurdun hər qarışına.
Düşmən mükafat qoyub
İgidimin başına!
Neçə-neçə tankları
Məhv eləyir igidim.
Qisaını alır o,
Yüzlərlə şəhidimin.
Yəhudi millətini
Şərəflə təmsil edir.
Ən ağır döyüşlərə
Qabaqda, öndə gedir.
Yaralı yoldaşının
Harayına yetişir.
Yağı düşmən gülləsi
Onun köksünü deşir.
Milli qəhrəman adlı
Dövlətimin fərmanı.
Sevindirir hər kəsi –
Onu tanıyanları.
Xalqını, millətini
Qəhrəmanlar tanıdır.
Yəhudinin ər oğlu
Azərbaycan xalqının
Milli Qəhrəmanıdır!
Budur xalqlar dostluğu,
Dostluq, qardaşlıq budur!
Mənim xalqımdan deyil,
Kim ki, bunu unudur!
İkinci hissə
“Mən həmişə demişəm Azərbaycan xalqının dostu yox, oğluyam” (Arye Qut).
Vətən seçir dar gündə
Övladının xasını.
Vətəninə, xalqına
Kimi canını verir,
Kimi öz zəkasını.
Arye Qut da vətənin,
Yurdun dadına yetdi.
O, silah götürmədi,
Zəkanı silah etdi.
Vətənin dərd-qəmiylə,
Ələmiylə döyüşdü.
Düşmənlə ağlı ilə,
Qələmiylə döyüşdü.
Dedi ki, mən haqlıyam,
Öz yolumda doğruyam.
Azərbaycan xalqının
Tək dostu yox, oğluyam.
Mən bu xalqın oğluyam,
Özümə əmin etdim.
Bu millətdən həmişə
Can deyib, can eşitdim.
Daim yazıb yaratmaq
Həvəsim oldu bu xalq.
Nəfəsim çatmayanda
Nəfəsim oldu bu xalq.
Bakı tək vətən deyil,
Ürəyimdir, canımdır.
Şərəfimdir, şanımdır.
Pak, təmiz vicdanımdır.
Nə qədər məqalələr
Yazmışam mən adına.
Yetirmək istəmişəm
Bu xalqı muradına.
Zəfər çalmağı üçün
Yazmışam, yaratmışam.
Özümü alovlara,
Oda, közə atmışam.
Bu zəfərdə mənim də
Zəhmətim, əməyim var.
Yuxusuz gecələrim,
Narahat ürəyim var!
Ürəyimlə, canımla
İstəmişəm zəfəri.
Məncə, halal haqqımdır
Şanlı Şuşa səfəri.
Mən də bir oğul kimi
Xalqımı istəyirəm.
Şuşaya səfər etmək
Haqqımı istəyirəm.
Onun Şuşa səfəri
Düşmən gözünü deşdi.
Qəhrəmanım nə yaxşı
Arzusuna yetişdi!
Ürəyinin arzusu
Uca Allaha yetdi.
Şuşanı görə bildi,
Ömür-gün vəfa etdi.
Yerin cənnətlik olsun
Vətən oğlu Arye Qut!
Adına şeir yazdı
Sayğıyla Gəray Göyyurd.
Olmasa da səninlə
Tanışlığım, söhbətim.
Əminliklə deyirəm,
Səni unutmayacaq
Sədaqətli millətim!
25.09.2022