Mario Benedettinin “Qəza” hekayəsi
- 07 Oktyabr 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Görkəmli Uruqvay yazıçısı Mario Benedetti (1920–2009) Montevideoda, mühacir italyan ailəsində doğulub. Montevideodakı alman məktəbində, daha sonra «Miranda» liseyində təhsil alıb. 1973-cü ildə Uruqvayda baş verən hərbi çevrilişə qədər həftəlik «Marça» qəzetində işləyib, hərbi çevrilişdən sonra ölkəni tərk edərək Argentinada, Kubada və İspaniyada mühacir həyatı yaşayıb.
Əsərləri 1945-ci ildən çap olunmağa başlasa da, yazıçıya ilk uğuru 1959-cu ildə nəşr olunmuş «Montevideolular» adlı hekayələr toplusu gətirib, 1960-cı ildə nəşr edilən ilk irihəcmli əsəri – «Nəfəsdərmə» romanı yazıçını bütün dünyada tanıdıb.
Səksən doqquz il ömür sürən sənətkar 60-dan çox romanın, həmçinin yüzlərlə şeir, hekayə və pyeslərin müəllifidir. Bir sıra ədəbi mükafatlara, o cümlədən Kubanın “Feliks Varela”, Venesuelanın “Fransisko Miranda” ordenlərinə layiq görülüb.
QƏZA
(hekayə)
Radio ilə elan etdilər: “Aviaşirkət 914 nömrəli reysi 24 saatlıq təxirə salmağa məcburdur”.
Serxio Rivera hirsindən ayaqlarını yerə vurdu. Onların bu sayaq oyunlarını yaxşı bilirdi, belə hallarda sınaqdan keçirilmiş klassik izahat həmişə kara gəlir: salamatı budur, reysi təxirə salaq, nə bilmək olar, bir də gördün hansısa texniki nasazlıq ortaya çıxdı, havada oxşar fəsadlarla üzləşmək riskindənsə reysi təxirə salmaq daha yaxşıdır.
Gözlənilməyən gecikmə Serxionun bütün planlarını alt-üst etmişdi. İndi necə olsun? Axı onun sabahkı işgüzar görüşləri qabaqcadan razılaşdırılmışdı.
Amma narahat olmağa dəyməz. Çarə nədi, onsuz da heç nə edə bilməzsən.
Həlim qadın səsi radio ilə elan etdi ki, Şirkət tərəfindən sərnişinlərə bu axşamkı şam yeməyi və sabahkı səhər yeməyi üçün talonlar, həmçinin aeroportun yaxınlığındakı mehmanxanada nömrə veriləcək. Serxio bu slavyan ölkəsində ilk dəfə idi, belə baxanda, buraları gəzib-görmək heç də pis olmazdı. Aeroportda tranzit sərnişinlər üçün bankın xüsusi bölməsi də xidmət göstəriridi. Ancaq bir gecəyə görə dolları dəyişməyə dəyməzdi. Yaxşısı budur, şam yeməyində əlavə sifarişlərdən imtina edəsən.
Və Serxio talonları götürmək üçün pəncərəyə yaxınlaşdı.
Sərnişinlər mehmanxananın giriş qapısında avtobusdan düşdülər.
Qar. Şiddətli qar yağırdı. Serxio ömründə ikinci dəfəydi ki, qar görürdü. İlk dəfə üç il qabaq Nyu-Yorkda görmüşdü – onda da səhmdar cəmiyyət onu indiki kimi qəfildən ezamiyyətə göndərmişdi.
Havada on səkkiz dərəcə şaxta vardı. Serxio qulaqlarının donduğunu hiss elədi, soyuqdan bütün bədəninin titrədiyini görəndə təyyarədə unutduğu göy rəngli isti şərfini həsrətlə xatırladı. Amma bu vaxt mehmanxananın qapısı taybatay açıldı. İçəri keçən kimi ilıq hava dalğasından gümrahlaşdı, fikirləşdi ki, hayıf arvadı Klara və beş yaşlı oğlu Eduardo bu dəqiqə yanında deyil. Nə deyirsən de, Serxio Rivera ailəcanlı adam idi.
Restorandakı masalar ikiadamlıq, dördadamlıq və altıadamlıq idi.
O, ikiadamlıq masanı seçdi, fikirləşdi ki, heç kəs mane olmaz, təklikdə şam eləyib, sonra sakitcə kitabını oxuyar. Amma, necə deyərlər, sən saydığını say: elə həmin dəqiqə bir nəfər yaxınlaşıb “İcazənizlə, oturmaq olarmı?” – soruşdu və cavab gözləmədən keçib üzbəüz əyləşdi.
Çağırılmamış masa qonşusu uçmaqdan bərk xoflanan argentinalı çıxdı.
“Bəzi adamlar özləriylə talisman gəzdirirlər, – o, dərhal sözə başladı. – Mənim bir dostum var, açara taxılan bax belə bir firuzə halqası olmadan, yalvarsan da təyyarəyə minməz. Başqa bir dostum uçuş vaxtı mütləq özüylə “Martin Fierro” kitabının qədim nəşrini götürür. Məndə isə bilirsiniz nə var? Budur, baxın: iki dənə yapon sikkəsi. Mən onları San-Fransiskoda, çin məhəlləsində almışam. Nahaq yerə gülürsünüz… Bəla burasındadır ki, mən talismanla da uçmağa qorxuram”.
Əvvəlcə Serxio kişiyə qulaq asa-asa cavabında yalnız çımxırırdı, amma bir azdan kitabı örtüb kənara qoydu və özü də talismanlardan danışmağa başladı.
“Mənim nigarançılığım isə tüstü kimi dağılıb getdi, daha qorxub-eləmirəm. Çünki həmişə cibimdə “şifer” qələmi gəzdirirəm, amma içinə mürəkkəb doldurmuram. Əvvəla, ona görə ki, kostyumu bulaşdırmayım, həm də bir şeyə tam əminəm: əgər uçuş vaxtı qələm cibimdədirsə, deməli, hər şey yaxşı olacaq. Amma yenə deyirəm, gərək qələmin içi həmişə boş olsun. Bu dəfə mürəkkəbi boşaltmağı unutmuşam, bununla belə, gördüyünüz kimi, sağ-salamatam…”
Serxioya elə gəldi ki, argentinalı onu qınayıcı nəzərlərlə süzür, odur ki, tələsik əlavə elədi: “Düzünə qalsa, mən fatalistəm. Olacağa çarə yoxdur, vaxtın çatıbsa, ya təyyarə partlayacaq, ya da gül dibçəyi yeddinci mərtəbədən aşıb düz təpənə düşəcək…”
“Hə, elədir, – argentinalı cavabında dedi, – amma necə olsa, mən dibçəyi təyyarədən üstün tuturam. Əlbəttə, başın xarab olar, idiot olub gedərsən, əvəzində canın sağ qalar”.
Argentinalı deserti axıracan yemədi (“hələ utanmaz-utanmaz deyirlər ki, Avropada əsl şokolad kremi hazırlayırlar!”), durub öz nömrəsinə getdi. Serxionun da daha qiraətə həvəsi qalmamışdı, siqaretini çəkə-çəkə türksayağı hazırlanmış qəhvənin soyumasını gözləyirdi.
O, bir qədər də oturdu, amma masaların boşaldığını görüb ayağa qalxdı ki, lap axırıncı çıxmasın. İkinci mərtəbədəki nömrəsinə qalxdı. Pijaması çamadanda qalmışdı, ona görə çarpayıya trusikdə uzanmalı oldu. Əvvəlcə bir xeyli oxudu. Aqata Kristinin povestinin sirri çoxdan açılsa da, hələ ki oxumağa davam eləyib gözünü yummurdu. Əlfəcə yerinə kitabın arasına oğlunun şəklini qoymuşdu. Əlində uşaq vedrəsi tutmuş qarnı açıq Eduardo El-Pinardakı qum təpəsinin üstündə dayanıb gülümsəyirdi. Şəklə baxa-baxa Rivera da gülümsədi, sonra radionu və işığı söndürüb yatmağa çalışdı. Amma hansısa həyəcanlı səs anlaşılmaz tarabar ləhcəsində nəsə deyir, baş-qulağını aparırdı. Axırda elektrik rozeti hirslə dartıb yerindən çıxartdı və yuxuya getdi.
Telefon zəng çalanda Rivera dəstəyi əlhavasına tapdı. Hansısa səs ingiliscə deyirdi: sabahınız xeyir, indi saat səkkizdir, 914 nömrəli reysin sərnişinlərindən xahiş olunur ki, saat 9.30-da aşağı düşüb avtobusa minsinlər, uçuş təxminən saat 11.30-a təyin edilib.
Yuyunmağa da, səhər yeməyinə də vaxt qalırdı. Montevideoda geydiyi, iki gündü əynindən çıxmayan alt paltarını duşdan sonra təzədən geyinmək ürəyincə deyildi. Üzünü qırxa-qırxa fikirləşdi ki, işgüzar görüşlərin hamısını həftənin yerdə qalan günlərinə necə sığışdıracaq? “Bu gün ayın beşi, cərşənbə axşamıdır, görüşün hansınısa başqa vaxta saxlamaq lazım gələcək, çarə yoxdur”. İdarə Heyəti sədrinin axırıncı öyüdünü xatırladı: “Rivera, unutmayın ki, sizin xidməti yüksəlişiniz “Sapeks”dən olan işgüzar şəxslərlə aparacağınız söhbətin uğurundan asılıdır…”
Bir halda ki məsələ bu cürdü, deməli, onda qalanlar gözləyə bilər; çərşənbə gününü bütünlüklə “Sapeks”in xoşsifət adamlarıyla söhbətə həsr edər. Axşam onlar əlbəttə ki, Serxionu striptiz göstərilən kabareyə dartıb aparacaqlar. Əsəbləri zəif olan Pereyra iki il qabaq orda olmuşdu – yazıq indiyəcən də özünə gələ bilmir.
Səhər yeməyini tək yedi. Saat düz on birin yarısında avtobus hotelin giriş qapısında dayandı. Qar dünənkindən bərk yağırdı, şaxta isə, sadəcə, dözüləsi deyildi. Aeroporta çatanda Rivera geniş pəncərədən o üzə həsədlə baxdı: boz kombinezonlu bir topa adam təyyarənin böyür-başında qurdalanırdı. Saat birə on beş dəqiqə işləyəndə radio ilə elan etdilər: 914 nömrəli təyyarənin uçuşu yenidən təxirə salınır, ehtimal ki, üç saata qədər; aeroportun restoranında nahar eləmək üçün Şirkət tərəfindən sərnişinlərə talon veriləcək…
Cin atına minən Rivera hirsindən bilmədi neyləsin. Adətən, əsəbiləşəndə onu həmişə gəyirmə tuturdu. Bu dəfə də elə oldu – az qala, çənəsi qırılacaqdı.
Yenidən pəncərə qarşısında talon növbəsinə durmalı oldu. Saat dördün yarısında sanki qeybdən gələn həmin səs qibtəolunacaq bir sakitliklə bildirdi ki, texniki nasazlıqla əlaqədar 914 nömrəli reysin uçuşu sabah saat 12.30-a keçirilir.
Sərnişinlər narazılıq etməyə, deyinməyə başladılar. Riveranın qulağına hətta “xalis rüsvayçılıqdır”, “bu, adamı açıq-aşkar ələ salmaqdır” kimi sözlər, ifadələr çatdı. Uşaqlar civilti saldılar, onlardan hansısa hirslənmiş valideyndən şillə də aldı. Dünən tanış olduğu argentinalı aralıdan Riveraya baxıb başını buladı, kişinin tərpənən dodaqları sanki deyirdi: “Gördünüzmü? Amma siz gülürdünüz”.
Riveranın yanındakı hansısa qadın yazıqcasına dilləndi: “Heç olmaza, şey-şüylərimizi qaytaraydılar”. Rivera isə, sadəcə, acığından boğulurdu.
Radio ilə elan elədilər ki, Aviaşirkətin lütfkarlığı sayəsində sərnişinlər həmin pəncərədən axşamkı şam və sabahkı səhər yeməyi üçün talon, həmçinin mehmanxanada nömrə ala bilərlər. Pəncərəyə yaxınlaşan hər bir sərnişin talon aldıqları qızla heç bir səmərəsi olmayan boş, mənasız mübahisə edirdi.
Rivera öz talonunu daha ləyaqətlə almağa qərar verdi – üzündəki istehzalı təbəssümlə və susqun halda. Qız ona ötəri minnətdarlıqla baxdı.
Onun qəzəbi başqalarına da təsir eləmişdi. Rivera bunu hiss edirdi və bu dəfə keçib dördadamlıq masanın arxasında əyləşdi.
“Onları güllələmək də azdır”, – seyrək saclarını boynunun ardına yığıb düyünləmiş bir sinyora ağzındakı tikəni çeynəyə-çeynəyə dedi. Rivera ilə üzbəüz oturmuş cənab isə cib dəsmalını çıxarıb burnunu fışqırtdı, sonra salfet götürüb bığlarını sildi.
“Axı onlar bizi başqa Şirkətə calaşdıra bilərdilər”, – sinyora qızışdı.
“Bizim sayımız çoxdur”, – bığlarını salfetlə silən cənab ona cavab verdi.
Rivera da söhbətə qoşulmağa qərar verib “Qışda uçmaq xoşagəlməz şeydir” dedi, dərhal da dediyinə peşman oldu, çünki sinyora əlbəəl onun üstünə cumdu: “Mən bir dəfə də eşitmədim ki, Şirkət pis havanı bəhanə gətirsin. Yoxsa siz onların texniki nasazlıq barədə dediklərinə inanmırsınız?”
Rivera başa düşdü ki, sözü tamamilə nahaq yerə deyib. Bu vaxt masa arxasındakı dördüncü sərnişin ilk dəfə səsini çıxartdı. Onun səsi xırıltılı idi, kəskin alman ləhcəsi ilə danışırdı: “Stüardessa mənə izah elədi ki, radiocihazda nəsə qaydasında deyil, hansısa nasazlıq yaranıb”. “Ola bilər, – Rivera razılaşdı, – bir halda ki belədir, onda uçuşun niyə təxirə salınması aydın olur. Elə deyil?”
Argentinalı restoranın o başında ara vermədən əl-qolunu ölçürdü. Yəqin Aviaşirkəti lənətləyirdi, əl-qol hərəkətləri isə getdikcə artırdı.
Qəhvəni içəndən sonra Rivera hollda, liftin yaxınlığında əyləşdi. Yeddinci mərtəbənin salonunda hansısa rəqs mərəkəsi vardı. Hotelə tez-tez adamlar daxil olur, paltolarını, şlyapa və şərflərini soyunub qarderoba verəndən sonra hollda dayanıb liftin gəlməsini gözləyirdilər. Qara kostyum geyinmiş qəşəng oğlanlar, cavan, gözəl qızlardı. Geniş hollda deyib-gülən, pilləkənlə düşüb-qalxan cütlüklər hamısı öz aralarında nəsə danışır, sonra bərkdən gülüşürdülər.
Rivera cavanlara baxa-baxa köks ötürür, heyfslənirdi ki, onların dilini bilmir, nəyə güldüklərini başa düşmür. O, birdən-birə özünü yamanca tənha hiss elədi. Könlündən keçirdi ki, kimsə ona yaxınlaşsın, siqaretini ondan yandırmaq istəsin, zarafatlaşsın, yaxud öz anlaşılmaz ləhcəsində nəsə bir söz soruşsun. Heç demə, bu qəribə dildə gülməli şeylər də danışmaq olarmış, kimin ağlına gələrdi? Amma kimsə onun yanında ayaq saxlamırdı, heç onun tərəfinə baxan da yox idi. Hamının başı özünə qarışmışdı, öz anlaşılmaz dilləri, şən ovqatlarıyla hamısı ondan təcrid olunmuşdu; ona çox-çox uzaq idilər.
Məyus və pəjmürdə görkəmlə öz nömrəsinə qalxdı – bu dəfə otağı səkkizinci mərtəbədə idi. Soyunub yatağa uzandı. Təmiz kağız götürüb işgüzar görüşlərin cədvəlinə təzədən əl gəzdirdi. Üç soyad yazdı: Kornfeld, Brunnel, Frid. Dördüncünü də yazmaq istədi, amma, nə illah elədisə, yadına düşmədi. Bircə o yadındaydı ki, “Y” hərfiylə başlayırdı. Yaddaşın bu gözlənilməz unutqanlığından dilxor halda işığı söndürüb yuxulamağa çalışdı. Amma sən saydığını say. Əlbəttə, qarşıda uzun, əzablı gecə dururdu.
Çoxdan, bir neçə il qabaq onda yuxusuzluq olmuşdu. Yaxşı olardı ki, nəsə oxuyub özünü sakitləşdirsin. Amma bu da mümkün deyildi – yun şərfi kimi, Aqata Kristinin o biri kitabı da təyyarədə qalmışdı. İşi belə görəndə oğlunu düşünməyə başladı və bu vaxt bir qədər təəccüblə fərqinə vardı ki, ötən bir sutkanın ərzində arvadını bircə dəfə də olsun xatırlamayıb. Gözləri yummaq, yatmaq lazımdır…
And içə bilərdi ki, yuxulamağı çox çəkməyib, cəmisi üçcə dəqiqə yatıb. Bununla belə, heç demə, düz altı saatı yuxuda keçiribmiş.
Telefon zəng çaldı, ingiliscə bildirdilər ki, saat birə on beş dəqiqə işləmiş avtobus sərnişinləri mehmanxananın qarşısından götürüb aeroporta aparacaq.
Alt paltarını dəyişə bilməməsi Riveranı dəhşət əsəbiləşdirirdi. Hirsindən qərar verdi ki, heç çimməsin. Amma dişlərini təmizləməyə özünü, hər necə olsa, məcbur elədi.
Aeroportda restorana girərkən qəfildən kefi duruldu. Aviaşirkətin talonunu cibindən çıxarıb masa üzərindəki rəngi solmuş qəndqabının altına qoyanda indiyəcən heç vaxt keçirmədiyi hansısa qəribə məmnunluq hissi içini doldurdu. Şirkətin hesabına səhər yeməyini yeyəndən sonra geniş divana yayxandı.
Yanında başqa heç kəs oturmamışdı, çünki divan düz tualetlə üzbəüz idi. Hardansa beş yaşlı çilsifət bir qızcığaz peyda oldu. Əlində kukla vardı, Riveranın üzünə baxıb, dili topuq vura-vura almanca soruşdu: “Sənin adın nədir?”
Əlbəttə, bu qızcığaza Serxio kimi təqdim olunmağın heç bir mənası yox idi, odur ki, Rivera öz adını “Karl” dedi. “Mənim adımsa Gertrudadır”. Qıza nəsə xoş bir söz demək lazım idi. Serxio soruşdu: “Bəs kuklanın adı nədir?” “Onun adı Lottadır”, – qız həvəslə cavab verdi.
Əlində kukla tutmuş dörd yaşlı başqa bir qızcığaz da gəldi, Gertrudanın qabağında durub fransızca soruşdu: “Sənin kuklan gözlərini yumur?” Rivera təzə gələn qızın sualını alman dilinə çevirdi, Gertrudanın cavabını isə fransızcaya tərcümə edib dedi ki, “Hə, Lotta gözlərini yumur”. Sonra məlum oldu ki, fransız qızın adı Madlena, kuklasının adı isə İvettadır. Rivera zəhmətə qatlaşıb qızın dediklərini tərcümə elədi: “İvetta gözlərini yumur, özü də ana deməyi bacarır…”
Bundan sonra hər cürə söhbətlər oldu: şokolad barədə, təlxəklər barədə, ata haqqında. Rivera sinxron tərcüməçi kimi vicdanla çılışırdı, intəhası qızlar ona qəti fikir vermirdilər; sanki Serxio burda yoxdu, heç mövcud deyildi.
O, təsəvvüründə bu qızları öz balaca Eduardosu ilə müqayisə etdi, oğlunun onlardan zərrəcə geri qalmadığı qənaətinə gəlib, rahatca köks ötürdü.
Madlena Gertrudaya əl uzadanda Gertruda əvvəl əlini arxasında gizlətsə də, sonra fikrindən daşındı və qızlar əl-ələ tutdular. Madlena hətta sevindiyindən civildədi də. Belə görünürdü ki, daha tərcüməçiyə ehtiyacları yoxdur. Lotta ilə İvettanın balaca sahibələri aralanıb getdilər, onlar üçün bu qədər zəhmət çəkmiş adamla heç sağollaşmadılar da.
“Şirkət bildirir ki…” – radio danışmağa başladı. Bu dəfə səs əvvəlki kimi mülayim deyildi, nəsə gərginlik hiss olunurdu. “Şirkət bildirir ki, texniki nasazlığı aradan qaldırmaq hələlik mümkün olmayıb. 914 nömrəli reys sabaha keçirilir. Uçuşun vaxtı barədə əlavə məlumat veriləcək…”
Növbə tutmaq üçün pəncərənin qabağına necə cummasına Rivera özü də təəccüb qaldı. Axşamkı şam yeməyinə, sabahkı səhər yeməyinə və mehmanxana nömrəsinə talon almaq istəyənlər çox idi; Serxio sırada səkkizinci oldu. Çarə nədir! Pəncərə arxasındakı qız ona yaxşı tanış olan talonu irəli uzadanda Rivera özünü elə hiss etdi ki, elə bil imtahan verir, yaxud vəzifəsini böyüdürlər; sanki səhmdar cəmiyyətdə vəd edilən həmin yeri, həmin vəzifəni alırdı, yaxud hansısa sığınacaq, hansısa himayə əldə etmişdi.
Mehmanxana restoranında ləzzətli şam yeməyi başa çatdı: qiyamət mərəcüyüdü sousu, Vyana şnitseli, qaymaqlı çiyələk, üstündən də əla pivə. Riveranın yadına düşdü ki, haçansa bu pivənin dadına baxıb. Və birdən anladı ki, onun bu sevinci çox müəmmalıdır. Yenə bir sutkalıq ləngimə! Deməli, daha bir neçə işgüzar görüşü, daha doğrusu, bir neçə sazişi təxirə salmaq lazım gələcək. İstədi ki, birinci axşam birgə şam elədiyi argentinalı ilə söhbət eləsin, amma kişi çənəsinə rəhm eləmədən elə hey peronizmin təhlükəsindən danışırdı. Bu mövzu Riveranı çox da qayğılandırmırdı. Axırda yorulduğunu bəhanə eləyib, nömrəsinə qalxdı. Bu dəfə otağı beşinci mərtəbədə idi.
Nömrədə işgüzar görüşlər cədvəlinə düzəliş etmək istəyəndə məlum oldu ki, yalnız ikicə soyadı xatırlayır: Frid və Brunnel. Bu onu çılğıncasına güldürdü. Qəhqəhədən hətta çarpayı da yellənirdi. Qəribədir ki, qonşu otaqda divarı döyən olmadı, ondan sakitliyə riayət olunmasını tələb etmədilər.
Bir azdan Rivera sakitləşdi, yadına düşdü ki, ad-soyad, ünvan və telefon nömrələrinin yazıldığı qeyd kitabçası çamadanda qalıb.
İndi o, qəribə düyməli mələfələri olan sırınma yorğanın altında eşələnir və özünü xoşbəxt hiss edirdi. Lap uşaqlıqdakı kimi: elə bil uzun qış günündən sonra adyalın altına girib böyrü üstə o üz bu üzə çevrilirsən. Yuxuya getməzdən qabaq Eduardonu düşündü (əlində balaca vedrə tutmuş şəkildəki uşaq hərəkətsiz dayanmışdı), amma həmin andaca yuxuya getdiyindən Klaranı düşünməyə yenə macal tapmadı.
Yuxudan ayılanda alt paltarına, az qala, yazıqcasına baxdı – çirkliydilər, sadəcə, çirkli! Xüsusən də trusikin qıraqları və alt köynəyin çiyinləri. Gözlərini birtəhər yudu, qət etdi ki, dişlərini yumayacaq. Təzədən yatağa uzandı, bütün zəruri məlumatları çatdıran telefonun zəng çalmasını gözlədi. Paltarını geyinərkən düşündü ki, Şirkətin öz sərnişinlərinə bu qədər qayğı göstərməsi necə də təsirlidir.
“İndən belə həmişə bu Aviaşirkətin təyyarələrində uçacam”, – bərkdən mızıldanıb yaşarmış gözlərini yumdu. Açanda isə düz qarşısında təqvim gördü. Necə olub ki, onu indiyəcən görməyib? Ayın on biri, çərşənbə günü – təqvim bu tarixi göstərirdi. Bəyəm cümə axşamı, ayın yeddisi deyil?
Barmaqlarını işə salıb günləri saymağa, hesablamağa başladı, di gəl, heç nə anlamadı. Axırda belə nəticə çıxardı ki, təqvimin həmin vərəqi, görünür, başqa aya, yaxud başqa ilə aiddir. Bu dövlətdə gör həyatdan nə qədər geridə qalıblar!
Qalxıb restorana düşdü, səhər yeməyini yeyib avtobusa mindi.
Aeroportda bərk səs-küy vardı. Biri Çilidən, biri İspaniyadan olan bir cüt ər-arvad reysin bu qədər təxirə salınmasına etirazlarını bildirirdi. Onların südəmər körpələri vardı (birində oğlan, birində qız) və tələb edirdilər ki, Aviaşirkət onları zəruri əskilərlə, bələklə təmin eləsin, ya da, heç olmasa, həmin şeyləri təyyarədə boş-boşuna toz basan çamadandan götürmələrinə icazə versinlər. Pəncərə arxasındakı qız özünü hər vasitə ilə müdafiə etməyə çalışır, eyni yeknəsəq sözləri dönə-dönə təkrar edirdi: Aviaşirkət gözlənilməyən gecikmə ilə əlaqədar yaranmış bütün narahatlıqları imkan daxilində aradan qaldırmağa çalışacaq…
Qabaqcadan gözlənilməyən gecikmə. Yubanma. Dayanacaq. Qeyri-iradi. Gözlənilməz…
Serxio Rivera bu sözləri eşidə-eşidə sanki yenidən doğulurdu. Yəqin, məhz elə bunu istəyirmiş. Həmişə, hər zaman, bütün həyatı boyu. (Çünki onun həyatında hamısı tərsinə idi – zəruri, təxirəsalınmaz, təcili, daimi tələskənlik.)
Gəzə-gəzə aeroportdakı yazılara diqqət yetirdi: “Çıxış”, “Gələn sərnişinlər üçün”, “Gedən sərnişinlər üçün”, “Valyuta mübadiləsi”, “Kişilər üçün”, “Valyuta mübadiləsi”, “Xanımlar üçün”, “Giriş qadağandır”, “Tranzit sərnişinlər üçün”, “Qəlyanaltı”…
Hamısı tanış, hamısı doğma.
Hərdənbir o tanış qadın səsi növbəti təyyarənin gəlməsi, yaxud getməsi barədə elan verirdi. Amma 914 nömrəli reys barədə başqa heç bir bildiriş olmadı. Hərəkətsiz təyyarə eləcə otluqda dayanmışdı, yan-yörəsində də kombinezonlu mexaniklər vurnuxur, fəhlələr uzun şlanqları, təyyarəyə aid müxtəlif avadanlıqları gah yaxına gətirir, gah geri aparır, ordan-bura, burdan-ora daşıyırdılar.
“Sabotajdı bu, əsl sabotaj” – birinci klasda uçan ucaboy italyan qışqırdı. Rivera cəld tərpənib, tədbirini gördü – Aviaşirkətin pəncərəsinə yaxın yerdə durdu. Bilirdi ki, indilərdə radio ilə gözlənilməyən gecikmə barədə məlumat veriləcək, o da axşamkı şam, sabahkı səhər yeməyinin və mehmanxana nömrəsinin talon növbəsində birinci olacaqdı.
Hələ də bir-birinin əlini buraxmayan Gertruda ilə Madlena böyründən kirimişcə keçib getdilər. İndi qızcığazlar ikisi də kuklasız idilər. Bir-birinə oxşayan bu uşaqların da, deyəsən, Serxio Pivera kimi, gözlənilməz şəraitə heç bir etirazları yox idi (görəsən, bunlar həminki qızlardı, ya başqası? Avropadakı bütün sarışınlar bir-birinə oxşayır).
Fikirləşdi ki, indi işgüzar görüşlərin hamısını təxirə salmaq lazım gələcək. Hamısını, hətta filankəslə görüşü də. “Nə idi onun adı?.. İndi yada salaram. Hə, gəl yada salaq, heç olmasa, bircəciyinin adını xatırlamağa çalışaq. Yox, yadıma düşmür, hamısını bir nəfər kimi unutmuşam!” Serxio bərk sevindi.
Birdən gözünə elektrik təqvimin işıqlı, parıltılı rəqəmləri sataşdı: “7, bazar ertəsi”.
Cəfəngiyyata bir bax! Qərara aldı ki, fikir verməsin. Və məhz elə bu zaman geniş zal yeni gələn sərnişinlərlə doldu.
Sərnişinlərin arasında Rivera cavan bir oğlanı görəndə qanı qaynadı, ürəyində tanış və çoxdankı sevgini, nəvazişi hiss elədi. Cavan oğlan Serxionun üzünə baxmadan düz yanından ötüb keçdi. O, yaşıl şalvarlı, qara şəkməli bir qızla danışırdı. Sonra bufetə yönəlib, ordan iki stəkan portağal şirəsiylə qayıtdı. Rivera yaxınlıqdakı divanda oturub tilsimlənmiş kimi cavanlardan göz çəkmirdi.
“Qardaşım deyir ki, burda bir saatacan qalacağıq”, – qız dilləndi.
“Mən tez gedib çatmaq istəyirəm”, – cavan oğlan dəsmalla dodağını sildi.
“Elə mən də”, – qız tələsik cavab verdi.
“Hamısını mənə yazarsan, – oğlan dedi. – Kim bilir, bəlkə də görüşdük. Belə baxanda, biz axı bir-birimizə yaxın yerlərdə olacağıq”.
“Gəl ünvanlarımızı elə indidən yazaq”, – qız təklif elədi.
Oğlan cibindən qələm çıxartdı, qız da qırmızı qeyd dəftərçəsini açdı. Serxio Rivera dodaqlarını bərk-bərk sıxıb, onların iki addımlığında oturmuşdu.
“Yaz, – qız dedi. – Mariya Elena Suares. Köniqştrasse, 21, Nürinberq. Bəs səninki necədir?”
“Eduardo Rivera, Laqerqasse, 9, Vena-üç.
“Sən orda neçə müddət qalacaqsan?”
“Hələlik bir il.”
“Bəxtəvərsən ki! Bəs atan razıdır?”
Oğlan nəsə dedi, amma Serxio eşitmədi, çünki bu vaxt radioda tanış səs bu dəfə bir qədər titrək halda elan elədi: “Aviaşirkət bildirir ki, texniki nasazlıqla əlaqədar 914 nömrəli reysin uçuşu sabaha keçirilir. Uçuşun vaxtı barədə əlavə məlumat veriləcək…”
Radiodan eşidilən qadın səsi susdu və Serxio yenidən cavan oğlanın səsini eşitdi:
“…sonrasına qalanda da, o mənim doğma atam deyil, atalığımdır. Mənim atam ölüb, çoxdan ölüb. Təyyarə qəzasında həlak olub”.
Çevirəni Mahir N.Qarayev