Bir cümləlik məktub (Hekayə)
- 08 İyul 2022
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Mərdan kişi yaxşı bilirdi ki, heç kəs sovetin qanunlarına qarşı gedə bilməz. Başqalarından fərqli olaraq o, həmişə öz mövqeyində durub, qanunun aliliyinə də hər zaman yüksək qiymət verirdi. Əsgərlik məsələsinə də çox ciddi baxırdı. Oğlunu əsgərliyə yola salmazdan bir gün qabaq oğlu ilə əsgərlik mövzusunda xeyli söhbət etmişdi. Bəri başdan deyim ki, Mərdan kişinin oğulları çox mərifətli, böyük-kiçik yeri bilən idilər. Orta məktəb müəllimləri də onlardan çox razılıq edirdilər.
Mərdan kişi yatağından erkən qalxıb əl-üzünü yuduqdan sonra mətbəxə keçib həmişə olduğu kimi yüz qram içmək üçün qəlyanaltı təşkil etdi. Demək olar ki, bu, Mərdan kişidə vərdiş halını almışdı. Uşaqların anası bundan çox narahat idi, uşaqlara görə abır-həya saxlayır, çox şeyi üzə vurmurdu. Mərdan kişi çağırışçı vərəqini tapıb oğluna səsləndi:
– Zəfər, oğlum, hardasan, gecikmək olmaz, vaxtında getmək lazımdır.
Zəfər mal-qaranı yerbəyer etdiyinə görə atasının səsini eşitmədi. Zəfər atasından da tez oyanmışdı. O, tövlə işini sahmana saldıqdan sonra əl-üzünü yuyub süfrəyə oturdu. Anası sağ olsun, Zəfərin əsgərliyə hazırlaşdığını bildiyinə görə əvvəlcədən bütün hazırlıqları görmüşdü. Zəfər rahat yeməyini yeyib Allahına dua etdi. Anasıyla görüşmək üçün yan otağa keçdi. Anası bir az xəstə olduğuna görə yatağından durmamışdı, amma Zəfəri gözləyirdi. Zəfər ona yaxınlaşanda ananın hərəkətlərini görən olsaydı, sanki onun qollarının havada heykəlləşmiş olduğunu görər, çarəsiz bir vəziyyətin, həm də imdad diləyən bir səhnənin şahidi olardı: “Oğlum, sən məni kimin ümidinə qoyub gedirsən?”
Sözün doğrusu, Zəfər anasından bu sualı gözləyirdi. Bildikləri bəzi şeylər vardı ki, hamısını içində gizlətmişdi. Atasının xasiyyətini bildiyi üçün çox məsələləri üzə vurmurdu. Bəzi məsələləri qardaşı Səfər bilsəydi, evdə qanqaralıq düşərdi. Anası həmişə xahiş edirdi ki, bu məsələləri Səfər bilməsin. Bir sözlə, ataları içkiyə qurşanmışdı. Bu mövzuda onunla söhbət etmək çox mənasız idi. Zəfər bilirdi ki, o, getdikdən sonra atası anasını incidəcək. Dözməkdən başqa çarə görmürdü. Anası ilə vidalaşmaq onun üçün ən dəhşətli imtahan idi. Hansı oğul bu ayrılığa dözər!
Ananın hıçqırığından evin pəncərələri də səs salırdı. Zəfəri dəhşət bürümüşdü, o, heç vaxt düşünməmişdi ki, anası özünü bu qədər çarəsiz, tənha hiss edər. Zəfərin elə bil ki, dili tutulmuşdu. Anasının bu vəziyyəti onu narahat etməyə başladı. Çalışdı ki, ürək-dirək versin, lakin onu sakitləşdirmək çox çətin idi. Anasını bağrına basdı:
– Anacan, sən belə davam etsən, mən bu intizara çətin ki, dözəm, – deyib o da ağlamağa başladı.
Elə bu anda Mərdan kişi içəri girdi:
– Ay arvad, bu nə ağlaşmadır qurmusan? Oğlumuz əsgərliyə gedir, sən sevinmək əvəzinə ağlayıb uşağın da ürəyini üzürsən, bəsdi ağladığın!
Zəfər atasından xahiş etdi ki, onu bayırda gözləsin. Mərdan kişi oğlu Zəfərin ağıllı oğlan olduğuna görə onun bir sözünü iki edə bilmirdi:
– Nə deyirəm, ay oğul, maşına gecikməyək.
Elə Zəfərin özü də istəmirdi ki, anasını çox incitsin, bilirdi ki, məsələ uzandıqca anası özünü pis hiss edəcək. Zəfər anasını bərk-bərk qucaqlayıb doyunca öpdükdən sonra, anasının hazırladığı çantanı alıb evdən çıxdı. Atası onu bayırda gözləyirdi. Yaxınlaşıb: “Gedək ata” dedi.
Onlar komissarlığa vaxtında gəlib çatmışdılar. Hərbi komissar çox yaxşı insan idi, valideynləri də maşınla aparmağı əmr etdi. Biləcəri Çağırışçı Məntəqəsinə də vaxtında yetişdilər. Hamı kimi onlar da rahat bir yerə çəkilib komissiyanın qərarını gözləyirdilər. Bu dəmdə ata-oğul başqa bir mənzərə ilə qarşılaşdı. Atasının bir neçə dostu özlərini yetirdilər. Bir az narazılıqlarını bildirdilər ki, niyə onlara da xəbər verilməyib?!
“Bir-birimizə dost deyirik, nə oldu, Mərdan? Zəfər də bizim balamız sayılır. Elimiz-obamız yaxşı bilir ki, biz dar günün dostuyuq, bu gün övladımız əsgərliyə gedir, amma biz əmilərin xəbəri yoxdur! Camaat bizə nə deyər?” söyləyib incikliklərini dilə gətirdilər.
Mərdan kişi dostlarının bu canıyananlığından təsirlənərək: “Dostlar, düz deyirsiniz, sadəcə sizə əziyyət vermək istəmədim. Məni bağışlayın, bir də belə səhv buraxmaram” deyə dil-ağız etdi.
Zəfər atasının dostlarının məqsədini yaxşı başa düşürdü, belə bir gündə atasının xətrinə dəymək istəməyib susmaq qərarına gəldi.
Dostlar niyyətlərini yerinə yetirmək üçün Zəfəri su almağa göndərdilər. Zəfər onların niyyətlərini çox yaxşı bilirdi. Gələn dostlar vaxt itirmədən özləri ilə gətirdikləri arağın ağzını açıb növbə ilə boğazlarını yaşladılar. Demək olar, dostlar öhdəliklərini yerinə yetirmişdilər.
Nəhayət, axşama doğru Zəfərgil yola düşdülər. Zəfərin atası özünü həmişə təmkinli aparsa da, bu dəfə dözmədi. Dostlarından ayrılıb yetim, kimsəsiz, tənha uşaqlar kimi ağlamağa başladı. Sözün doğrusu, dostları onun bu hərəkətinə inanmaq istəmirdilər, lakin şahidi oldular ki, övladdan ayrılmaq nə deməkdir. Dostlar onun qoluna girib ürək-dirək verdilər, səbirli olmağı tövsiyə etdilər. Dostlarının dediklərini Mərdan kişinin qulaqları eşitmirdi, fikri Zəfərin yanında qalmışdı. Zəfərlə keçirdiyi günləri, ata-oğul söhbətlərini xəyalından keçirirdi. Etdiyi səhv hərəkətlər, haqsızlıqlar indidən onu rahat buraxmırdı. Övladlarının analarına qarşı göstərdiyi əzazillik yadına düşəndə özü-özündən utanmağa başladı.
Onlar kəndə çatanda artıq hava qaralmışdı. Həm də bərk acmışdılar. Bir yeməkxanada oturub çörək yemək qərarına gəldilər. Pulu olmayanlar naz etsələr də, Mərdan kişi dostlarını birinci gün tanımırdı ki, onların da dediklərinə razılıq versin:
– Dostlar, – dedi, – siz bu gün mənim qonağımsınız, heç şeydən narahat olmayın, qardaşınız ölməyib ki, getdik!
Bu bir həqiqətdir ki, Mərdan kişi əliaçıq adam idi. Həmişə olduğu kimi pulu olmasa, mərdi-mərdanə deyərdi ki, pulum yoxdur. O gün Zəfərə görə hazırlıqlı gəlmişdi. Dostlar yedilər, içdilər, çoxlu sağlıqlar dedilər, Mərdan kişini ilahiləşdirdilər, onun əliaçıqlığından uzun-uzadı danışdılar. Nəhayət, Mərdan kişi söz alıb danışmağa başladı:
– Mənim əziz dostlarım, məni bu gün tək buraxmadığınıza görə sizə minnətdaram, hər biriniz mənim üçün çox əzizsiniz. Qardaşlar, sizə bir xəbəri vermək istəyirəm. Mən bu gündən içki içməyi tərgidirəm. Tövbə edirəm!
Dostlar Mərdan kişinin bu çıxışından sonra təəccüblə bir-birinin üzünə baxaraq bu çıxışı bir zarafat hesab etsələr də, bu bir həqiqət idi.
Zəfərin əsgərliyə getdiyi gün Səfər dostları ilə meşəyə odun gətirməyə getmişdi, evə qaranlıq düşəndə qayıtdı. Evə keçməmiş tövləyə, mal-qaraya baş çəkdi. Evə girəndə çox əcaib bir mənzərə ilə qarşılaşdı. Evin baş tərəfindəki taxtın üstündə yatan atası gah xoruldayır, gah da əcaib səslər çıxarırdı. Səfər bu mənzərəni görüb çox əsəbləşmişdi. Öz-özünə danışırdı: “Ayə, Səfər, səni görüm oğul öləsən, meşəyə getməyi bu günə salmasan, dünyamı dağılardı? Anam yazıq yataqda xəstə yatır, atamın içkidən başı ayılmır. Adam bu dərdə necə dözə bilər, İlahi?! Qonum-qonşu bizi abırlı bir ailə kimi tanıyırdı. İndi mən bu piyanıska atamla qaldım baş-başa, qonşuların üzünə düz baxa bilmirəm. Hələ bir ayılsın, mən ona nə deyəcəyimi yaxşı bilirəm. Özünü vurub dəlioğlanlığa, bildiyi hərəkəti edir. Anamla da danışmalıyam, görüm o nə deyir”.
Bu dəhşətli mənzərə Səfəri dinc buraxmırdı. Bir müddət atası yatan köhnə taxtın cırıltısına diqqət etdi. Əsəbilikdən özünə yer tapmırdı, az qalsın atası yatan taxtı çevirsin. Taxtın çıxartdığı səs elə bil ki, Səfərə qıcıq verirdi. Hirsinə hakim olmaq üçün Allaha yalvarırdı. Həyətə çıxdı. Anası oğlunun bu acınacaqlı vəziyyətini görüb yataqdan çox çətinliklə qalxıb divardan tutuna-tutuna Səfərə yaxınlaşdı:
– Oğlum, nədir bu halın, səhərdən fikir verirəm özünə yer tapmırsan.
– Ay ana, guya bilmirsən niyə bu günə düşmüşəm…
– Bilirəm, oğul, mən çox şeylər bilirəm, sənin xəbərin yoxdur, başın işə qarışıb. Atan içdikdən sonra mənim də günümü qara edib, mənə əl qaldırıb, nalayiq sözlər işlədib, hamısını sizdən gizlətmişəm. Gecə-gündüz yorğanı başıma çəkib öz dərdimə ağlamışam.
Səfər anasına yaxınlaşdı. Çarəsiz, ümidsiz görünən gözləri, vaxtından əvvəl ağarmış saçları, övladlarının xoşbəxtliyi uğrunda bütün əzablara dözən, imdad diləyən, hər şeydən əlini üzmüş bir ana ilə qarşılaşdı. Anasına sarıldı, ananın zəif bədəni qolları arasında əriyib gedən bir ana obrazını xatırladırdı. Tanrının özü qədər müqəddəs ana dünyanın ən aciz bəndəsinə çevrilmişdi. Səfəri dəhşət bürümüşdü, bir söz soruşmaq iqtidarında deyildi. Çabalayıb özünü ələ almağa çalışırdı ki, anasının boğuq səsi onu ayıltdı:
– Oğlum, mən sizə paklığı, qeyrətli olmağı, böyük-kiçik yeri bilməyi, gözütoxluğu, məğrurluğu öyrətdim. Oğlum, dünyanın işini bilmək olmur, əgər mənim başıma bir iş gəlsə, Zəfəri sənə əmanət edirəm. Söz ver!
Səfər anasının bu sözlərindən çox təsirləndi:
– Anam mənim, sən mənə əmr et, sənin hər bir sözün mənim üçün qanundur! Zəfər mənim namusum, qeyrətim, aldığım nəfəsimdir.
Səfər anasının nə demək istədiyini eşidər-eşitməz hönkür-hönkür ağlamağa başladı. Səfər hiss etdi ki, anası huşunu itirib, onu yatağına götürüb, qonşuları çağırdı. Gələnlərdən biri tibb bacısı idi. Tibb bacısı Səfəri başa saldı ki, təcili həkim çağırmaq lazımdır.
Xəstəxananın baş həkimi Səfərin yaxın qohumu idi. Həkim gəldiyində Almaz xanım gözləri tavana zillənmiş halda sakitcə ağır-ağır nəfəs alırdı. Həkim Almaz xanıma anası qədər hörmət edirdi. Onu çox ciddi müayinə etdikdən sonra müalicə üçün nə lazımdırsa, öz göstərişlərini verdi. “Sistem qoymağı yubatmaq olmaz!” dedi.
Səfər sağ olsun, bir göz qırpımında hər şeyi həll etdi. Qonşu tibb bacısı həkimin təyin etdiyi müalicəyə başladı. Bəri başdan deyim ki, sistemdən sonra Almaz xanım özünə gəlmişdi. Evdə rahatlıq hökm sürürdü. Qonşu otaqdan Mərdan kişinin səsi gəlmirdi. Səfərin ürəyinə dammış kimi, elə bil ki, onu tok vurdu. Atası yatan otağa baxmaq qərarına gəldi. Evin yuxarı başında atası yatan köhnə taxt artıq səs salmırdı. Səfər səhərə qədər bu hadisəni hamıdan gizlədəsi oldu. Səfərin o gecə gözünə yuxu getmədi. Səhərə yaxın anasının səsini eşitdi. Qaçaraq anasının yanına gəldi. Anası yataqda oturmuşdu.
– Necəsən, ay ana?
– Yaxşıyam, oğul, amma yuxumu yaman qarışdırmışam, atan evə gəldimi?
– Gəlib, ay ana, yatır.
– Oğlum, mane olma, qoy yatsın. Görünür, dünən Zəfəri yola salanda çox yorulub.
Səfər yuxudan ayılmış kimi oldu. Anasının dünən etdiyi şikayəti hara, bu gün atasının vəziyyəti ilə maraqlanmağı hara. O, indi başa düşdü ki, bunların arasında olan narazılıq müvəqqəti imiş. Onlar bir-birini sevirlər. Bir-birinin qeydinə qalırlar.
Səfər həyətə çıxdı, dağları seyr etdi, qapıdakı alma ağacının dibində oturub yetim uşaqlar kimi ağlamağa başladı. Öz-özünə sual verdi: “Görəsən, anam atamın yoxluğuna necə dözəcək?!..”
Səfər atası barədə düşündüklərini unutmağa çalışsa da, artıq gec idi. O, əmin oldu ki, atası heç kəsə əziyyət vermədən dünyasını dəyişsə də, bu fani dünyadan köçərkən gözü arxada qalmadı. Bunları düşünərkən anası Almaz xanımın boğuq, zəif səslə atasının yanında oturub ağlaması Səfəri ayıltmış kimi oldu. Kövrək addımlarla anasına yaxınlaşdı, onu bağrına basıb ağlamağa başladı:
– Ana, indi biz yetim qaldıq, səbirli olmaq lazımdır.
Az bir müddət sonra Mərdan kişinin ölüm xəbəri bütün elə-obaya yayıldı. Səfər atasının dəfn mərasimini atasının adına layiq şəkildə təşkil etdi. Gələn camaat Səfərə başsağlığı verir, Mərdan kişinin xeyirxahlığından söz açırdı.
Bu hadisədən qırx gün keçdi, Zəfər də icazə alıb atasının qırx mərasimində iştirak etmək üçün gəlmişdi. Bir neçə gün sonra qardaşlar anaları ilə oturub atalarını yad etməyə başladılar. Zəfər başını aşağı salaraq:
– Atamın ölümünə mən səbəb oldum, – dedi. – Əsgərliyə gedərkən cibinə bir məktub qoymuşdum. Sonuncu cümləm belə idi: “Ata, anamı incitsən, içkiyə tövbə deməsən, kəndimizə qayıtmayacağam”. Görünür, rəhmətlik məktubu oxuduqdan sonra dostlarının yanında içkini atacağına və tövbə edəcəyinə söz verib!
Çox təəssüflər olsun ki, tövbə məsələsini övladlarına demək Mərdan kişiyə nəsib olmadı…
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim