30 iyun – görkəmli şairimiz Əli Kərimin vəfatı günüdür. Novator.az saytı şair Mahir N. Qarayevin Əli Kərimin xatirəsinə yazdığı “Yağış” şeirini təqdim edir.
YAĞIŞ
O yay axşamı
yağış həsrətilə yanırdı hamı!
Yanırdı dünyanın torpağı, daşı,
göylərin yalanı, düzü yanırdı;
Ağlaya bilənin gözünün yaşı,
ağlayammayanın gözü yanırdı!
O yay axşamı
ümidlər, arzular pərən-pərəndi;
hər küncü darısqal bir qəfəs kimi
taxta pəncərəli dar otağıydı…
Köhnə xatirələr
sönən işıq kimi, batan səs kimi
təsəlli deyildi qəlbə, dağıydı!
O yay axşamı
hərəsi otağın bir bucağında
istidən-tüstüdən didərgin kimi
bir qadın, bir də ki, üç uşağıydı…
Tanrı uzağıydı –
çoxdan olub keçən, itən gün kimi,
həkim də dünyanın ən yazığıydı!
Və bir də
o axşam, o yayın günü,
o əsrin, o ilin, o ayın günü,
iyunun son günü –
son iyun günü
üç igidin teli üç kəhər atın
uzun yalı kimi tumarlanırdı;
Səssiz hönkürürdü gendə bir qadın,
yağış həsrətilə hamı yanırdı!
Mahir N. Qarayev