Putini tərk edənlərin sayı niyə azdır? – “Bloomberg”
- 03 İyun 2022
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Bir sıra analitiklər hesab edirdilər ki, Rusiya prezidenti Vladimir Putinin fevralın 24-dən Ukraynada başlatdığı total müharibə, buna cavab olaraq demokratik dövlətlərin sərt sanksiyalara əl atması tezliklə Rusiyanın siyasi elitasında da ciddi çaxnaşmalara səbəb olacaq. “Bloomberg” agentliyinin məşhur yazarı, Almaniya vətəndaşı olan Leonid Berşidski bu proqnozların özünü doğrultmadığı fikrindədir.
Novator.az-ın məlumatına görə, Leonid Berşidski “Bloomberg”in internet səhifəsində dərc olunan “Putinin gəmisini tərk edən iri siçovulların sayı niyə azdır?” başlıqlı məqaləsində bildirir ki, rus siyasi elitasında dağılma hiss olunmur.
Rusiyanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin müşaviri Boris Bondaryovun may ayında Ukraynaya hərbi təcavüzü pisləyərək istefaya getdiyini xatırladan Leonid Berşidski qeyd edir ki, bu addım kimlərəsə Putin sisteminin çat verməsi kimi görünə bilər: “Ancaq Ukraynada müharibə Rusiyanın bir sıra uğursuzluqları ilə müşayiət olunsa da, Kremldən üz döndərən tanınmış şəxslərin sayı elə də çox deyil. Rusiya siyasi elitasının dağılmaqda olduğu duyulmur. Putin dövrünün dövlət xadimlərinin əksəri rejimin yanında olmağı ondan üz döndərməkdən üstün tutur.
Silahlara nəzarət üzrə ixtisaslaşan Boris Bondaryov müharibənin davam etdiyi üç aydan artıq müddətdə Xarici İşlər Nazirliyini tərk etmiş yeganə vəzifəli diplomatdır. Ukraynaya hücum başlanandan bəri, tutalım, xarici işlər nazirinin müavinlərindən və ya Rusiya səfirlərindən heç biri Putinin gəmisini tərk etmək iddiasına düşməyib. Halbuki xarici işlər naziri Sergey Lavrov hər cür diplomatik qaydaya tüpürüb bütün varlığıyla müharibəyə haqq qazandırmaqla məşğuldur.
Lavrov bəyan etdi ki, Ukraynanın yəhudi əsilli prezidenti Vladimir Zelenski çox asanlıqla nasist ola bilər, çünki Lavrovun iddiasına görə, Adolf Hitlerin də qanında yəhudi qanı olub. Bununla belə Bondaryova istefa vermək üçün müharibədən üç ay, Lavrovun antisemit ifadələrindən isə üç həftə sonranı gözləmək lazım gəldi. Bondaryov nazir Lavrovun ünvanına “davamlı olaraq ziddiyyətli bəyanatlar verir” kimi diplomatik baxımdan yumşaq tənqidlər söyləməklə kifayətləndi”.
Müəllif daha sonra Putinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın müharibə barəsində açıq bir şöz söyləmədən kiçik postunu sakitcə tərk etdiyini xatırladır.
Leonid Berşidski Rusiyada rəsmi təbliğatı aparan bəzi adamların, dövlət televiziyası rəsmilərinin Putinin siyasi gəmisindən təsirli şəkildə atıldığına da diqqət çəkir. Bu sırada o, Rusiyanın 1-ci kanalında canlı yayım zamanı kamera qarşısına keçərək müharibə əleyhinə şüar qaldıran Marina Ovsyannikovanı, Kremlyönlü Lenta.ru saytında qısa müddətə də olsa Putin əleyhinə yazılar yerləşdirən iki redaktoru misal göstərir: “Kremlin əsas təbliğat ruporlarından olan “Rossia Today” şəbəkəsinin baş meneceri Kirill Karnoviç-Valua isə gəmini daha sakit şəkildə tərk etdi. O, eləcə rəhbərlik etdiyi yaradıcı qrupun “Rossia Today” şəbəkəsində qalıb dövlət üçün işləməyə davam etməsindənsə startap kimi işləməsinə üstünlük verdiyini hiss etdirməklə kifayətləndi”.
Bəzi iş adamlarının Ukraynaya hücumu pislədiyindən də söz açan müəllif bildirir ki, onlardan ən məşhuru “Tinkoff Bank”ın və sığorta şirkətlərinin sahibi kimi ad şıxarmış milyarder Oleq Tinkovdur: “Ukraynanın və başqa ölkələrin media qurumları Rusiyanın qaz ixracı müqavilələri üzrə xidmət göstərən “Qazprombank” bankının vitse-prezidenti İqor Volobuyevin işdən çıxdığı haqda da məlumat tirajlayıb. Volobuyev ukraynalıdır. Xəbərlərdə onun təkcə işdən çıxmadığı, həm də vətəninə dönüb müdafiə qüvvələrinə qoşulduğu bildirilir. Bu hadisənin çəkisi o zaman ağır olardı ki, digər banklardakı kimi “Qazprombank”ın da vitse-prezidentləri müflisləşməyəydi”.
Leonid Berşidski yazır ki, Rusiyada onlarca mədəniyyət xadimi Ukraynanın işğalına etiraz olaraq dövlət vəzifələrindən istefa verib və ya ölkəni tərk edib: “Nazirlərin, generalların, dövlət televiziyası rəhbərlərinin rejim əleyhinə çıxacağını gözləyənlər isə yanılıblar. Təcavüzə qarşı səsini qaldıranlar arasında repçilər, balet artistləri, rejissorlar, orkestr drojoru da var. Ancaq onlar Putin rejiminin sütunları hesab olunmurlar. Kreml onları çox asanlıqla digərləri ilə əvəzləyə bilər”.
“Putinin gəmisini tərk edən iri siçovulların sayı niyə azdır?” məqaləsində vurğulanır ki, indiki rejim iyirmi ildən artıq müddətdə xalqın düşüncələrini özünə tabe edə bilib: “Ona görə rus generalına və ya nazirinə ölkədə rəsmən “xüsusi hərbi əməliyyat” adlandırılan bu müharibəni pisləyəcəyi halda bunun nə ilə nəticələnəcəyi bəlli deyil. Unutmayaq ki, son aylarda Putinlə münasibəti korlamağa cəhd etmiş kiçik vəzifəli məmurlar belə rus mühacir icmasının səs-küylü müqaviməti ilə üzləşib”.
Müəllif bu müqavimətin səbəbini belə izah edir: rejimə etiraz edənlər bir vaxt ona xidmət etmiş insanlardırsa, etirazları nə qədər alqışlansa da, əslində ürəyində heç kim onlara isti münasibət bəsləmir: “İndiki alqışlar eləcə üzüdönüklüyü cəlbedici göstərmək üçündür. Perspektivdə isə Putinə uzun müddət xidmət etmiş insanların Qərbdə gələcəyi yoxdur. Orada rusiyalı mühacirlərə keçmişlərinə görə həmişə şübhə ilə yanaşacaqlar. Onlar karyeralarında və işlərində daima çətinliklərlə üzləşəcəklər. Vətəndə isə Rusiyadan mühacirət edənlər satqın kimi qəbul olunacaq, adları bütün rəsmi mənbələrdən silinəcək, əmlakları, qohumları və dostları təhlükə altında qalacaq”.
Leonid Berşidskinin qənaətinə görə, kim Putinin bişirdiyi tortdan dadmaq istəyirsə, həmin tort kəsiləndə ya Moskvada, ya da paytaxta yaxın bir yerdə olmalıdır: “Almaniyada faşizmin süqutundan sonra bəzi alman mühacirlərin (kansler Villi Brandt kimi məşhur şəxslər istisna olmaqla) sonradan öz vətənində qol-qanad açması heç də mühacirətdən dönüşün uğurlu olacağına dəlalət etmir”.
Bütün bunlara əsaslanan Leonid Berşidski Putinin gəmisini tərk edən iri siçovulların sayının niyə az olması sualına belə cavab verir ki, Rusiyanın mühüm postlarda çalışan məmurları, hərbçiləri və varlı-hallı iş adamları Kremlin Ukraynaya təcavüzünü pisləyəndə nə qazanacaqlarını bilmirlər, amma nələri itirəcəkləri onlara yaxşı bəllidir.
Məqalənin sonunda müəllif onu da vurğulayır ki, siyasi elitada müstəqil fikrin yoxluğu Putini sevindirməməlidir: “Putinin tərbiyə etdiyi Rusiya elitasında səmimi duyğulara yer olmaması, rüsvayçı vəziyyətlərə biganə yanaşılması bu elitanın insani keyfiyyətinin, intellektual səviyyəsinin aşağı düşdüyündən xəbər verir. Bondaryovun istefa ərizəsində yazdığı kimi: “Təəssüf hissi ilə etiraf etməliyəm ki, bütün bu iyirmi il ərzində Xarici İşlər Nazirliyinin fəaliyyətində yalanın və qeyri-peşəkarlığın səviyyəsi daima artıb. Son illərdə isə bu, faciəvi həddə çatıb”.
Belə insanların rəhbərliyi altında – istər Putinin dövründə olsun, istərsə də o, gedəndən sonra – Rusiya yalnız axsamağa və itirməyə məhkumdur”.
Mənbə: Bloomberg.com