Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin sorğusuna baxaraq “Banklar haqqında” qanunun 71, 81 və 82-ci maddələrini şərh edib. Novator.az-ın məlumatına görə, sorğuda göstərilib ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvedici təyin olunduğu bankların sığorta hadisəsinin baş verdiyi tarixə qədər verdiyi kreditlərin təminatı olan girov predmetlərinin eyni zamanda Mərkəzi Bank qarşısında da yüklü edilməsi halları var: “Belə kreditlər üzrə borclu ləğv prosesindəki bank qarşısındakı öhdəlikləri tam yerinə yetirdiyi halda “Banklar haqqında” qanunun 82-ci maddəsinə əsasən, Mərkəzi Banka ödənişlər növbəlik qaydasında həyata keçirildiyinə görə ləğv prosesindəki bankın Mərkəzi Banka olan öhdəliyinin növbədənkənar icra edilə bilməməsi həmin kreditin təminatı olan girovun Mərkəzi Bank qarşısındakı yüklülükdən azad olunmasını mümkünsüz edir. Bu halda borclu ləğv prosesindəki bank qarşısındakı kredit öhdəliyini yerinə yetirməkdə maraqlı olmur, bankların ləğv prosesinin yekunlaşdırılması ləngiyir, o cümlədən borcluların və kreditorların haqlı narazılığı yaranır.
“Banklar haqqında” qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlərin realizasiya qaydası tənzimlənir. Həmin maddəyə əsasən, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənir. Təminat kreditorların tələbini tam ödəmədikdə ödənməmiş məbləğ təminatsız kreditor tələbi kimi “Banklar haqqında” qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəliliklə ödənir.
Nazirlər Kabineti hesab edir ki, “Banklar haqqında” qanunun 81-ci maddəsinin tələbləri həddində, lakin təminatın satışından deyil, borclunun ləğv prosesində olan bank qarşısındakı öhdəliyinin icrası məqsədilə ödədiyi məbləği qanunvericiliklə, o cümlədən “Banklar haqqında” qanunun 71-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərinə əsaslanaraq Əmanətlərin Sığortalanması Fondunun qəbul edərək öhdəliyə xitam verdiyi təqdirdə həmin öhdəliyin təminatı məqsədilə girov qoyulmuş əmlakı həm ləğv prosesində olan bankın, həm də Mərkəzi Bankın yüklülükdən azad etməsi və Mərkəzi Bankın ləğv prosesində olan bank qarşısında tələblərinin həmin qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlik qaydasında ödənməsi məsələsinin həlli baxımından müvafiq normaların əlaqəli şəkildə şərh edilməsinə zərurət yaranıb”.
Plenumun qərarında qeyd olunur ki, fiziki və ya hüquqi şəxslər ləğv prosesində olan kommersiya bankına kredit borcunu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə həmin şəxslərin əmlakı üzərində Mərkəzi Bankın ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir: “Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Mərkəzi Bank zəruri tədbirləri qısa müddətdə həyata keçirməlidir. Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə həmin vəsaitlər fondun “Banklar haqqında” qanunun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Mərkəzi Bankın funksionallığına xələl gətirməməlidir”.