Natiq Cəfərli
Azərbaycanda geniş yayılmış mif var: ölkədə maşın çoxdur deyə Bakıda tıxaclar yaranır, basabasdan tərpənmək olmur. Yanlış təsəvvürdür: problem maşın sayında deyil, qeyri-effektiv idarəetmə sistemində, paytaxtın infrastrukturunun zəlil günə qoyulmasındadır.
2020-ci ilin məlumatlarına əsasən, Azərbaycanda hər 1000 nəfərə 126, Ermənistanda 167, Gürcüstanda 281 avtomobil düşüb. Keçmiş SSRİ məkanının 15 ölkəsi arasında Azərbaycan bu göstəriciyə görə 12-ci yerdədir (bizdən sonra Türkmənistan, Tacikistan və Özbəkistan gəlir).
Ölkənin avtomobil parkının 60 faizi 20 il sürülmüş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı yaralanma, ölüm hallarını artırır, ekologiyaya da ciddi zərər vurur. Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji baxımdan az zərərli maşınların gətirilməsinə mane olur. Səbəb kimi də yanlış mifi əsas gətirir ki, guya ölkədə maşın çoxdur, tıxaclar yaranır.
Bakını baş plan olmadan tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhərin infrastrukturunu pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az – tıxaclara, sıxlığa əsas səbəb bunlardır. Gürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır, belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək.
Çıxış yollarından biri Bakının boşaldılmasıdır – universitetlər, bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi Bakıdan kənara, əsasən də işğaldan azad edilmiş bölgələrə köçürülməlidir.
Digər çıxış yolu isə Bakıda böyük şəhər bələdiyyəsinin və seçkili mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları