Natiq Cəfərli
REAL Partiyası
İkinci Dünya müharibəsindən sonra SSRİ təbliğatı faşizm, nasizm, nasionalizm kimi terminləri öz səhv, dağıdıcı ideologiyasına uyğunlaşdırdı. “Alman faşizmi” deyimini o qədər geniş yaydılar ki, sovet insanı faşizmi yalnız almanlara aid edirdi. Əslində faşizm 1920-ci illərdə İtaliyada yaranmış cərəyan idi, sonra bütün dünyaya yayıldı, bu gün də var, çox güman, sabah da olacaq.
İkinci Dünya müharibəsindən öncə və müharibə zamanı bir çox ölkə insanlığa qarşı cinayət törətdi, biz ancaq Nürnberq tribunalını xatırlayırıq, halbuki Tokio tribunalı da olub, Yaponiya faşizmi də mühakimə edilib. Amma SSRİ qalib ölkələr sırasında olduğu üçün sovet faşizminin cinayətlər ört-basdır edildi. Müharibədən öncə milyonlarla insanı qətl edən Stalin faşizminin müharibə zamanı Şərqi Avropada törətdiyi vəhşiliklər cavabsız, öyrənilmədən qaldı və cəzasızlıq yaratdı.
Əslində İkinci Dünya müharibəsinə qədər sovet xalqı anlayışı yox idi, rejim o qədər qəddar, mənasız və insan təbiətinə yad idi ki, ancaq repressiyalarla ayaqda qalmağı bacarırdı. Müharibə olmasaydı, çox güman, SSRİ 1940-cı illərdə dağılacaqdı, sovet xalqı anlayışını, məfhumunu məhz müharibə formalaşdırdı. Heç də təsadüfü deyil ki, Stalin rejimi 1930-cu illərdə Hitler nasizminə simpatiya ilə yanaşırdı, hətta 1939-cu ilin 23 avqustunda Molotov-Ribbentrop paktı imzalandı, Avropanın diktatorlar arasında ilkin bölüşdürülməsi baş verdi. Hitler rejiminin ən vacib ticarət tərəfdaşlarından biri SSRİ idi – Almaniyaya taxıl, ərzaq, metal, neft və başqa məhsullar ixrac edilirdi, bu isə faşist rejimini gücləndirirdi. Bəlkə də məhz buna görə Stalin son ana qədər Hitlerin SSRİ-yə hücum edəcəyinə inanmırdı.
Bu gün Rusiyanın Ukraynada etdiklərinə rus xalqının böyük əksəriyyətinin susqun qalması, hətta dəstək verməsinin ən böyük səbəbi İkinci Dünya müharibəsindən sonra sovet faşizminin mühakimə olunmamasıdır. Cəmiyyət özünüqoruma instinkti ilə hərəkət edir (təbliğat öz yerində, bunun da böyük payı var), Rusiya cəmiyyəti və xalqı “biz faşist ola bilmərik, biz işğalçı ola bilmərik, biz şəhərləri dağıda, uşaqları qətl edə bilmərik, biz silahsız insanları öldürə bilmərik” kodları ilə düşünüb davranır. Bu, SSRİ təbliğatının bu günə olan əks-sədasıdır. Rusiyalılar təbliğata inanmaq istədikləri üçün inanırlar – əslində alternativ mənbələr tapa, öyrənə bilərlər, amma etmirlər, çünki özünüqoruma instinkti ilə davranırlar.
Mən İkinci Dünya müharibəsinin nəticələrinin yaddan çıxarılmasının, 8 mayın nasizm üzərində qələbə kimi qeyd edilməməsinin də əleyhinəyəm. Bu qələbədə bütün SSRİ xalqlarının, Avropa xalqlarının, ABŞ, Kanada və Avstraliyanın da böyük payı var – nədən bu qələbəni Rusiyaya, ruslara təslim etməliyik? Almaniya məhz 8 may 1945-ci ildə kapitulyasiya imzalayıb – bu, 20-ci əsrin ən böyük faciəsinin bitməsi günüdür.
Əgər bu günü unutsaq, dünyada nasizmlə nasionalizmin fərqini də qarışdırmış olacağıq – indiki Rusiyada məhz nasizm çiçəklənir, sağlam nasionalizm (millətçilik) bütün ölkələrdə var, çox güman, olacaq və artacaq da, çünki belə qəliz zamanlarda mütləq millətçilik önə çıxır. Sivil dünyanın borcudur ki, nasionalizmin nasizmə yuvarlanmasının qarşısını alsın, nasizm kimi insanlıq bəlasının dünyada kökünü kəssin. Sağlam millətçilik ideologiyası siyasi xətlərdən biridir – bunu qəbul etmək də olar, etməmək də, bu cərəyanın cavabı ancaq seçkilərdə verilməlidir. Dünyada ümumiyyətlə ideologiyalar böhranı yaşanır, belə zamanda millətçilik önə çıxır, çıxacaq da – bunu etnik səviyyəyə endirməmək üçün yeni, daha cəlbedici yanaşma lazımdır, bu da vətəndaş millətçiliyidir, yəni etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın rifah içində, hüquq çərçivəsində yaşamasıdır.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları