Fransanın mədəniyyət naziri Roselin Baçelot “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunu İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər rütbəsinə layiq görüb.
Təqdimat mərasimi Fransanın Azərbaycandakı səfirliyində olub.
Ordeni Şahbaz Xuduoğluna Fransanın Azərbaycandakı səfiri Zakari Qross təqdim edib.
Səfir çıxışında bildirib ki, “Qanun” nəşriyyatı fransız dili də daxil olmaqla müxtəlif xarici dillərdən azərbaycancaya sanballı əsərləri tərcümə edir. Zakari Qross bu baxımdan Nobel mükafatı almış yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcüməsini xüsusi qeyd edib.
Novator.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən Şahbaz Xuduoğlu bildirib ki, Fransanın yüksək ordeninə layiq görülməsi ondan ötrü gözlənməz olub: “Mən uzaq bir dağ kəndində – Hamarkənddə doğulmuşam. Ailəmiz böyük, evimiz kiçik idi. Evin bir küncündə əllə yonulmuş taxtalardan hazırlanan kitab şkafı vardı. Üstündən güllü nimdaş çit örtük asılmışdı. Anam yalnız kitab oxumaq lazım olanda şkafa yaxınlaşmağa icazə verərdi.
Uzun qış gecələrində o pərdənin altından kitab götürüb birimiz ucadan oxuyar, qalanları həm dinləyər, həm də pambıq, yun didər, xalça toxuyardı. Əllərimiz gördüyümüz işdə, xəyalımız isə oxunan kitablarla səyahətə çıxardı. Dünya haqqında təsəvvürlərim, xəyallarım o kiçik kitabxanadan başlayıb.
Mən bu gün evimizdəki o balaca kitabxananı böyütməklə məşğulam. O kitabxanada fransız ədəbiyyatından yalnız bir nümunə var idi – Viktor Hüqonun “Səfillər” romanı. Romanda təsvir olunan küçələrlə keçər, hadisələrin iştirakçısı olar, xəyal gücümüzlə bir parisliyə çevrilərdik…
Bu mükafata layiq görüldüyüm barədə məktub alandan sonra iki iş gördüm. Birincisi, fransızcadan çevirib nəşr etdiyimiz kitabları saydım. Sayı 100-dən çoxdur. Demək, artıq Fransa minlərlə azərbaycanlının xəyal dünyasında yaşayır. İkincisi, Fransa-Azərbaycan ədəbi əlaqələrini araşdırdım və özüm üçün çox maraqlı məqamlar aşkar etdim. Sən demə, Azərbaycan ədəbiyyatının ilk romanı hesab olunan “Rəşid bəy və Səadət xanım”ı İsmayıl bəy Qutqaşınlı fransızca yazıb və 1835-ci ildə Varşavada nəşr etdirib.
Başqa bir maraqlı fakt: fransızcadan azərbaycancaya ilk tərcüməçi Mirzə Fətəli Axundovun oğlu Rəşid bəy olub – “Balaca parislinin həyatı”. Bu kitab 1930-cu illərdə Bakıda nəşr edilib.
Əslində, Azərbaycan maarfçiliyinin tarixi də Fransa ilə bağlıdır. Mirzə Fətəli Axundovun yaradıcılığı buna bariz nümunədir. Onun komediyalarında Molyerin təsiri inkaredilməzdir. Jurnal və qəzetlərin nəşri də Avropanın təsiri sayəsində mümkün olub.
Əlifbanın dəyişməsi ideyası da ordan qaynaqlanır. O zaman Avropa, xüsusən Fransa maarifçiləri Osmanlıya təklif edirdilər ki, ərəb əlifbasından imtina et, yoxsa imperiya tamamilə çökəcək. Osmanlı rəhbərlərinin cavabı belə olub ki, 600 il çökmədik, ərəb əlifbası ilə idarə etdik, bundan sonra da çökmərik.
Mirzə Fətəli latın qrafikasına keçmək zərurətini İran və Osmanlıda hökumət adamlarına inandırmağa çalışırdı. Amma təəssüf ki, o vaxt bu mümkün olmadı.
Böyük demokratın ərəb əlifbasını latına dəyişmək təşəbbüsünün bir mənbəyi də fransız mütəfəkkiri Şarl Mismernin Osmanlı imperiyasının böyük vəziri Əli Paşaya 2 mart 1869-cu ildə yazdığı açıq məktub olub. “Ərəb atı yaxşı qaça bilər, amma buxarla işləyən paravozu keçə bilməz” – Şarl Mismern yazırdı. Şarl Mismernin fikirinə görə, əlifba nə qədər sadə olsa, oxu, mütaliə, elm bir o qədər inkişaf edər.
O zaman Rəşid bəy Axundov Brüsseldə təhsil alırmış. Rəşid bəy məktubu fransızcadan çevirib atasına göndərir. Mirzə Fətəli öz fikirlərini məktuba əlavə etməklə İran, Osmanlı və Rusiya müsəlmanları arasında yayılmasına nail olur.
Bu, Fransa-Azərbaycan ədəbi və mədəni əlaqələrindən yalnız bir örnəkdir.
Biz hər gün yeni kitab nəşr edirik. Amma bu da azdır. Əgər bütün nəşriyyatlar hərəsi bir kitab nəşr etsə, inanın, yenə az olacaq. Cəmiyyətimizi yaxşıya doğru dəyişmək üçün hər birimiz olduğumuz yerdə yorulmadan çalışmalıyıq.
Məncə, hər bir evdə – kiçik, ya böyük, fərqi yoxdur, – şəhərlərdə, kəndlərdə kitabxana olmalıdır. Torpaqlar azaddır, dövlətimiz müstəqildir, düşüncəmiz də azad olmalıdır. Kölə cəmiyyət pisliklərdən, dağıdıcılıqdan güc alar, kamil cəmiyyət yaxşılıqlardan, yaratmaqdan, yaradıcı olmaqdan”.
Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin Cəngavər rütbəsinin çox möhtəbər mükafat olduğunu vurğulayan Şahbaz Xuduoğlu çıxışını iki ölkə arasındakı ədəbi əlaqələrə dair daha bir misalı çəkməklə tamamlayıb: “Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” piyesində Şahbaz bəy Parisə getmək istəyirdi, dərviş Parisi partlatdı, Şahbaz bəy Parisə gedə bilmədi… 170 ildən sonra Paris özü Şahbazın yanına gəldi”.