Natiq Cəfərli
2022-ci ilin yanvar-mart aylarında Azərbaycana 62,3 milyon dollar dəyərində 182,8 min ton buğda gətirilib. Ötən ilin ilk rübü ilə müqayisədə idxal buğdasının dəyəri 30,6% artıb, həcmi 2,7% azalıb.
Ölkənin un və çörək istehsalı üçün hər il xaricdən 1 milyon 150 min ton taxıl almasına ehtiyac var. Taxılın qiyməti son aylarda 30% artıb. Rusiya taxılın ixracına məhdudiyyətlər qoyub, Azərbaycan buğda tələbatının 80%-nə yaxınını bu ölkədən tədarük edirdi. İndi Qazaxıstan və Hindistanla danışıqlar gedir, çox güman, razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənmir, amma qiymət kəskin artacaq – yaxın həftələrdə un, un məmulatları və çörək 30-35% ətrafında bahalaşa bilər.
İndiki durumdan üç çıxış yolu var, biri orta-uzun, digər ikisi qısa, qısa-orta zamanda həll olunmalı məsələlərdir.
Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq, bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25%-i keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır, yerdə qalan tələbatın 75%-i xaricdən alınan buğda ilə ödənir. İnsan övladı 11 min ildir buğda əkib-becərir, amma Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var.
Qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyi verilməsi, düşünülmüş dotasiya siyasəti aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, amma un-çörək istehsalçılarına dotasiyalar da ayrılmalıdır.
Qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir. Qiymət artımı problem deyil, problem camaatın gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa gətirməsin. Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir. Prezidentin özü çıxışlarında “natəmiz iş adamları, işbazlar, möhtəkirlər” kimi sözlər işlədirsə, deməli, ölkədə iş adamlarına, özəl təşəbbüslərə şübhəli və ögey münasibət var. Özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq. Gəlirlər artmasa, qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları