Natiq Cəfərli
REAL Partiyası
Son həftələr çox düşünürəm: nədən intellektual rusiyalılar vəhşiliyə göz yumurlar, nə səbəbə televiziyalarından axan üfunətdən boğulmurlar, niyə Kremlin rəsmi təbliğat maşını bu qədər effektiv çalışır?
Bu fenomeni tək beyinlərin yuyulması, zombiləşmə, imperialist düşüncə ilə izah etmək yetərli deyil. Təbii, bu komponentlərin hamısı var, amma ən böyük səbəblərdən biri həqiqətdən qorxmaq, “biz belə ola bilmərik” fikrinə əsaslanmaqdır.
…Qorbaçov yenidənqurması təzə başlamışdı, 1987-1988-ci illər idi. Məktəbdə oxuyurdum, o zamandan ictimai-siyasi məsələlərə marağım vardı. Gündəlik oxuduğum qəzetlərdən biri “Komsomolskaya pravda” idi. Demokratik ortamın yaranma dövrü idi, əsas açılan məsələlərdən, müzakirə mövzularından biri Stalinizm, diktatorun əməlləri, repressiyalar idi. Stalin vəhşiliyi haqqında səhifə-səhifə yazılar gedirdi.
Babam Allahyar kişi əsl kommunist, hətta stalinçi idi. Gürcüstanda, kəndimizdə yaşayırdı. Mən hər yay tətilimi orada keçirirdim. Bir yol il boyu topladığım qəzetləri babama apardım. İyun ayı idi, kəndə təzə gəlmişdik, hal-əhval tutandan, dincələndən sonra qəzetləri götürüb babamın yanına gəldim, “Bax, ay baba, gör sənin Stalinin nələr edib xalqına” dedim.
Eynəyini götürüb eyvana qalxdı. Saatlarla eyvanda oturub qəzetləri oxudu. Bir neçə saatdan sonra eyvana qalxanda kişini ağlayan gördüm. Heç vaxt belə görməmişdim onu, rayon partiya komitəsinin katibi, kolxoz sədri, zəhmli biri olub, yanında söz danışmağa belə az adam cürət edirdi, amma indi uşaq kimi ağlayırdı.
Qorxumdan yaxınlaşmadım, kənardan izlədim. Babam qəzetləri və bel götürüb bağımıza getdi, çala qazdı, qəzetləri ora qoyub yandırdı, sona qədər izlədi, sonra çalanı torpaqla doldurdu. Həmin an məni görüb (arxasınca gəlib ağacın dalından baxırdım) yanına çağırdı, “Stalin müharibəni udub, bu qədər zalımlıq edə bilməzdi, yəqin yanındakılar edib, əsas da Beriya, o vaxtdan gözüm su içmirdi ondan – deyəsən, Tiflisdə, partiya tədbirlərinin birində görüşmüşdülər – bütün bu zalımlıqları Stalinin xəbəri olmadan ediblər” dedi.
Amma hiss etdim ki, 1911-ci ildə anadan olmuş, ömrünü Kommunist Partiyasının, Stalinin ideyalarına həsr etmiş, buna inanmış insanın içindən zəlzələ keçib, bütün idealları yerlə bir olub. O, sadəcə özünüqoruma instinkti ilə Stalini günahsız çıxarmağa çalışırdı ki, beynində qurduğu, ürəyində inandığı dünya çökməsin, dağılmasın.
İndi rusiyalılar da öz ordularının dinc adamları qətl etməsinə, dəmir yolu stansiyasında qatar gözləyən qocalara, qadınlara, uşaqlara raket atmasına inanmaq istəmirlər, onların bir çoxunda özünüqoruma instinkti işə düşüb – çünki bu xəyal dünyaları dağılsa, buna inansalar, hərəkətə keçməli, bu absurdu dayandırmaq üçün nəsə etməlidirlər. Buna hazır deyillər, ona görə də özlərini qorumaq istəyirlər, davranışlarının əsas kodlarından biri məhz budur…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları