Natiq Cəfərli
REAL Partiyası
Haqsız və hüquqsuz davrandıqca, illərdir quraşdırdığı hekayələr dağıldıqca rəsmi Moskva daha çox sərtləşir, sərtləşəcək – absurd qanunlar, qadağalar artacaq, vətəndaşların hüquqları daha da məhdudlaşacaq, biznesin günü qara olacaq. Bütün bu addımlar zamanla Rusiya vətəndaşlarında qıcıq, etiraz doğuracaq. Bu gün Kremlin dayağı 50+ yaş qrupuna aid vətəndaşlardır, gənclər başqa mühitdə böyüyüb, nəsil dəyişib. Putin və komandası bunu anlamır, görmür, hesablaya bilmir. Hətta Moskvanın təlxək təbliğatçıları bu məsələdən dad edir, problemi görür, amma dərk etmirlər.
Ölkələrdə dəyişiklikləri əvvəldən kasıb yaşayanlar etmir, yeniliklərin hərəkətverici qüvvəsi həmişə əvvəl yaxşı yaşamış, belə həyata, azadlıqlardan istifadəyə (məsələn, səyahət azadlığı, bank köçürmələri azadlığı və s.) öyrəşmiş, sonra bütün üstünlüklərdən məhrum olmuş, kasıblaşan təbəqədir. Rusiyada indi məhz bu baş verir: insanlar, orta sinif sürətlə kasıblaşacaq, internetdən istifadəyə öyrəşmiş kəsimdə rəsmi təbliğata getdikcə daha çox nifrət yaranacaq. Hətta total nəzarət sistemli SSRİ-də adamlar rəsmi təbliğatla reallıq arasında fərqi görürdü, “mətbəx söhbətləri” və siyasi lətifələr sovetin hekayəsini dağıdırdı. İndiki dövrdə, 21-ci əsrdə Kremlin absurd təbliğat maşını, onun dili, üslubu dərhal nifrət yaradır.
Yəni tarix, təbiət qanunları, həyatın özü Kremlin əsas dayağı olan 50+ əhaliyə qarşı işləyir, hətta indi heç nə baş verməsə də, tarixi perspektivdə nəsil yeniliyi Rusiyanı mütləq dəyişəcək. Avtoritar liderlərin ən zəif nöqtəsi nəsil dəyişikliyini anlamamaqdır – bu məsələdə demək olar ki, hamısı sinifdə qalıb, qalacaqlar…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı