Amerikanın məşhur yazıçısı Coel Rozenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki separatçı rejimləri müstəqil dövlətlər kimi tanımasına reaksiya verib.
Novator.az-ın məlumatına görə, Coel Rozenberq İsrailin “Yerusəlim Post” qəzetində dərc olunmuş məqaləsində bildirib: “Şərin mahiyyətini və təhlükəsini düzgün anlamamaq – onun qarşısında kor vəziyyətdə qalmaq deməkdir. Romanlarımı və elmi kitablarımı oxuyanlar bilirlər ki, bu, mənim əsas mövzularımdan biridir.
Bu gün dünya yenə kor kimidir, çünki Putin şərinin mahiyyətini anlamır. Vaşinqton, London, Paris, Berlin, Brüssel və başqa paytaxtlarda oturan liderlər Rusiya prezidentinin Ukraynanı əzmək, yenidən işğal etmək planı qarşısında donub qalmış kimi görünür”.
Coel Rozenberqin fikrincə, Qərb təcili hərəkətə keçməli, Ukrayna NATO-ya qəbul edilməli, Kiyevə çoxlu silah-sursat göndərilməli, tam aviasiya dəstəyi verilməli, “Şimal axını-2” qaz kəməri layihəsi dayandırılmalı, Moskvaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq olunmalıdır: “Amma bunun əvəzində Qərb mənasız press-relizlər yaymaqla məşğul olur, əli-qolu bağlı oturub gözləyir”.
Məqaləsində yazıçı dünyanın xristian liderlərini də tənqid edib: “Bu böhranlı zamanda xristian liderlər hara yoxa çıxıblar? Hanı Papa Fransisk? Hanı Roma Katolik Kilsəsi? Amerika yevangelistlərinin liderləri, dünyanın, o cümlədən Avropanın protestant liderləri haradadır? Niyə onlar Putinin aşkar və qəddar təcavüzünü qınamırlar, ABŞ prezidenti Cozef Baydeni, digər NATO ölkələrini ləngimədən Putini dayandırmağa çağırmırlar? Niyə xristianlar Ukrayna kimi çiçəklənən demokratik dövlətdə, xristian ölkəsində dindaşlarını – bacı-qardaşlarını qorumaq, onlara dua etmək üçün səfərbər olmurlar? Görən niyə sükuta dalıblar?
Doğrudanmı Qərb dövlətlərinin rəsmiləri söhbətin nədən getdiyini başa düşmürlər? Doğrudanmı xristian liderlər Putinin istər xristianlar, istərsə də yəhudilər üçün yaratdığı təhlükəni görmürlər?
Əgər onlar təcili surətdə hərb, diplomatiya, iqtisadiyyat və din sahəsində əzmkarlıq və qətiyyət nümayiş etdirsələr, Putini Ukraynanın işğalından çəkindirə bilərlər. Buna hələ də imkan var.
Yox, onlar yenə kor kimi oturub gözləsələr, Putinin əsl simasını tanımırmış kimi davransalar, Ukraynanı Moskvaya döyüşsüz təslim etsələr, onda proseslər Ukrayna hüdudlarından kənarda da ağır nəticələrə gətirib çıxaracaq.
Məgər onlar başa düşmürlər ki, qurdu yedizdirində nə olur? Məgər onlar bilmirlər ki, Putinin niyyəti nədir? Ey xristianlar, ey dünya liderləri, ayılın! Vladimir Putin çox təhlükəli adamdır. O, təkcə Ukraynanı ələ keçirmək istəmir, onun iştahı daha böyükdür.
Putin ilk növbədə NATO-nun dağılmasını istəyir. Estoniyanın yüksək rütbəli rəsmilərinin dedikləri kimi, Ukraynaya nəzarəti ələ alandan sonra Putin tezliklə Baltikyanı ölkələrin də üstünə gedəcək. Niyə? Çünki onun niyyəti həm də Estoniya, Latviya və Litvanı Kremlin nəzarətinə qaytarmaqdır”.
Coel Rozenberqin sözlərinə görə, indi olmasa da, gələcəkdə – Ukrayna və Baltikyanı ilə bağlı planlarını həyata keçirəndən sonra İran və Suriya rejimləri ilə sıx əməkdaşlıqda olan Vladimir Putin İsrail üçün də təhlükə doğurmağa başlayacaq.
Məqaləsində yazıçı hərbi cəhətdən Rusiyadan daha güclü olan Qərbin acizliyinə təəccübünü ifadə edib və NATO-nu, Qərb dövlətlərini təcili işğalçı rus ordusunun, Vladimir Putinin qarşısına ordu ilə çıxmağa çağırıb.
2014-cü ildə Ukraynada hakimiyyətə Qərbə bağlı qüvvələr gələndən sonra Rusiya bu ölkənin Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində isə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya prezidenti “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanımaq barədə fərmanlar imzalayıb.
Mənbə: Jpost.com