Azərbaycan 2021-ci ildə 2,7 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib. Əsas ünvanlar siyahısında Rusiya 877,7 milyon dollarla birinci, Türkiyə 675,8 milyon dollarla ikinci, İsveçrə 224,1 milyon dollarla üçüncü olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına əsasən, qeyri-neft ixracı 2020-ci illə müqayisədə 47,2 faiz (870 milyon dollar) artıb, ixrac malları siyahısında pambıq mahlıcı birinci, qızıl ikinci, pomidor üçüncü yerdə qərarlaşıb.
İqtisadçı Rövşən Ağayev rəsmi hesabatlara münasibət bildirib. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, 2020-ci ildə qeyri-neft ixracının ümumi həcmi 1,8 milyard dollar dəyərində olub: “2021-ci ildəki kəskin artım pozitiv faktdır. Amma ixracın istiqamətləri çox məhduddur. Qeyri-neft ixracının təxminən 75 faizi 5 ölkənin payına düşüb. Rusiya və Türkiyənin birlikdə payı 60 faizdən bir qədər azdır. Tək Rusiyadan asılılığımız 33 faizə yaxındır. Son 5 ildə ixracını 2 dəfə artırmış Gürcüstanda bir bazardan asılılıq səviyyəsi 15 faizdən aşağıdır. Gürcüstan ixracının 25 faizini – təxminən 1 milyard dollarını Çin və Avropa İttifaqı kimi dayanıqlı bazarlar hesabına təmin edir. Bizdə bu göstərici çox kiçikdir və mütləq məbləğ etibarilə Gürcüstandan dörd-beş dəfə azdır.
Vacib məqamlardan biri ixrac gəlirlərinin əsas hissəsinin az sayda subyektin əlində cəmləşməsidir. 2021-ci ildə ixracın 63 faizini 20 şirkət və sahibkar təmin edib. 10 iri dövlət sektorunun payı çox yüksək olub – 41 faiz. 2020-ci ildə bu pay 30 faiz idi. 2021-ci ildə qeyri-neft ixracının 870 milyon dollarlıq artımının 88 faizi 20 iri subyekt hesabına təmin edilib. Qalan ixracatçıların ixracında cəmi 100 milyon dollarlıq artım qeydə alınıb.
İxracın az sayda subyekt arasında belə yüksək təmərküzləşməsi milli gəlirdəki artımın bərabər inkişafa təsirini azaldır. Azərbaycan kimi daxili tələbi məhdud iqtisadiyyatlarda xüsusilə istehsal sektorunda çalışan məşğul əhalinin rifahının yüksəldilməsində əsas mənbə ixrac gəlirlərinin mümkün qədər balanslı paylanmasıdır. Bu isə yalnız ixracın müxtəlifliyinin effektiv təmin edildiyi şəraitdə baş verir.
Qeyri-neft sektorunun neftdən asılı olması başqa bir problemdir. 2021-ci ildə qeyri-neft ixracının 26 faizi neft mənşəli kimya məhsulları olub. Dünya bazarında bu məhsulların qiyməti əsasən neftə bağlı olur və birjalarda qiymətlərin oynaması qeyri-neft ixracının dinamikasını da öz təsiri altında saxlayır. Elə rəqəmlərə də baxanda bir çox məhsul üzrə ixrac artımında qiymət artımının əhəmiyyətli rol oynadığı görünür. Məsələn, polipropilendə orta ixrac qiyməti 70 faiz, karbamiddə 145 faiz, polietilendə 100 faiz, polimerlərdə 111 faiz artıb.
Qeyri-neft ixracının qiymət oynamasından asılılığının neqativ tərəfi var – neft ixracatındakı kəskin enib-düşmələri bu seqmentdə də görə bilərik. İxracın dayanıqlı artımı aparıcı sahələrin istehsal potensialının və əmək məhsuldarlığının davamlı böyüməsinə bağlı olmalıdır”.