İsmayıl Rafiqoğlu
Dövlət dilini qorumaq hər bir vətəndaşın borcudur. Kimi dindirsən, Azərbaycan türkcəsinin möhtəşəmliyindən, dövlət dili barədə qanundan, ana dildə doğru-düzgün fikrini ifadə etmək bacarığından danışacaq. Elə bu yaxınlarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Dilimizə sevgi ilə yola çıxdıq” adlı beynəlxalq tədbir keçirilib. Azərbaycan dilinin qorunması məqsədli tədbirdə mərkəzin əməkdaşları və dünyanın 30-a yaxın ölkəsində yaşayan 40-dan çox azərbaycanlı iştirak edib.
Dünyanın bir çox ölkəsində Azərbaycan dili tədris olunur. Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı Aqşin Əliyev tədbirdəki çıxışında hazırda çalışdığı fakültədə 30-a yaxın fənnin tədris olunduğunu qeyd edib. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin üzvü, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov isə Amerika məktəblərində Azərbaycan tarixi və ədəbiyyatının tədris olunması üçün layihə təklif edildiyini bildirib. Azərbaycan dilinə müxtəlif ölkələrdə maraq var, mübadilə proqramları ilə xarici tələbələr dil öyrənmək üçün Azərbaycana səfər də edirlər.
Xaricdə yaşayanların Azərbaycan dilini öyrənməsi nə qədər gözəl görünsə də, bir çoxumuz ölkənin özündə Azərbaycan dilinə təhlükə doğuran mənbələri görmürük. Dil heç də bizim düşündüyümüz kimi bir müstəvidə mövcud olmur, hərə bir cür danışır, kimi yaxşı, kimi pis. Son illərdə ana dilində normal səviyyədə danışan insanların sayı dayanmadan azalır. Hətta ortabab bir insanın danışığını kağıza alsaq, yəqin hər birimizi təəccüb bürüyər. Qarışıq fikirlər, qaydaya uyğun olmayan danışıq tərzi, yad dillərdən gələn sözlərin bolluğu problemin nə qədər dərin olduğuna dəlalət edir.
Həm pis yazırıq, həm də pis danışırıq. Yazı qabiliyyətini sosial media yazışmalarında, danışıq bacarığını isə dil mühitindən kənarda qaldığımızdan itiririk. Necə gəldi yazırıq, necə gəldi danışırıq. Əgər yazı məsələsində hələ bir az çətinliyin olduğu anlaşılandırsa, danışıq probleminin Azərbaycanda ola-ola yaranması nonsensdir. Amma bu var.
Danışa bilməyən Azərbaycan gəncinin yaşadığı dil mühitini uşaqlıq dövründə qarşılaşdığı şərait formalaşdırıb. Uşaq gördüyünü, eşitdiyini təkrar edər, bu dövrdə qazanılan səhvləri sonra düzəltmək olmur. Azərbaycanlı uşağın öz doğma dilində animasiya filmi yox kimidir. Baxılası beş-altı uşaq filmi ya olar, ya olmaz. “Asif, Vasif, Ağasif”, “Şir evdən getdi”, “Sehirli xalat”, “Qərib cinlər diyarında”, “Bir qalanın sirri” kimi bir neçə filmi sadalaya bilərik. Vəssalam. Qurdalasaq, bir-ikisi də tapılar. Əgər “Yutub” kanalında “Azərbaycan uşaq filmləri” yazsaq, onlarla lazımsız video çıxacaq, çünki uşaq filmi tapılmır. Bu ifadəni istənilən xarici dildə yazsaq, daha geniş kontent aşkarlanacaq, çünki axtarmağa nəsə var.
Öz dilində film və animasiya tapmayan uşaq xarici dillərdə istədiyini tapıb baxacaq, yapon, Koreya, Çin, hətta ərəb dilini mənimsəyəcək, öz dilini isə tədricən unudacaq. Ata-ana da Azərbaycan kanallarına baxmadığından uşaq elə tədricən internetin hansısa bir guşəsində özünə yuva qurub xoşladığı dildə məlumat əldə edəcək. Bir qədər böyüdükdən sonra keçəcək oyunlara. Orada Azərbaycan dili nə gəzir? Uşağın beynində hər şey qarışacaq: bir tərəfdə məktəb dərsliyindən oxuduğu, mənasını anlamadığı “Dədə Qorqud” dastanı, digər tərəfdə yaxşı baş çıxartdığı “Maynkraft” proqramı. Əlbəttə, dastan gedəcək işinin dalınca, oyun keçəcək ön plana.
İnternet dövrünə qədər Azərbaycan dilinə bu qədər təhlükə yox idi, çünki ən azı danışıq səviyyəsində əməlli-başlı bir dil mühiti vardı. Yaza bilməsən də, dildə danışa bilərdin, hara getsən, elə bu dili eşidərdin. İnternetin həyatımıza daxil olması dil mühitini qarışdırıb, texnologiya ilə birgə gələn sözləri həzm etmək çətinləşib. Bilik başqa dillərdədir deyə özünü uğurlu insan kimi görmək istəyən hər bir fərd üzünü tutur yad məkana, ana dili də yaddan çıxır.
Aznetin boşluğu, məlumatsızlığı barədə çox deyilib. Nə kitab tapılır, nə film. Nə animasiya çəkilir, nə də uşağın marağı təmin edilir. Televiziyaya da baxılası deyil, çünki verilişlərin çoxu mənasız və süni dildə hazırlanır. Dublyajın da səviyyəsi aşağıdır. Özü də televiziyada hazırlanan sənədli, dublyaj edilmiş animasiyalar və bədii filmlər internetə yüklənmir. Yenə ara-sıra nəsə yerləşdirilsə, tədricən ana dildə də məlumat bazası olardı.
Hansı gənci dindirsən, deyir televiziyaya baxmıram, amma danışığına qulaq assaq, həmin təhrif olunmuş, savadsız aparıcıların təqdim etdiyi şablonlarla danışdığını da duyarıq. Televiziyaya baxmasaq da, televiziya məhsulunu internetdən əldə edirik, nəticədə dil itir.
Problemin ağırlığını haradasa 10-15 ildən sonra daha çox duyacağıq, çünki internet dövründə anadan olmuş və virtual dünyada gününü keçirən Z nəsli tədricən cəmiyyətdə özünü təsdiqləməyə, daha sanballı mövqe tutmağa başlayacaq. Dil mühitində olmayanlar hansı dildə danışacaqlar? Təhrif olunmuş, yad sözlərə qarışmış və itirilmiş həmin bu dildə.
Azərbaycan dilini yad təsirlərdən qorumaq üçün gənclərin olduğu internet doğru-düzgün dil məhsulu ilə zənginləşdirilməli, Aznet üzrə mütləq dövlət proqramı qəbul edilməlidir. Ən azı Respublika Radiosunun “Qızıl fondu”nun bir hissəsini internetə yükləmək olar. Uşaq dilin normal tələffüzünü harada eşitməlidir axı. Yeni uşaq bədii filmləri və animasiya filmlərinə xüsusi büdcə ayrılmasa, düzələn deyil. Yapon animelərinin sayı-hesabı bilinmir, bizdə də heç olmasa beş-onu olmalıdır. Keyfiyyətini itirmiş köhnə filmlərin də bərpa edilməsi barədə düşünməyinə dəyər, çünki Disneyin gözəl animasiyasına baxan uşaq rəngi solmuş Tıq-tıq xanıma baxmaq istəmir.
Bir sözlə, Azərbaycan dili internetdə layiqincə təmsil olunacağı günü gözləyir. Dili qorumağın ən sadə, ən düzgün yolu buradan keçir.