Ələsgər Məmmədli
2013-cü ilin dekabrında Milli Məclis qanunlara qeyri-hökumət təşkilatlarının, fondların və qeyri-kommersiya qurumlarının fəaliyyətini tənzimləyən, qrant və ianələrin alınmasını faktiki əngəlləyən müddəalar əlavə edəndə çox az bir çevrə bunun vətəndaş cəmiyyətini bitirəcəyini, ictimai nəzarətdə yer alan qurumların sonu olacağını hayqırdıqda qanun lobbiçiləri və onların vətəndaş cəmiyyətindəki dəstəkçiləri yeniliyin vətəndaş cəmiyyətinin inkişafına gətirəcəyini deyirdilər.
Vətəndaş cəmiyyətini bitirən həmin həmlədən 8 ildən çox keçir. Ölkədə vətəndaş cəmiyyəti deyilən bir şey qalmayıb. Çox cüzi fəallar yox olmamaq mübarizəsi aparırlar.
2013-cü ildə vətəndaş cəmiyyəti öz fəaliyyətinə yerli və beynəlxalq mənbələrdən 89 milyon dollar vəsait cəlb etmişdi. Bu günün valyuta kursu ilə 150 milyon manatdan çox. 2013-cü ildən sonra bu vəsaitlərin yolu bağlandı.
8 il öncə vətəndaş cəmiyyətini hədəf almış həmlə indi medianın boğazına çöküb. Medianın fəaliyyətini təhlükəsizlik qurumlarının fəaliyyəti ilə eyni görən və jurnalistlərə xüsusi xidmət əməkdaşlarına uyğun meyarlar tətbiq edən bir layihə qanunlaşır. Medianın sərbəst biznes fəaliyyəti, jurnalistikanın azad, sərbəst məslək olması, dövlətin bunca müdaxiləsinin ifadə azadlığına, media azadlığına, beynəlxalq konvensiyalara, konstitusiyaya zidd olması barədə deyilənlər qulaqardına vurulur. Hətta bir qrup məddah Azərbaycan mediasının inkişaf edəcəyini deyir, layihəyə etiraz edənləri güruh adlandırır.
Dərk etmirlər ki, informasiya-məlumat-bilgi qəfəsə sığışmaz. O, bir yol tapıb tələb sahiblərinə çatacaq. Cəmiyyəti faydasız, şit informasiyalarla yola vermək mümkün deyil. İnternet əsrində bunun mümkünsüzlüyünü dərk etməmək daha böyük cahillikdir.
Yeni media qanunu nə qədər istəsə də, həqiqi informasiya ovçularının istəyini buxovlaya bilməyəcək. Yenə insanlar həqiqi informasiyaları, gerçəkləri öz seçimləri olan mənbələrdən alacaqlar. Blok qoysalar belə, cəza versələr belə…
Mövzu ilə əlaqədar bax:
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)
Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı
Media qanunu: layihəni geri çəkmək təklif olunur
Media qanunu: reaksiyalara reaksiya verildi
Media qanunu: 8 partiyadan çağırış gəldi
Media qanunu: bir razılaşma var
Media qanununa yazılı təkliflər
Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?
“Media qanunu qəbul olunsa da…”