Ayı əhvalatı
- 01 Noyabr 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rüfət Rüstəmov
Yazıçı-publisist,
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
İşdən evə yorğun gəlib uzanmışdım, dincəlmək istəyirdim ki, telefon zəng çaldı. Zəng edən yaxın qohumlardan biri idi. Telefonda hiss etdim ki, bir az həyəcanlıdır. Dəstəyi yerinə qoyub fikirləşdim görəsən nə baş verib? O hər saat belə gec vaxtı telefon etməzdi. Onunla aramda qardaşlıq münasibəti vardı. Bir-birimizə ərklə söz deyə bilirdik. Aramızda çox sağlam bir dostluq bağı vardı.
Zəng edən qohum “Sənin üçün darıxmışam” dedi. Onunla görüşməyi qərara aldım. “Çoxdandır bir-birimizə zəng etməyi də unutmuşuq. Səninlə təcili görüşmək istəyirəm” dedi. “Niyə həyəcanlısan” deyə ona sual vermədim. “Gəlirəm qardaş” deyib, evdəkilərə Kamil müəllimlə görüşə getdiyimi bildirib, evdən çıxdım, qarajdan maşınımı çıxartmağa getdim. Onun həyəcanlı danışığı məni narahat etməyə başlamışdı. Özümə söz verdim ki, maşını yavaş sürəcəm. Belə də etdim. Yol boyu fikirləşirdim görəsən xeyirdimi?
Artıq qaranlıq düşmək üzrəydi. İnsanın ürəyinə min cür fikir gəlir. Öz-özümə fikirləşirdim təki salamatlıq olsun. Onların məhləsinə çatanda gördüm ki, o tərəf-bu tərəfə var-gəl edir. Sözün doğrusu, məni qan-tər basdı, beynimdən qara-qara fikirlər keçdi. Allahım təki salamatçılıq olsun! Kamil müəllim çox ciddi bir adam olmağına baxmayaraq, mənimlə görüşəndə o ciddilikdən əsər-əlamət qalmırdı. Məni görən kimi gülümsünərək, zarafatla bir-iki söz işlətdi.
– Bağışla, qardaş, səni narahat etdim, məcburdum.
– Kamil müəllim, sən mənimlə zarafatmı edirsən, yoxsa başlamısan “bağışla, narahat etdim”… Nə narahatçılıq, biz qardaş deyilikmi?
– Ə, qardaş, biz bura qohum olduğumuzu təsdiqləmək üçün gəlməmişik, bizim başqa görəcək işlərimiz var. Gedək bir tərəfdə oturaq, orada rahat söhbətimizi edərik. Bəlkə bəzi cətinlikləri unutduq.
– Gedək, nə deyirəm. Amma bu yaxınlarda olsun, uzağa getməyin nə mənası var.
Razılaşdıq. Evlərinin yaxınlığndakı kababxanaya getdik. O kababxanada Kamil müəllimlə çox oturmuşuq. Orada quzu ətindən yaxşı kabab verirlər. Sakit bir yer seçib oturduq. İki qohum baş-başa verib şirin-şirin söbət etməyə başladıq. Kamil müəllim ciddiliyi ilə bərabər həm də güclü yumoru olan bir adamdır. O, utana-utana başını aşağı salıb dodağının altından nəsə demək istəyirdi. Mən Kamil müəllimi birinci dəfə belə qırıq-qırıq danışan görürdüm.
– A kişi, mən səni tanıya bilmirəm, nədi məndən gizlətdiyin? Danış görək nə baş verib, səni belə çox narahat edən nədir?
Əvvəlcədən demişdim ki, Kamil müəllimin yumoru çox güclüdür. Onu tanıyanlar onun bu halını görsələr qəti inanmazdılar ki, bu Kamil müəllimdir.
– Kamil müəllim, elə etmə ki, durum gedim, bir söz de görək nə baş verib?
Sözün doğrusu, mənim səbir kasam daşmaq üzrəydi.
– Mənim sevimli qardaşım, sən kasanı qoyma daşmağa, yoxsa buraları yığışdırmaq çətin olacaq. Ay qardaş, biz qohumluqdan əlavə səninlə qardaşıq, bir-birimizə ərkimiz çatır. Bir az həyəcanlıyam, tələsitdirmə məni. Demək istəyirəm ki, sənin bacın qızı hamilədir.
– Kamil müəllim, hamımızın gözü aydın olsun. Bundan gözəl nə şad xəbər ola bilər.
Bir-birimizdən xəbərsiz qəşş çəkib gülməyə başladıq.
– Qardaş, – dedim, – sən də zarafatından əl çəkmirsən, budəfəki oyunun mövzusu nədir? Məni bura çağırmaqda nəsə bir planın var?
Qohumun keyfi artıq yerinə gəlmişdi.
– Mənim əzizim, bilirsən ki, sən mənim həm qardaşım, həm də sirdaşımsan. Bu dəfə dediklərim zarafat yox, həqiqətdir.
Bir-birimizə sarıldıq, bir müddət eləcə qaldıq. Gözlərimizdə sevinc göz yaşları hiss olunacaq dərəcədə idi. Sözün doğrusu, bizim sevincimizin həddi-hüdudu yox idi.
– Allaha çox şükür, qardaşım. Bunu təcili qeyd etmək lazımdır.
Elə bu dəmdə kababçı əlində kabab özünü çatdırdı. Deməli belə, əvvəlcədən hazırlıq da görülüb. İndi başa düşdüm ki, mənim bura gələcəyimi kababçı da əvvəlcədən bilirmiş. Kababçı sözə qarışdı:
– Müəllim, Kamil qağa bura gələndə sifariş vermir, biz onun nə istədiyini əvvəlcədən bilirik. Biz bu gün onun çörəyini yeyirik, Allah atasına rəhmət eləsin! O bizim qağamızdır. O əsl kasıb atasıdır.
O gün hər ikimiz üçün tarixi bir gün oldu. Bir-birimzi bir neçə dəfə təbrik etdik. O dedi:
– Rüfət, qardaşım, bu məsələnin bir ciddi tərəfi var, səni məlumatlandırmaq istədim. Bu hadisə bizi çox sevindirir. Amma bacın qızının kiçik bir cərrahi əməliyyata ehtiyacı var. Necə bilirsən, qardaş, bu məsələni professor Nurəddin Rzayevlə məsləhətləşsək necə olar? O bizim elimizin-obamızın ağsaqqalarından biridir. Kim ona kömək üçün müraciət etsə, çox böyük hörmətlə qarşılayır. Bu işdə utanmaq, çəkinmək lazım deyil.
– Vaxt itirmədən bu məsələnin üstünə düşmək lazımdır.
– Səni narahat etməyimin səbəbi də elə bu idi.
– Qəribə adamsan, narahatlıq nə deməkdir. Bacım qızı mənim ürəyimdir, istəmərəm onun başından bir tük əskik olsun. Bacanaq Nazim müəllimlə danışıb hər şeyi yoluna qoyarıq.
Mən vaxt itirmədən bu məsələni rəhmətlik bacanağım Nazim müəllimlə geniş müzakirə etdik. Nazim müəllim çox arif adam idi. Hər şeyin yerini bilən, vaxtında nəticə çıxaran adam idi.
– Narahat olmayın, səhər professorun yanına gedin. Mən məsələni ona deyəcəm, – dedi.
Səhərisi gün hər şey bizim düşündüyümüz kimi oldu. Dünya şöhrətli cərrah, professor Nurəddin Rzayev bizi əsil qohum kimi qarşıladı. On dəqiqə sonra iki cərrah içəri girdi.
– Professor bizi çağırmısız, buyurun, sizi eşidirik.
– Xahiş edirəm oturun. Bağışlayın, sizi narahat etdim.
– Nə narahatlıq, professor, siz həm də bizim ağsaqqalımızsınız.
– Çox sağ olun. Bu iki nəfər bizim yaxın qohumlardı. Söhbət edin, ancaq məsələnin ciddiliyini unutmayın. Hər hansı bir məsləhətə ehtiyac hiss etsəniz, mənə müraciət edə bilərsiniz.
Biz professorla sağollaşıb otaqdan çıxdıq. Həkimlər bizi öz kabinetlərində gözləyirdilər. Biz içəri daxil oluqda rəhmətlik Hümbbət Rüstəmov gülərək mənə yaxınlaşdı:
– Qardaş, məni nə tez unutdun?
Doktor Rüstəmov aşıq sənətinin fanatı idi. Biz o vaxt tanış olanda evdə sazı da olduğunu söyləmişdi. Birdən yadıma düşdü ki, bir aşıq məclisində tanış olmuşuq. Üzr istədim. Nə isə, biz o biri doktorla da tanış olduq. Doktor Kamil Məmmədov Rusiyanın Perm şəhərində cərrahlığa başlamış, sonradan vətənə qayıtmışdı. Bəri başdan deyim ki, bu iki cərrah özlərini Azərbaycanda kifayət qədər tanıtmağa nail olublar. Ulu babalarımız demişkən, əlləri həm uğurlu, həm də qızıldı. Doktorların ulu Göyçədən olduqlarına çox sevinmişdik. Gəldiyimiz məsələ barədə ətraflı söhbət etdik. Hümbət doktor arabir gülür, bizə ürək-dirək verirdi.
– Qardaş, narahatlığa ehtiyac yoxdur. Allahın köməyi ilə hər şey qaydasına düşcək. Unutmayın, bu institutun ağsaqqalı kimə hansı tapşırığı verməyi əvvəlcədən götür-qoy edir. Kamil doktorun və Hümbət doktorun bu əməlyyatda iştirak etməsinin təsadüf olduğunu düşünməyin.
Bacım qızı sağ olsun, onun hesabına iki dost tapdıq. Doğrudan da Kamil Məmmədov son dərəcə savadlı, hər zaman əməliyyatdan əvvəl mütaliəni unutmayan, öz işində məsuliyyət hiss edən bir şəxs idi. Bir sözlə, bu doktorlar bir-birini tamamlayırdı. Hər ikisinin də göstərdikləri münasibətdə bir doğmalıq hiss edirdik.
Nəhayət, gözlədiyimiz an gəlib çatdı. Bacım qızını əməliyyat otağına aparırdılar, məni görüb utanmasın deyə mən oradan uzaqlaşdım. Məni soyuq tər basmışdı, birdən-birə çox həyəcanlanmışdım. Ətrafa göz gəzdirdim, qohumlardan gözümə dəyən olmadı. Fikirləşdim ki, bəlkə Kamil müəllim heç kəsə xəbər verməyib. Bir azdan qohum-əqrəba da gəlməyə başladı. Kamil müəllim tərəfdən gələn qohumların çoxunu tanımırdım. Bir şey mənim diqqətimi çəkmişdi, hamı ona Kamil qağa deyərək müraciət edirdi. Onda başa düşdüm ki, o, doğrudan da qohumlara qağalıq edən əvəzsiz bir şəxsiyyətdir. Kamil müəllim Nərimanov rayonunda Mənzil-İstismar İdarəsinin müdiri idi. Onun tabeliyində çox sayda “JEK” deyilən kiçik idarələr fəaliyyət göstərirdi. Səhv etmirəmsə, 900-ə yaxın işçisi vardı. Onun rəhbərlik etdiyi sahə çox məsuliyyət tələb edən bir sahə idi. Tabe olduğu nazirliklərin hörmətini qazanmış çox nüfuzlu kadrlardan biri idi. İş həyatında səhlənkarlıqdan söhbət gedə bilməzdi. Bir az gec həyat qurmasının səbəbi işinin fanatı olmasından irəli gəlirdi.
İlk baxışda ondan inciyənlər də olurdu. Hiss edəndə ki, o adam işini nəyəsə qurban vermir, onda başa düşürdülər ki, ondan çox şey öyrənməyə dəyər. Bir sözlə, həyatın nəbzini düzgün tutan insan idi. Əgər yoxlasalar görərdilər ki, onun tabeçiliyində olan işçilərin əksəriyyəti Azərbaycanın bütün rayonlarını təmsil edirlər. Yerlibazlığa nifrət edən bir şəxs idi. Ona görə də bütün işçilər onu çox istəyirdilər. İş prosesində hamıya eyni gözlə baxardı. Onun bu xasiyyətini hamı hörmətlə qarşılayırdı. Bunları ona görə yaxşı bilirəm ki, biz bir-birimizə o qədər alışmışdıq ki, bir gün görüşməyəndə elə bil nəyisə itirmişik. Onun tabeçiliyində olan insanların çoxu elə bilirdilər ki, mən də oranın işçisiyəm. Bütün bunları xəyalımdan keçirərkən əməliyyat otağının qapısının açıldığını gördüm. Hümbət doktorun yanağındakı təbəssümdən hiss etdim ki, hər şey qaydasındadır. Özümdən də xəbərsiz onun üstünə atıldım. O yüksəkdən gülərək:
– Qardaş, yavaş ol, əməliyyat etdiyim həm də mənim bacım qızıdır. Nədən narahatsan? Mənim otağıma gəl, indi Kamil doktor da gələcək.
Ətrafa göz gəzdirdim, Kamil müəllimi də çağırmaq istəyirdim. Diqqətlə baxanda gördüm ki, Kamil müəllim qohumların əhatəsində onların verdiyi suallara cavab verməklə məşğuldur. Ona Hümbət doktorun otağına gəlməsini dedim. O başıyla razılığını bildirdi. Mən Hümbət doktorla söhbətə başlmışdım ki, Kamillərin ikisi də gəldi. İnsan fəxr edir ki, xalqının belə ləyaqətli oğulları var. Hər ikisinin də peşəkar cərrah olduğuna çox sevinmişdim. Onlar öz peşələri ilə fəxr edirdilər. Mən bütün bunları əməliyyatdan öncə bizimlə söhbət edərkən hiss etmişdim. Onlar hiss etmişdilər ki, biz çox həyəcanlıyıq. Bizə ürək-dirək verməyi də unutmadılar. Əməliyatdan sonra hər iki doktor bizi təbrik etdi. Əməliyyatın yüksək səviyyədə keçdiyini dedilər. Professora dil-ağız etməyi unutmayın. Biz minnətdarlığımızı bildirib tezliklə görüşəcəyimizi deyib, sağollaşdıq. Kamil müəllimlə belə məsləhətləşdik ki, professorla görüşüb təşəkkürümüzü bildirək. Professorun qəbul otağına gəldik. Katibəsi son dərəcə mərifətli bir xanım idi. Oturmaq üçün bizə yer göstərdi. Aradan on beş dəqiqə keçmişdi ki, bizi içəri dəvət etdilər. Nurəddin müəllim həmişə olduğu kimi böyük kübarlıq nümayiş etdirərək bizə oturmaq üçün yer göstərdi.
– Buyurun, eşidirəm sizi.
Mən əməliyyatın yüksək səviyyədə keçməsi barədə məlumat verdim. Çox sevindi.
– Bu bizim vətəndaşlıq borcumuzdu. Əgər bu gün biz xalqımızın hər hansı bir övladına kömək göstərməyi bacarırıqsa, bizim üçün böyük fəxrdi. Hippokrat andı bizim bayrağımızdır. Kamil müəllim sizə gəldikdə, mənə sizin barənizdə çox xoş sölzər deyiblər. Heç kəsin yolu buraya düşməsin. Biz bundan sonra da insanlarımıza xidmət etməyimizdən zövq alacağıq. Sayıb gəldiytiniz üçün təşəkkürlər.
Biz professorla sağollaşıb getdik. Bacıqızını demək olar ki, hər gün ziyarət edirdik. Gələrkən doktorları görməyi də səbirsizliklə gözləyirdik. Artıq biz onlarla köhnə dost kimi görüşürdük. Yaxınlığımız günü-gündən irəliləyirdi. Əməliyyatdan bir həftə keçmişdi. Kamil doktor məsləhət bildi ki, xəstəni bu gün evə apara bilərik.
– Sizi təbrik edirəm. – Doktorların gəldiyi son nəticə belə idi. – Vəziyyəti biz düşündüyümüzdən də çox əla oldu.
Çox sevindik. Doktorlarla vədələşdik ki, biz beşinci gün gələcəyik, sizin də iki gün istirahət gününüzdür. Sizi Şamaxıya aparmaq istəyirik. Rəhmətlik Hümbət doktor bizim bu fikrimizi hörmətlə qarşıladı.
– İndi başa düşdüm ki, bu işi yalnız dağlar oğlu edə bilər. Allah sizdən razı olsun, qardaş.
Kamil doktor da razılığını bildirdi.
Kamil müəllim dedi:
– Orada Pirqulu deyilən çox gözəl istirahət mərkəzi var, sizi oraya dəvət edirik.
Hümbət doktor dedi:
– Sabah çox çətin, məsuliyyət tələb edən bir əməliyyatımız var, dua edin, əməliyyat yaxşı keçsin, gedərik inşallah.
Biz ertəsi gün günortaya doğru həkimlərlə görüşdük, süfrə açmışdılar. Keyfləri çox yaxşı idi. Əməliyyat yüksək səviyyədə keçmişdi. Biz də çox sevindik. Bərabər yemək yedikdən sonra onları maşında gözləyəcəyimizi deyib maşın olan yerə getdik. Maşının sürücüsü Göyçə mahalından, qohumlardan biri idi. Adı Bayram idi. Onun çox duzlu-məzəli yumoru vardı, Kamil müəllimin idarəsində işləyirdi. Bəri başdan deyim ki, Bayram Kamil müəllimdən bir az çəkinirdi.
Maşına oturub yola düzəldik. Xırdalana çatmışdıq ki, maşının təkərinin biri xarab oldu. Sən demə, maşının ehtiyat təkəri də yoxmuş. Maşınımız xarab olduğu yerdən yüz metr aralı maşın təmir edən yer vardı. Bu da Allahın işi idi. Hümbət doktor sağ olsun, çox çətinliklə birindən ehtiyat təkərini aldı.
– Qardaş, – dedi, – biz təsadüfi adamlar deyilik. Biz həkimik, iki gündən sonra sənin təkərini qaytarıb gətirəcəm.
Oğlan gülümsünərək:
– Nə deyirəm, sizə uğurlar olsun! – dedi.
Biz yolumuza davam etdik. Axşama doğru Pirquluya çatmışdıq. Bizi Pirquluda Kamil müəllimin işcisi Ağıl kişi qarşıladı. Xarici görünüşündən səmimi adama oxşayırdı. Kamil müəllim Ağıl kişini yanına çağırdı.
– Sən doktorları gəzdir, “domikləri” göstər, tanış et. Mən də sənin hazırlıq işinə baxım.
Kamil müəllm Ağıl kişinin gətirdiyi kababçının yanına getdi. Ağıl kişi sağ olsun, Kamil müəllim fikirləşdiyindən də yüksək səviyyəli hazırlıq görmüşdü. Pirqulunun havası bizi valeh etmişdi. Hər tərəfi duman bürümüşdü, səssizlik hökm sürürdü. Arabir qoyun itlərinin, yem axtarmağa çıxan çaqqalların, tülkülərin səsi gəlirdi. Təbiət də öz füsunkar gözəlliyini bizdən əsirgəməmiş, gizlətməmişdi. İnsan oğlunun tam rahatlığı təbiətin füsunkar gözəlliyinə bağlıdır. Alimlər qeyd edirlər ki, təbiətlə bütünləşmək insanın ruhunu sakitləşdirir və streslə mübarizə aparmağa kömək edir. Biz burada qonaq olsaq da, dağlar qoynunda böyümüş insanlarıq. Təbiətin bu gözəlliyi bizim üçün çox doğmadır. Ən azından bizə keçmiş günləri xatırlatdı. Kamil müəllimin təşəkkürə layiq bir insan olduğunu doktorlar da etiraf etdilər. Nəhayət, biz süfrəyə oturduq. Kababın ətri hər tərəfi bürümüşdü. Biz tələsmədən yeyib-içir, arada nərd oynayır, təkrar süfrəyə otururduq. Ağıl kişi bizə bulaq suyu gətirməyi də unutmamışdı. Kamil müəllim gülərək dedi:
– Siz Ağıl kişinin sakit-sakit danışmağına fikir verməyin, çox zarafatcıl adamdır.
Ağıl kişi bığının altından gülərək:
– Kamil müəllim, məni utandırmayın, doktorlar mənim barəmdə nə düşünərlər? – dedi.
Hümbət doktor güldü:
– Qardaş, süfrə arxasında hamı eyni hüquqa malikdir. Bildiklərindən de gəlsin. Ağıl kişi, sən müharibədə olmusanmı?
– Zarafatmı edirsən, doktor? Mən o vaxt, səhv etmirəmsə, on beş-on altı yaşlarında olardım. Doktor, bizim nəslimiz böyük nəsildir, indiyə qədər eşitməmişəm ki, nəslimizdən kimsə gizlənsin, əsgərliyə getməsin. Müharibə vaxtı müharibəyə də gedib gəlməyən çoxlu qohumlarımız olub. Mənim atam rəhmətlik çox ağıllı bir kişi idi. Bizə həmişə öyüd-nəsihət verərdi, haram tikədən uzaq durun deyərdi. Gözütox insan idi. Qonağına da, qonşusuna da ən əziz tikəsini verərdi. Vətən onun üçün çox müqəddəs və əvəzolunmaz idi. Həmişə deyərdi: Hər kəs lazım gələrsə vətən yolunda canından da keçməyə hazır olmalıdır. Qohum-əqrəba yaxşı bir işin qulpundan tutanda atamdan misal çəkib, deyərdilər ki, Mustafa kişi sağlığnda belə edərdi. Çox halal adam idi. Bu gün biz də çalışırıq ki, o kişiyə rəhmət oxutduraq. Rəhmətlik təbiət vurğunu idi. Ağaclara xüsusi məhəbbəti var idi. Kiminsə əlində bir balta görəndə dünyası dəyişirdi: Çalışın ağac kəsməkdən uzaq durun, övladlarım, onların da canları insan canı kimi acıyır. Ulu babalarımız deyiblər ki, ağaclar bütün hisslərə təsir göstrir, ağacda olan təravətli ətir, tərpənən yarpaqların və quşların səsi – bunlar ağacın eşqiylə meydana gəlir. Bildiyiniz bütün vəhşi heyvanlar, ələlxüsus da quşlar ağacların hesabına xoşbəxt həyat sürürlər. Rəhmətlik bizə kitab oxutduranda bir baxırdın huşa gedib, sənə elə gəlirdi ki, onu yuxu aparıb. Biz çox ehtiyatla oradan uzaqlaşmaq istəyəndə yerindən sıçrayardı: Çoxmu yordum səni, oğlum? Kitab sizin gələcəyinizdi, ondan ayrı düşmək heç kəsə xoşbəxtlik gətirməyib. Doktor, məni bağışlayın, sizin başınızı qatdım, kabab da soyudu.
Kamil müəllim sözə qarışdı:
– Bu gördüyünüz Ağıl kişi təsadüfi adam deyil, sözün doğrusu, mən onu kəşf etmişəm. Onun bir yerlisi mənim işçim idi, mən bu təsərrüfata baxmaq üçün bir halal adama ehtiyacım olduğunu söylədim, o da “Ağıl adında belə bir adam var, razılıq versə sizə xəbər edərəm” dedi. Ağıl kişi ilə mənim tanışlığım belə başladı. Çox şair təbiətli bir insandır. Onunla tanış olan darıxmaz. Bizim bu kişi ilə çox söhbətlərimiz olub. O, Şamaxının müqəddəs adını şərəflə qoruyur. İstedadlı adamdır.
Doktorlar bir-birindən xəbərsiz dedilər:
– Kamil müəllim, sizə çox minnətdarıq bizi bu kişi ilə tanış etdiyinizə görə.
Hümbət doktor:
– Mövzunun belə geniş vüsət almasının səbəbkarı mənəm, – dedi.
Ağıl kişi:
– Doktor gəlin bir az gəzək, sizə hər şeyi anladacam.
Biz razılıq verib bayıra çıxdıq. Kamil doktor üzünü Kamil müəllimə çevirərək dedi:
– Qardaş, sənə çox minnətdarıq, canımızda nə qədər stress və yorğunluq vardısa hamsını unutduq. Buranı çox sevdim. Mən fəxr edirəm ki, Azərbaycanımın hər tərəfi gözəldir. Xüsusən də insanları. Demək olar ki, doxsan faizi şair təbiətlidir. Buraya “Şərqin qapısı” adının verilməsi də zənn edirəm ki, təsadüfi deyil.
Ağıl kişi çalışırdı qonaqlara geniş məlumat versin. Söhbət edə-edə gəlib bir armud ağacının yanında dayandılar. Hümbət doktor dedi:
– Nə gözəl armud ağacıdır…
– Düz deyirsən, doktor, çox gözəldir. Onun meyvələrinə diqqət edin, o birlərindən çox fərqlidir. Bunu mənə ayı öyrədib, – deyib gülməyə başladı.
Doktorlar ilk başdan elə bildilər ki, Ağıl kişi onları ələ salır. Bir az ciddiləşdilər. Bunu hiss edən Ağıl kişi gülümsəyərək:
– Hümbət doktor, siz mənə sual vermişdiniz ki, müharibədə olmusunuzmu. Mən də çalışdım ki, sizin verdiyiniz sualı cavabsız buraxmayım. Elə buna görə də sizi buraya gətirdim. Atam rəhmətlik bu dağları, meşələri ovcunun içi kimi bilirdi. O bizə öyrədirdi ki, övladım, bu tərəflərə gələndə tək gəlməyin, dünyanın işini bilmək olmaz, qarşınıza ayı, canavar və başqa vəhşi heyvan çıxar, sizi qorxudar, sizə zərər toxundurar. Biz gördüyünüz bu dağlarda çox hadisələrin şahidi olmuşuq. Çox insanlar vəhşi heyvanların ucbatından şikəst qalıb. Mənim and içməklə aram yoxdur. Mən həmişə atam rəhmətliyin dediklərini qulağımda sırğa etmişəm. Ağsaqqalardan, ağbirçəklərdən eşitdiyim hikmətli sözləri övladlarıma öyrədirəm. Mən bu işə yalnız Kamil müəllimin xatirinə razılıq verdim. Onu da deyim ki, buna peşman deyiləm, çünkü Kamil müəllim kimi bir ziyalı ilə tanış oldum. Onun yolunda hər şeyə hazıram. Özümə söz verdim ki, çalışıb o kişinin etimadını doğruldum. Çox şükür, buna nail olmuşam.
Təzə işə başladığm gündən ətrafı gəzib-dolaşmağa başladım. Havalar da bir az isti keçirdi. Yorulduğumu hiss edib bu armud ağcının altında oturub dincəlmək qərarına gəldim, baxdım ki, bir az məndən aralı sapsarı yerə düşmüş bir armud var, eləmə tənbəllik, durub armudu götürüb yeməyə başladım. Armud o qədər şirin idi ki, dadı məni valeh etdi. Yuxarı baxanda nə görsəm yaxşıdı? Armudun saralmış meyvələri adama gəl-gəl deyir. Budaqlarda bəlkə də yüz kiloya qədər armud vardı. Çətin də olsa armud ağacına çıxmaq qərarına gəldim. İnsanın tamahından keçmə. Yavaş-yavaş yuxarı dırmanmağa başladım. Budağın birindən tutub özümü rahatladım ki, bir az dincəlim. Hiss etdim ki, yuxarıda nəsə var, məni hənirti basır. Çox ehtiyatla yuxarı baxanda nə görsəm yaxşıdı? Bir ayı yuxarıda oturub mənə tamaşa edir. Qorxumdan var gücümlə qışqırmağa başladım. Ayı da məndən qorxub düşmək istəyəndə mənim üstümə düşdü. Bir onu bilirəm ki, biz yerə düşdük, gerisindən xəbərim yoxdur. Ayılanda gördüm ki, məni qan aparır, bir baxdım ki, bu barmağım ayının ağzında gedib. Nə yaxşı ki, o vaxt at saxlayırdım. Birtəhər ata minib kəndə üz tutdum. Kəndimizdə çox təcrübəli bir həkim vardı, balası sağ olsun, çatan kimi nə lazımdı etdi.
Həkimi gülmək tutdu:
– Ayını qorxutmasan, indi burada olmazdın, anan namaz üstəymiş, Ağıl kişi, canını o kafirdən yaxşı qurtarmısan. Ağzında ayı deyirsən. Bilmirsən vəhşi təbiətin sakinləri də vəhşi olur?
– Sözün doğrusu, doktor, o günləri xatırladıqca dəhşət məni bürüyür. Fikirləşirəm olmasaydı elə, olsaydı belə… İndi də sağ qaldığıma şükür edirəm. Ayı heyvan olsa da mənə qıymadı. Doktor, atam rəhmətliyin dediyi bir söz yadıma düşdü. Atam rəhmətlik deyərdi ki, meşədə armudun yaxşısını çaqqal-çuqqal yeyir. Mən o vaxtdan öz-özümə belə bir sual verirəm, görəsən ayı armud ağacına armud yeməyəmi, yoxsa dincəlməyəmi çıxıb?
Hamı bir-birindən xəbərsiz gülməyə başladı. Ağıl kişi sonra əlavə etdi ki, bu dağlarda, dərələrdə hər cür heyvana rast gəlmək olur. Hər şeyi zarafata saldığımız üçün nəticəsi də belə olur.
Hümbət doktor xəyala daldı:
– Bəzən oturub fikirləşirsən, nə yaxşı ki, həyatda belə insanlar var.
– İndi Hümbət doktor, mənim də sizə verəcəyim bir sual var.
– Buyur Ağıl qardaş!
– Əgər xahiş etsəm mənim qopan barmağımı yerinə tikərsənmi?
– Ağıl qardaş, sizə ad qoyan rəmətə gedibsə, Allah rəhmət eləsin, getməyibsə can sağlığı arzulayıram. Əgər lazım gələrsə sizin nökərinizə də kömək etməyə hazıram. Siz doğrudan da ağıllı bir ziyalısınız. Açılmamış çox sirli qapılar var, onlardan biri də sizsiniz. Mənim verdiyim suala çox məntiqli cavab verdiniz. Və çox çalışardım ki, sizə kömək edim. Fəqət bir şərtim var. Əgər siz o şərəfsiz ayını tapıb qopardığı barmağı geri alsanız!..
Ağıl kişi barmaqsız qalsa da ayının şərəfini qorumağı bacardı. Ayı olanda nə olar?!.
Bəli, müdriklər demişkən, həyatın bir anı. Biz yeni dostlar o anı çox böyük şərəflə yola saldıq. Kamil müəllim çox sağ olsun, bizə çox mənalı, həmişə xatirələrdə yaşayacaq iki gün yaşatdı. İnsan oğlu o günləri xatırladıqca qəhərlənir, gah gülür, gah da kövrəlib arxasına baxıb, o günləri təkrar axtarmağı xəyalından keçirir. Deyəsən elə biz ümidlərin, xatirələrin hesabına yaşayırıq!..
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim