2021-ci ilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçı Əbdülrəzaq Gurnah kimdir?
Novator.az saytı yazıçının bioqrafiyasına nəzər salıb.
Əbdülrəzaq Gurnah 1948-ci ildə Tanzaniyanın Zənzibar vilayətində, müsəlman ailəsində doğulub.
1968-ci ildə Zənzibarda müsəlman ərəblərə qarşı basqılar dalğasında Böyük Britaniyaya köçüb, ingilisdilli yazıçı hesab olunur, Tanzaniya vətəndaşıdır.
Əbdülrəzaq Gurnah yaradıcılığa şair kimi başlayıb. Öz ölkəsində “Şərq şeirləri” toplusunu qələmə alıb. İlk nəsr əsərini (“Gediş barədə yaddaş”) isə 1987-ci ildə Britaniyada yazıb.
“Cənnət”, “Fərarilik”, “Dəniz kənarında”, “Son hədiyyə”, “Qumdan ürək”, “Tərk edilmiş” romanlarının, “Mənim anam Afrikada fermada yaşayırdı” hekayələr toplusunun müəllifidir.
1994-cü ildə “Cənnət” romanına görə onun adı ingilisdilli yazarlara verilən nüfuzlu Buker mükafatına ən şanslı namizədlər siyahısında olub.
Əbdülrəzaq Gurnah realist nəsrin nümayəndəsi sayılır. Britaniyalı nasir Kler Çembers yazır ki, Gurnahın romanları əslində miflərin qayıdışı mərhələsində ortalığa çıxan zəhmətkeş sinfə məxsus ədəbiyyat nümunəsidir.
“Mən yaddaşımda olanları, məndə dərin iz buraxmış, unutmadığım xatirələri qələmə alıram” deyən yazıçı həm də müstəmləkədən sonrakı dövr yazıçılarının, diaspor ədəbiyyatının araşdırıcısıdır.
Əbdülrəzaq Gurnah əslən Hindistandan olan Britaniya yazıçıları Vidiadhar Suracprasad Naypol və Salman Rüşdinin, əslən Cənubi Afrikadan olan Şotlandiya yazıçısı Zoi Uikombun yaradıcılığını xüsusilə geniş araşdırıb.
İkicildlik “Afrika mətnləri barədə esse” kitabının, “Salman Rüşdinin məclisində” əsərinin redaktoru olmuş Əbdülrəzaq Gurnah bəzi mənbələrdə Salman Rüşdinin yaxın dostu, əqidədaşı kimi xarakterizə olunur.
1982-ci ildə Böyük Britaniyanın Kent Universitetində doktorluq dərəcəsi alan, 1985-ci ildə burada müstəmləkədən sonrakı dövrün diaspor ədəbiyyatı üzrə mühazirələr oxuyan professor Əbdülrəzaq Gurnah hazırda Kent Universitetində ingilis dili kafedrasına rəhbərlik edir.
Əbdülrəzaq Gurnah 2006-cı ildə İngiltərə Krallığı Ədəbiyyat Cəmiyyətinin mükafatına layiq görülüb.
2021-ci ildə yazıçını ədəbiyyat üzrə Nobel mükafatına layiq görən İsveç Akademiyası bəyan edib ki, Əbdülrəzaq Gurnah öz yaradıcılığında qitələrarası mədəni əlaqələri tanıdır, hadisələri bəsitləşdirmədən, təhrif etmədən, realistcəsinə ifadə edir. Bəyanatda deyilir ki, onun romanları qəliblərdən uzaqdır və bizi dünyanın başqa yerlərinə, çeşidli mədəniyyətə sahib Şərqi Afrikaya baxmağa səsləyir.