2016-ci il iyunun 10-dan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Vidadi Aydın oğlu Muradov 2021-ci il yanvarın 9-da həbs edilib, bir gün sonra postdan çıxarılıb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqın nəticələrinə görə, Vidadi Muradovun ümumilikdə 21 milyon 673 min manatı talaması, 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması müəyyən edilib.
Novator.az bildirir ki, rəsmi ittihamı şərh edən iqtisadçı, müxalif Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır: “Dəfələrlə dövlətin iqtisadiyyatda hegemon oyunçu olmaq istəyini tənqid etmişik, amma hökumət qulaqardına vurub. 2019-cu ildə mətbuata verdiyim açıqlamada demişdim ki, Azərbaycanda xalçaçılığa biznes məntiqi və bazarın öyrənilməsi baxımından yanaşılması effektiv olar: “Xalça kimi çox primitiv sahəni dövlətin təmin və təşkil etməsi tamamilə məntiqsizdir, sponsor və investor dövlət olduğundan rentabellik və qazanc arxa plana keçir. Korrupsiya sxemlərinin də geniş yayıldığını nəzərə aldıqda bu tipli layihələrdə pul qazanmaq önə çıxır. Dövlət büdcəsi hesabına maliyyələşdirilən iqtisadi layihələrin qeyri-effektiv və korrupsiya sxemlərinə yem olması təbiidir. Deməli, bu sahəyə rəhbərlik edənlərin də şəxsi maraqları var. Əks təqdirdə dövlət vəsaitinin qeyri-rasional xərclənməsinə yol vermək olmazdı”.
Qeyd eləmişdim ki, 2019-cu ilə qədər “Azərxalça”nın ümumi ziyanı 60 milyona yaxınlaşıb: “Dövlətdən kifayət qədər vəsait alınıb xərclənib, amma satışın həcmi və gəlirlik səviyyəsi təmin edilməyib. Deməli, layihə qeyri-rentabellidir. Ona görə dövlətin “Azərxalça”ya vəsait ayırması doğru deyil, ayrılırsa, onda müəyyən qrupların şəxsi marağı var”.
Dövlət əsas iqtisadi oyunçu olmaq həvəsindən vaz keçməlidir, dövlət iqtisadiyyatda ən pis menecerdir, birbaşa iştirakçı olması həmişə korrupsiya sxemlərinə yol açır. Dövlət iqtisadiyyatda ədalətli hakim və təkanverici rolu oynamalıdır, məmur iqtisadiyyatına, eybəcər “dövlət kapitalizminə” son verilməlidir”.
“Azərxalça”nın rəhbəri niyə tutulub?