Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev sərəncamı martın 18-də imzalayıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin əvvəlki sədri Vidadi Aydın oğlu Muradov yanvarın 10-da postdan götürülüb. O, 2016-ci il iyunun 10-dan “Azərxalça”ya rəhbərlik edirdi.
Baş Prokurorluğun 9 yanvar məlumatına görə, Vidadi Muradova xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparır.
Vidadi Muradovdan sonra İdarə Heyəti sədrinin səlahiyyətləri müvəqqəti olaraq sədr müavininə – İslam Səfər oğlu Qurbanova keçmişdi.