Uca olsun həmişə dövlətimin bayrağı (Poema)
- 30 İyul 2021
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Gəray Göyyurd
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərova ithaf olunur
Proloq
Vətən üçün doğuldu,
Vətən üçün böyüdü.
Qulağından getmədi,
Ataların öyüdü.
Quyuya su tökməklə
Bulaq olmaz, çay olmaz.
Vətəndən, yurddan, torpaqdan
Heç bir kəsə pay olmaz.
Bu sadə həqiqəti
Hamı, hər kəs bilməli.
İşğalçıya aman yox,
Ölməlidir, ölməli!
Güzəştə getmək olmaz
Alçaq, yağı düşmənə.
Sahib çıxmaq gərəkdir
Bu yurda, bu vətənə.
Böyüdü qəhrəmanım
Bu amalla, istəklə.
Zabit olmaq istədi
Canla, başla, ürəklə.
Vaxt gəldi, zaman çatdı,
Seçdi həyat yolunu.
Vətəni qucmaq üçün
Açdı polad qolunu.
Böyüdü qəhrəmanım
İgidlərə tay oldu.
Qəlbində yurd sevgisi
Ümman oldu, çay oldu.
Qarabağa hücumu
Gözlədi o, həsrətlə.
Fəxr elədi həmişə
Dövlətinə xidmətlə!
I hissə
Oxucum, igidimdən
Söhbət açdım mən sənə.
Gəl söhbəti yönəldək
Canım, gözüm vətənə.
Düşmənə əsir düşən
Anamdır ana vətən.
Ağdamda bina-bina
Yanandır ana vətən!
Canımızdan əzizdir
Hər bir qarış torpağı.
Hər çınqılı, hər daşı.
Hər kolu, hər yarpağı.
Talanan sərvətləri
Dövlətimdir, varımdır.
Yağmalanan torpağı
Sınan şah vüqarımdır.
Hər kəs belə düşünür,
Şübhəsiz, şəksiz, qəti.
Mənə yaxşı məlumdur
Bu millətin qeyrəti.
Neçə ki davam edir
Ana yurdun işğalı.
Bütün soydaşlarımın
Halı – vətənin halı!
Nə zamandır vətənin
Başı qeylü-qaldadır.
Otuz ilə yaxındır
Tapdaqda, işğaldadır.
Əsir düşən yurdlarda
Daş üstə daş qalmayıb.
Onu azad etməsək
Bizə yaşamaq ayıb.
Bizə yaşamaq haram,
Bizə yaşamaq günah.
Vətəni qorumasaq
Əfv etməz bizi Allah.
II hissə
Hər kəs bu fikirdədir,
Belə düşünür hamı.
Ümid ilə gözləyir
Heydər oğlu İlhamı!
Əsəblər yaytək tarım,
Sümüyü kəsir bıçaq.
Ordum, xalqım, millətim
Dayanıb hazır-yaraq!
Hücum əmri gələcək
Ali Baş Komandandan.
Hamı keçmək istəyir
Vətənçün şirin candan.
Mənim qəhrəmanım da
Bu xoş anı gözləyir.
Çaqqal sürülərini
Aslan kimi izləyir.
Qoruyur qəhrəmanım
Dövlətin sərhədini.
Göstərmək istəyir o,
Yağılara həddini.
Döyüş təlimi keçib
Hər çavuşa, əsgərə.
Hazırlayır onları
Böyük, şanlı zəfərə!
Bilir ki, təlimlərdə
Axıtsa alın təri.
Daha az bir itkiylə
Qazanacaq zəfəri.
Bu üzdən təlimlərdə
Tərə, suya qarışır.
Gecə-gündüz demədən
Zəhmət çəkir, çalışır.
Əqidəsi bu oldu
Zabit olandan bəri.
Övladıtək sevdi o,
Orduda hər əsgəri.
Hər əsgərə, çavuşa
Qəhrəmantək baxdı o.
Boşuna keçirmədi
Zamanı o, vaxtı o.
Onun hər bir əsgəri
Yetişdi igid kimi.
Qovdu yağı düşməni
Qarabağdan it kimi!
Dövləti ata bildi,
Vətənə dedi ana.
Sadiq oldu həmişə
Ali Baş Komandana.
Onun hər bir əmrinə
Canla-başla getdi o.
Düşmənlərin önündə
Sal qayatək bitdi o.
Ürəyini şam edib
Vətəni üçün yandı.
Qulağından getmədi
İçdiyi zabit andı!
Sevdi öz peşəsini,
Sevdi candan, ürəkdən.
Döyüşdə seçilmədi
Aslanlardan, pələngdən.
Babək adı boş yerə
Verilməyibdir ona.
Onun qəhrəmanlığı
Örnək oldu cahana!
O, vətəndən, torpaqdan,
Dövlətindən güc aldı.
Millətinin gözündə
Zirvələrtək ucaldı!
Azad etdi düşməndən.
Neçə-neçə zirvəni.
Babək adı gələndə
Tük salacaq erməni!
Vətəndə neçə-neçə
İgidlər doğulacaq.
Millətin Babəkləri
Milyon-milyon olacaq.
Gül açacaq bu xalqın
Gözəl-gözəl murazı.
Qəhrəman doğulacaq
Hər bir oğlu, hər qızı.
İgidlərdən heç zaman
Xali olmayıb bu yurd.
Buna öz varlığıyla
İnanır Gəray Göyyurd.
III hissə
İnanıram bu xalqa,
Bu qəhrəman millətə.
Daim sahib çıxacaq
Bu vətənə, dövlətə.
Canından can verəcək
Bu torpağa, bu yurda.
Çox şahlar, çox xaqanlar
Başını qoyub burda.
Bu vətənə göz dikən
Gözünü verib gedib.
Mənəm-mənəm deyənlər
Sözünü verib gedib.
Qan-qan deyən yağılar
Öz qanında boğulub.
Bu millətin bətnindən
Şanlı ordum doğulub.
Tanımayan tanısın
Bu qəhrəman milləti.
Mənim millətim qurub
Bu qüdrətli dövləti.
Demokratik dövlətin
Burdadır təməl daşı.
Dövlətiylə fəxr edir
Yurdun hər vətəndaşı.
Dağlar baş-başa gələ,
Bütün dünya dağıla.
Bu millətin torpağı
Qalmaz heç vaxt yağıya!
IV hissə
Gün kimi həqiqəti
Yağı düşmən görmədi.
Ordumuzun gücünü
Anlamadı, bilmədi.
Toxuduğu yalana,
Kələklərə güvəndi.
Sürü-sürü çaqqala,
Köpəklərə güvəndi.
El gücü sel gücüdür,
Nadanlar bunu bilməz.
Atalar yaxşı deyib,
Haqq nazilər, üzülməz.
Ali Baş Komandanım
Qoymadı haqq üzülsün.
Ürəyimiz yer-yerdən
İlmələnsin, süzülsün.
Qaldırdı Komandanım
Öz dəmir yumruğunu.
Göstərdi bu dünyaya
Oğru ilə doğrunu.
Həm Komandan oldu o,
Həm də ali diplomat.
İlahi istedadı
Eylədi dünyanı mat!
Vətən ona güvəndi,
Millət ona inandı.
Vətən, millət, yurd oldu
Onun peymanı, andı!
Ordumuz biləndə ki,
Yenilməzdir Komandan.
Ən zəif əsgər belə
Oldu igid, qəhrəman.
Gücüylə, qeyrətiylə,
Qanıyla yazdı dastan.
Bu yerdə yada düşür
Türkiyəylə Pakistan!
Dost-düşmən dar ayaqda,
Çətin vaxtda sınandı.
Naxələf, xain kəslər
Töhmətləndi, qınandı.
Xarüqələr yaratdı
Bayraqdarlar, sihalar.
Öz töhfəsini verdi
İntellektlər, dühalar.
Xain çıxdı nə qədər
Dost deyilən dövlətlər.
Mənfur planlar cızdı
Gözdən iraq xəlvətlər.
Ordumuz düşmənlərə
Göstərdi öz həddini.
Başlarına uçurtdu
Ohanyanın səddini!
Ordum irəli gedir
İlahi bir inamla.
Hər bir kəs fəxr eyləyir
Heydər oğlu İlhamla.
Masada, sahadadır
Dincliyi yox bir saat.
Sükan əmin əldədir,
Hamı rahatdır, rahat.
Hamı qələbə deyir,
Hamı zəfər gözləyir.
Ali Baş Komandandan
Xoş bir xəbər gözləyir.
Gözümüzdən süzülən
Yaş da zəfər gözləyir.
Dağ da zəfər gözləyir,
Daş da zəfər gözləyir!
Cavan, qoca, ixtiyar,
Uşaq zəfər gözləyir.
Qan ilə suvarılan
Torpaq zəfər gözləyir.
Ali Baş Komandanım,
Dövlət zəfər gözləyir.
Müxtəsəri bütün xalq,
Millət zəfər gözləyir.
Qələbəyə köklənib
Mənim qəhrəmanım da.
O zəfəri hiss edir
Ürəyində, canında.
İrəliyə can atır
Qəhrəmanım, igidim.
Qanını almaq gərək
Neçə-neçə şəhidin!
Şanlı zəfərlərdədir
Hər bir dərdin çarası.
Qələbəylə sağalar
Ana yurdun yarası.
Hər kəs bilir bu yara
Dərindədir, dərində.
Cərrah bıçağı oldu
Babək Xudafərində.
Öpüb azad etdiyi
O müqəddəs torpağı,
Taxdı Xudafərinə
Üç rəngli al bayrağı.
Bu nə gözəl qələbə,
Bu nə gözəl bir zəfər.
Ekran önündə durub
Ona baxır hər nəfər.
Bu anı seyr eləmək
Nə böyük bir fəxarət!
İgidiylə fəxr edir
Sevgili, uca millət.
Zəngilana çatıbdır
Şanlı ordum, əsgərim.
Boşuna axmayıbdır
Təlimdə axan tərim.
Qələbə çox yaxında
Elan olunasıdı.
Millətin toy-düyünü,
Yağıların yasıdı.
V hissə
Hər əsgər, hər bir zabit
Döyüşür vicdanıyla.
Yazılır şanlı tarix
Şəhidlərin qanıyla.
Vətən sənə borcludur,
Qanlı şəhidim mənim.
Heç bir zaman ölməyən
Canlı şəhidim mənim.
Yaralanıb qayıdan
Qazimə salam olsun.
Şəhid haqqını yeyən
Məmura haram olsun!
Meşə çaqqalsız olmaz,
Uzatmayaq söhbəti.
Şuşa zəfəri ilə
Müjdələyək milləti!
Gəl oxucum, təzədən
Qayıdaq o günlərə.
Ən ilahi, müqəddəs
Toylara, düyünlərə.
Gözümüzün önündə
Canlansın həmin zaman.
Şuşa qələbəsini
Elan etsin Komandan.
Şairin gözlərindən
Zəfər yaşı süzülsün.
Dostlar baxıb sevinsin.
Düşmən baxıb üzülsün.
İşğaldan azad olan
Yurduma salam olsun!
Döyüşdən qalib çıxan
Orduma salam olsun!
Salam olsun müzəffər
Ali Baş Komandana!
Qoy fəxri adlar versin
Yüzlərlə Qəhrəmana!
Qələbəmiz davamlı,
Daimi olsun təki.
Mən də tərənnüm edim
Neçə-neçə Babəki.
Kitablara yazılsın
Hər bir igidin adı.
Hasil olsun xalqımın
Xoş arzusu, muradı.
Vətən eşqi, yurd eşqi
Hər bir ürəkdə yansın!
Vətəni sevməyənlər
Rəzil olsun, utansın!
Sovuşsun birər-birər
Millətimin dərdləri.
Bərpa olsun dövlətin,
Vətənin sərhədləri.
Azad, firavan görək
Daim yurdu, torpağı.
Uca olsun həmişə
Dövlətimin bayrağı.
Dualarım kaş çatsın
Uca, qadir Allaha.
Vətənimin sinəsi
Dağ görməsin bir daha.
Xoş gün, güzəran gəlsin
Obalara, ellərə.
Vətən cənnətə dönsün,
Adı düşsün dillərə.
Göyyurd da nəğmələrdən,
Sözdən çələng toxusun.
Şeirini bülbüllər
Nəğmə kimi oxusun!
Epiloq
Elə bil bu dünyadan
Bu gün-sabah köçürdüm.
Süzülən misraları
Vərəqlərə köçürdüm.
Nə yazdımsa, oxucum,
Ürəkdən, candan yazdım.
Vətən üçün tökülən
Müqəddəs qandan yazdım.
Bilmədim necə yazdım,
Heç olmadı xəbərim.
Bir sutkanın içində
Tamamlandı əsərim.
Hər sözümü, kəlməmi
Duyğulara bələdim.
Bütün qəhrəmanlara
Mən ərməğan elədim.
Misralara can verdim
Ürəyimin qanından.
İlhamım buna çatdı –
Kasıbın olanından.
Gah keçmişə üz tutdum,
Gah yazdım gələcəkdən.
Sanmayın bu əsəri
Mən tək yazdım Babəkdən.
Yox, yox, hər qəhrəmandan,
Ər oğlu ərdən yazdım.
Qarabağda döyüşən
Hər bir nəfərdən yazdım.
Gözümdə qəhrəmandır
Ordumun hər nəfəri.
Biz hamımız bir yerdə
Qazandıq bu zəfəri.
Hər kəsin ordumuza
Öz köməyi, hoyu var.
Bu şanlı qələbədə
Hamımızın payı var!
Bu qırx dörd gün içində
Vahid, tək ürək olduq.
Hər birimiz Mübariz,
Cavanşir, Babək olduq.
Neçə ki bu birlik var
Daim zəfər bizdədir.
Ordumuzun qüdrəti,
Əziz xalqım, sizdədir.
Bu birlik müjdəsidir
Gələn nurlu sabahın.
Onu bizə heç zaman
Çox görməsin Allahım!
23.07.2021