Bloqer (12)
- 16 İyul 2021
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10
Niyazi Mehdi
Beşinci fəsil. Erkingildə günorta yeməyi
Erkinin ata-anası qarabağlı olsalar da Bakıda universitetdə oxuyanda rastlaşıb sevişmişdilər. Bu o dönəm idi ki, bölgədən gələn gənclərin «çuşqa» (türkün «çoşqa» sözündəndir) damğası az işlənirdi, özü də onu abırlı bakılılar yox, savadsız, geridə qalmış bakılılar işlədirdilər. Bu, o dönəm idi ki, «rusdilli çuşqa» damğası da aktuallığını itirmişdi, çünki sayları və prestijləri önəmli dərəcədə azalmışdı. Bu o dönəm idi ki, daha bölgədən gələn qızların ənlik-kirşanı, mini don geyinmələri Bakıdakıları sinirləndirmirdi ki, gör nə tez dəyişdilər?! Bir sözlə, bu, Bakıda etik-estetik tolerantlığın xeyli artdığı dönəm idi.
Erkinin ata-anası öyrəncilik illərində yaşadıqları «məhəbbəti» oğullarına, ailə məclislərində qohumlara və yaxın dostlara danışanda bəzən qəsdən ironik çalarda «şanlı məktub» yazan rayonlu gənclərin məhəbbəti kimi danışırdılar. İkisi də öz sahələrində seçilən alimlər idi. İkisi də gənclik vaxtlarından çox ağıllı adamlar kimi tanınırdı, ikisi də ədəbiyyat və mədəniyyətlə bağlı çox bilgili idilər. Bu üzdən, yumor üçün uydurduqları hind melodramı kimi primitiv görünən rayonlu (yəni əyalətçi) «məhəbbətləri» onların yüksək intellektuallığı ilə komik təzad yaradırdı. Adətən, ad günlərində bu ev komediyasını atası həzin musiqi altında, bəzən ah-oflu şeir haşiyələri ilə danışardı. Anası isə öz melodramatik rolunu oynamaq üçün gözünü süzürdü, «ah, elə deyildi» tipində replikalar atırdı. Sonralar Erkin anladı neyçün ata-anası bu teatrı çıxarırlar. Öz sevgilərini romantik dildə yalnız bir dəfə danışmaq olardı. Komik dildə danışanda isə hər dəfə gülüş üçün yeni detallar, yeni «ah-ofları» uydurmaq olardı. Və uyduranda heç kim deməzdi ki, axı, keçən dəfə danışanda demişdiniz ki, sevginiz, məsələn, avtobusda əliniz əlinizə dəyəndən başlayıb.
Ata-anası universiteti bitirəndən sonra evlənib Sovetskidə öz həyəti olan ikimərtəbəli balaca binada mənzil almışdılar. Qabaqca bir otaqları vardı. Erkin böyüdükcə qonşu otaqları ala-ala mənzillərini dördotaqlı etmişdirlər (bəzən dostları zarafat edərdi ki, belə getsə, Qarabağı da ermənilərdən alacaqsınız).
Onlar dünyasını dəyişəndən sonra Erkin bu otaqlarda tək qalmalı olmuşdu.
Bakının bəzi yerlərində etnik və ya bölgə baxımından qəribə çevrimlər olmuşdu. Örnəyin hansı çayxanasa ağdamlı, hansısa gəncəli çayxanası idi. Ortaçağ şəhərlərində dəmirçi məhəlləsi boyaqçı məhəlləsindən ayrıldığı kimi Yasamalda Dağlı məhləsində, əsasən, Xızıdan gəlmiş dağlılar, Qanlı təpədə Qarabağdan, Gəncədən gəlmiş ermənilər, Sovetskidə (onun Sovetaşen kimi Yerevan bənzəri də vardı) Bakı kəndlərindən, İçərişəhərdən gəlmiş bakılılar vardı. Sonralar, bölgə camaatı bura axışdıqca Sovetski «multikulturallaşdı», Bakıya cayılları, qədeşləri verən Sovetski həm də şəhərliləşmiş rayonluları verdi. Bakılılar bir də ayıldılar ki, əsli Ağdama, Gəncəyə, Tovuza gedib çıxan yeni qədeş tipi yaranıb. O əsl qədeşlərdən danışığı götürsə də psixologiyasında dədə-babalarından qalma ağdamlılığın, gəncəliliyin, bir sözlə, türlü Azərbaycan bölgələrinin izi qalırdı. Oxşar olaraq Dağlı məhləsində ermənistanlıların sayı «katastrofik» artaraq bakılı-ermənistanlı simbiozunda gəncləri törətmişdi. Ermənikənddə isə təkəm-seyrək qarışıq evlənmələr olduğundan bakılı-erməni simbiozunda uşaqların sayı elə də çox olmamışdı, sadəcə, bəzi bölgələrdən bura köçmüş ailələr bu mühitdə urbanlaşmışdılar.
Erkin Sovetski simbiozlarından olsa da az rastlanan tip idi. Uşaqlığında daha çox qədeş kimi görünən qarabağlı izlərini daşıyırdı. Qədeşlər kimi naqquli, çilədi oynayırdı, orada balaca bir meydançada futbol oynaya-oynaya filiqran fəndlər mənimsəmişdi. Sonralar «Dinamo» klubuna yazılıb 3-4 il boksa getmişdi. Məhlədə bütün qədeşlər kimi vuruşqan, söz götürməyən, tində bir ayağını divara söykəyib duran və ya çömbələnib oturan Erkin çox qədeşlərdən fərqli olaraq nəşə çəkməzdi və çəkənlərin yanında heç kompleksi də olmazdı ki, çəkmir. Bu üzdən məhlə nəşəxorları öncələr onu özlərinə tay etmək istəsələr də tezliklə fikirlərindən daşınmışdılar. Məhlədə o, igidliyinə, yaxşı vuruşmasına görə, bir də biliyinə, ağlına görə bərk gedənlərdən idi. Orada başqa liderlər də vardı, xasiyyətlərinə, atasının puluna, hörmətinə görə. Ancaq Erkin bu çevrədən qıraqda tənha ağac kimi dururdu və bu avtonom liderliklə hamı hesablaşırdı. O biri liderlər sayğı ilə, mehribançılıqla Erkinlə danışırdılar və danışanda, davrananda Erkinin sevmədiyi söyüşlərdən, söhbətdən özlərini saxlayardılar. Hamısında səksəkə olurdu ki, birdən sözü-söhbəti onun xoşuna gəlməz və gözündən düşər, ya pərt edər.
Evə isə o, qədeş maskasını məhlədə qoyub gələrdi. Evdə onun danışığı yüngülcə Qarabağ ləhcəsinin cizgilərini alan ədəbi dil olardı. Bu ədəbi dil uşaqlıqdan oxuduğu «yaşına uyğun gəlməyən» romanların etgisi ilə formalaşmışdı. Oxuduqları Anarın, Elçinin şəhər nəsri, Mövlud Süleymanlının magik realizmi, Kamal Abdullanın postmodernist əsərləri idi. Erkinin rus dili Rusiyadakı intellektualların rus dili səviyyəsində idi. Düzdür, istəyəndə yüngülcə artistlik edib danışığına bakılı ruscasının cizgilərini vururdu. Məhlə Erkini öz qədeşlərindən biri kimi bildiyindən hərdən nəyləsə bağlı onu ədəbi dildə danışan görəndə elə bil başqa oğlanı görürdü. Ata-anası isə məhlədən keçəndə oğullarının danışığını ucundan-qulağından eşidəndə çaş qalırdılar ki, bu lap qədeşlər kimi danışır ki! Atası bir dəfə evdə bu «ikiüzlüyü» pisləmək istəyəndə Erkin Herman Hessədən örnək gətirmişdi ki, əslində, bir «mən» yoxdur, «Mən»in arxasında çoxlu mənlər gizlənir. Onuncu sinifdə oxuyan Erkinin bunu deməsi iliyinəcən alim olan atasını sakitləşdirmişdi. Bəlkə də Sovetskidə bircəcənə mənzil idi ki, orada Azərbaycan və dünya elmlərinin yetənəkləri ölçülərində, biçimlərində gündəlik problemlərin söhbəti gedirdi.
Sovetski Erkin universitetdə oxuyanda prestijli yaşayış yeri deyildi, ancaq kurslarındakı varlı qızlarının yanında (oğlanlarsa problem deyildi) yaşadığı yerə görə onun heç bir kompleksi olmazdı. Bu qızların aralarındakı söhbətdən, varlı olmayan qız və oğlanlarla söhbətlərindən bahalı maşınlarla, yabançı ölkələrə getməklə, brənd tavarlarla bağlı bütün dediklərindən «qiyməti problem deyil» toxluğu yağırdı. Bu toxluğu gözə soxmaq aşamasını onlar aşmışdılar, indi daha toxluqlarını gözə soxmadıqlarından bu hal onların kimliyinin təbii cizgilərindən birinə çevrilmişdi. Ona görə vulqar görünmürdülər. Kimlərdə toxluq gözə soxulurdusa, onlara varlıların qudurğan balası deyirdilər, ancaq universitetdə vəzifəli-pullu adamların elə uşaqları da vardı ki, toxluqları təbii göründüyündən heç kimin dili gəlmirdi onlara qudurğan desin. Erkində danışığında, davranışında başqalarını ovsunlayan elə bir iti, çevik, bilgili ağıl vardı ki, bu qızlar, elə varlı oğlanları da heç cürə ona yuxarıdan aşağı baxa bilməzdilər. Yaraşıqlı varlı qızların hər hansı birisini əldə etmək, hətta seksdə olmaq bu oğlan üçün problem olmasa da yaxınlıq göstərmirdi. O, gəzəndə başqa qızlarla gəzirdi, acıq vermək üçün yox, sadəcə, belə qızlarla daha ilginc olduğu üçün. Varlı oğlanlar başqalarında görmədiklərini Erkində görürdülər. Onun yanında olanda ata-analarının elitdən olmasının (hörmətli adamlar olmasının), ciblərindəki pulların, bankomat kartlarının güclü ağıl-xasiyyət qarşısında solğunluğunu görürdülər. Düzdür, Erkinin cibində yeri gələndə dostlarını kafedə qonaq etməyə, istədiyi paltarı, bilgisayarı almağa həmişə pulu olardı. Bunun bir nədəni ailəsinin yoxsul olmaması, o birisi özünün daşdan pul çıxara bilməsi, üçüncüsü isə gözü tox olması idi. Elə bu gözütoxluğu ucundan prestijli yerdə ev almağa pulu olsa da Sovetskidən indi də köçmürdü. Antiqlamur kliplərdəki, neorealist filmlərdəki evlərə, divarlara oxşar Sovetski binaları, küçələri burada böyüdüyündən ona əziz idi. Kubizmi, primitivizmi rəssamlıqda yaxşı duyduğundan istədiyi vaxt qavrayışının estetik düyməsini basıb Sovetskiyə onların estetikasından baxırdı. Burada yaşmaqdan utanan minlərlə oğlan-qızların arasında bircə Erkin idi ondan razı qalan. Əslində, kurslarındakı varlı balalarının Sovetski haqqında bütün aşağılayıcı düşüncələri Erkindən sonra dağılmışdı. O, tin uşaqlarının jestləri, geyimləri, ləhcəsi, nəşəxorların meyxanaları haqqında elə yozumlar verirdi ki, etnoqrafik aura Sovetskini onların gözündə magik bir yerə çevirirdi. Demə, qədeşlərin danışanda barmaqları ilə etdikləri jestlərin prototipi nəşəni papirosa eşmək prosesində durur (bu jestlər Soçi ermənilərinə də keçmişdi və bəzi oxşartıları afroamerikanlardan bütün dünya rəpinə yayılmışdı). Bu uşaqlar Erkindən öyrənmişlər ki, qədeşlərin işlətdikləri «yaxbala», «yaxma!» sözləri yağı yaxmaqdan gəlmir, yandırıb-yaxdırmaqdan gəlir. Bunun dalınca Erkin kültürdə od və odlamaq simvollarının türlü anlamlarını səpələmişdi. Ədabaz, özünü başqalarından yuxarı qoyan adamlar başqalarını paxllıqdan yandırmaq istəyirlər, ona görə «yaxbalalıq» edirlər. Bu yozumdan sonra onlar Erkindən öz «sinfi mahiyyətlərinin» ifşasını eşitmişdilər (o, marksizmi sevməsə də bir az ironik bu termini işlətmişdi). Sizlər yaxbalalarsınız. Ağıllılarınız qudurğan görünməmək üçün başqalarını yaxmağın odunu bir az azaldırlar. Ancaq yenə də atanızdan gələn pullar, imkanlar əlinizdən getsə özünüzdə hansı bacarıq olacaq ki, tutalım, kriminallar arasına düşsəniz hörmət sahibi olasınız, çölə-biyabana düşsəniz acından ölməyəsiniz? Çox ağıllı, göyçək yoxsul qızını özünüzə sevdirə biləsiniz. Sizdə hətta pərt vəziyyətə düşəndə yumorla ondan çıxmaq bacarığı da yoxdur.
Erkin biolojisinə-fiziolojisinə, yəni təbiətinə, naturasına görə çoxlarının asılı olduqlarından asılı deyildi. Bu təbii asılısızlığa Sokratçı filosoflardan – çəlləkdə yaşayan Dioqenin, «çörək və su ilə yetərlən!» deyən Epikurun fəlsəfəsi düşüncə laylarını vermişdi. Bütün bu filosoflar, eləcə də Buddizm, dərvişlərin pərhiz (pəhriz) öyrətisi insan bilincini pis nəsnələrin qorxusundan, yaxşı nəsnələrin ləzzətindən asılı etməməyin yollarını tapmışdılar.
İndi, Erkin ordan-burdan lakı çoxdan getmiş taxta pilləkənlə həyətə düşəndə zivələrdən asılmış paltarların yuyucu tozdan qalmış qoxuları arasından keçdi. Darvazadan çıxıb sağdakı meyvə-tərəvəz piştaxtasından sonra gələn dəlləkçiyə sarı yeridi. Erkin çox az dostu ilə şit-primitiv məzələnirdi və çox az dostu onunla kefi istəyən zarafatı edirdi. Onunla bir sinifdə oxumuş dəllək Rüstəm bu azlardan idi. Erkin içəri girəndə gördü ki, kresloda oturan, ağ soruğun içindən bircə başı çıxan məhlə uşaq-muşağıdır. Qədeşlər «məhlə uşağı»ndan mehribançılığı bir az sayğısızlığa sarı endirmək istəyəndə «məhlə uşaq-muşağı» deyirlər. Bu üzdən Erkin Rüstəmə qondarma acıqla söylədi:
– Alə, tez-bazar elə! Bunun başını yarımçıq saxlasan da yaraşacaq.
Dəllək Rüstəm (sənəti adına yapışdığından hamı adını belə deyirdi) başını qırxdığı adama təpindi:
– Alə, durma. Böyük pox gəlib?!
Başını qırxdıran oğlan bu uşaqlıq dostlarının şit söhbətini öncələr də eşitdiyindən və onu da bildiyindən ki, bu şitliyə başqa heç kimin ixtiyarı yoxdur, hırıldadı.
Erkin pəncərənin yanındakı üç stuldan ortadakında oturub telefonunu çıxardı, – «bu pox sözü sənə baha başa gələcək» deyib Facebook-a baxmağa başladı. Rüstəm hədəni vecinə almayıb (vecinə alıb neyləyəcəkdi ki), soruşdu:
– İndi noolacaq? Benzin bahalaşdığından meyvələr də bahalaşıb. İşıq da bahalaşb. Mən benzin işlətmirəm, ancaq işıq işlədirəm. Qulluğumu bahalandıra bilərəm?
Erkin:
– Bilərsən, ancaq 20 qəpik.
(Ardı var)