Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Füzuli rayonundan Şuşa şəhərinə çəkilən yol barədə məlumat yayıb. İyulun 7-də verilən rəsmi bilgiyə görə, təməli 2020-ci il noyabrın 16-da qoyulmuş 101 kilometrlik yolun iki hərəkət zolaqlı olması nəzərdə tutulur: “İlk 6 kilometrlik hissədə yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. 34-51-ci kilometrlik hissədə torpaq işləri, 42-44-cü kilometrlik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.
Eyni zamanda 51-76-cı kilometrlik hissədə qazma işləri tamamlanıb, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanıb və paralel olaraq asfaltlanma işləri icra olunur.
Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə çəkilən yol 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə təcavüz şiddətlənərək müharibəyə çevrilib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və ətraf bölgələri işğal edib.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib. Hazırda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən Azərbaycanın nəzarətindədir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.
Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-9-dan 2020-ci il noyabrın 8-dək işğalda olub.
Hələlik Şuşaya Laçın və Ağdam yolları ilə gedib-gəlmək mümkün deyil. Xocavənd-Şuşa yolundan isə Rusiya hərbçilərinin müşayiəti ilə istifadə olunur.