Azərbaycanda neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neft və qaz hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ili 1 milyard 750 milyon manat zərərlə baş vurub.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev maliyyə hesabatının analizinə əsaslanaraq ehtimal edir ki, SOCAR-ın zərəri əsasən Türkiyədəki fəaliyyətindən yaranıb: “SOCAR mənfəət və ya zərərin ölkələr üzrə həcmini açıqlamır. Amma ölkələr və seqmentlər üzrə ayrıca açıqlanan üç müxtəlif bilgini bir araya gətirməklə mənfəətin (zərərin) ölkələr üzrə miqyası barədə müəyyən mənzərə yaranır. Məsələn, 2020-ci ildə şirkət daxilində qarşılıqlı əməliyyatlar nəzərə alınmadan SOCAR-ın ümumi dövriyyəsinin 7,2 milyard manatı (14,5 faizi) emal seqmentinin payına düşüb. Türkiyə üzrə dövriyyənin həcmi 7,6 milyard manat olub. Məlumdur ki, SOCAR-ın Türkiyədəki fəaliyyəti əsasən emal seqmentindədir. 2020-ci ildə SOCAR-ın ən böyük zərəri məhz emal seqmentində olub – 2,1 milyard manat.
Türkiyədəki zərərə lirənin 2020-ci ildə 25 faiz ətrafında dəyər itirməsi də təsir göstərib.
Bu mənzərə nəyə işarədir? Yaxın illərdə SOCAR-ın maliyyə fəaliyyəti Türkiyə iqtisadiyyatının vəziyyətindən asılı olacaq, çünki şirkət bu ölkəyə nəhəng investisiyalar yatırıb.
Şirkətin zərərlə fəaliyyət göstərən başqa seqmenti tikinti sektoru olub: 120 milyon manat.
Neft-qaz hasilatı seqmenti 1,3 milyard manatdan bir qədər çox, satış və nəql seqmenti isə 309 milyon manat mənfəət əldə edib”.
Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci il yanvarın 23-də SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.