Emin Hüseynzadə
Bugünlərdə Türkiyə və digər türkdilli ölkələrlə birgə media layihələri və ideyalar ətrafında ciddi müzakirələr gedir. Prezidentin köməkçisi Hikmət Hacıyev sosial mediadakı saxta xəbərlərə qarşı birgə maraqlar çərçivəsində mübarizədən də danışdı. Əfsus ki, bu cür birgə layihələrin baş tutacağı təqdirdə Azərbaycan tərəfdaş kimi eyni deyil, kiçik qardaş, bəlkə də ən kiçik qardaş rolunu oynaya biləcək.
Mediaların səviyyələrini müzakirəyə etməyə ehtiyac varmı? Yəqin ki, var. Media azadlıqları sahəsində açıq reytinqlər çıxır, amma bu reytinqlər imkanları göstərmir, sadəcə təşkilatların müəyyən etdiyi göstəricilərin ölkələrdə müəyyən zaman kəsiyində tətbiqini ölçür. İmkanlar isə fərqli ola bilər, bir çox halda mövcud imkanlardan istifadə edilməməsi və ya potensialın başqa səmtə yönəldilməsi bu reytinqlərdə əks olunmaya bilər.
Azərbaycanda media mütəxəssisləri bu sahədə biliklərin olmamasını Türkiyə və digər ölkələrlə əməkdaşlığın ən başlıca problemi hesab edirlər. “Feysbuk”da gedən müzakirələrin birindən aydın görünür ki, sabah beynəlxalq media şəbəkələri Azərbaycandan olan jurnalistləri işə götürmək üçün aktiv axtarışa başlasalar, adam tapa bilməyəcəklər. Azərbaycanda peşəkar jurnalist yetişmir, yetişməyə yer yoxdur. Universitetlər köhnə, hətta qədim proqramlar əsasında, təcrübədən çox-çox uzaq olan “məhsul” buraxırlar. Bu məhsul da əlavə təlimlərsiz minimal ehtiyacları belə ödəmir.
Təhsil ocaqları baxımından da Azərbaycanın reallığı məhduddur. Türkiyədə jurnalist ixtisasını verən 40-dan çox universitet var. Üstəlik, bundan da çox universitetdə digər media peşələrini tədris edirlər. Qazaxıstanda jurnalistika ixtisası 19 universitetdə verilir. Bundan əlavə 4 daimi jurnalistika məktəbi fəaliyyət göstərir. Türkiyədə belə kursları sadalamaqla bitməz.
Bəs Azərbaycan? Bircə dənə də daimi kurs yoxdur. Jurnalistika sahəsində təhsil vermək hüququ olan cəmi 2 dövlət universitetinin vəziyyəti aydındır. Durum ilk addımdan ağırlaşdırılır: qəbul zamanı jurnalist olmaq istəyənlərdən ədəbiyyatçı kimi “havadan-sudan” inşa yazmaq tələb edilir. Nəticə göz qabağındadır. Vətən müharibəsindən sonra informasiya məkanımıza müdaxilələrin, şimaldan gələn böyük dalğaların qarşısını almaq olmur, hər həftə onlarla saxta məlumat yayılır, institutlara inam azaldılır. Və belə vəziyyətdə Türkiyə və digər türkidilli dövlətlərlə kiçicik layihələrdən yüksək səmərə gözləmək… olmur, olmayacaq da.
Nə etməli? Atılmalı olan bir ilkin addım var, əməkdaşlığın bəhrə verəcəyi bir aydın istiqamət var: Türkiyənin jurnalistika və media təhsili sistemindən yararlanaraq, yerli proqramlardan tamamilə imtina etmək və yeni media tədris ocağı yaratmaq. Belə bir ocaq ya tamamilə müstəqil, ya da istənilən aparıcı Türkiyə universitetinin Azərbaycanda filialı kimi fəaliyyət göstərə bilər. Bu universitetə köhnə və səmərəsiz dərsliklər, proqram və tədris metodları, müəllim və işçi heyəti heç bir üsulla qəbul olunmamalıdır. Məqsəd xarici mediada və xarici media ilə işləyə biləcək kadrların yetişdirilməsi, gələcəkdə Azərbaycanın TRT World-u, France 24, BBC World Service və s. tipli media orqanı üçün hər cür mütəxəssisin yetişdirilməsi olmalıdır.
Azərbaycan dünənin mediası ilə yaşaya bilmir. Bu media müğənnilərin didişməsi, müxtəlif adamların sözlərinin kontekstdən çıxarılması, kriminal dünyanın təbliğatı ilə məşğuldur. Bu media Qarabağ haqda, iqtisadi transformasiya, uğurlu insanlar və Kürün quruması kimi köklü məsələlərdən danışa bilmir, bacarmır, öyrənməyə qadir deyil.
Ən yaxşısı da odur ki, velosipedi yenidən icad etməyəcəyik, azərbaycanlıların da bəyəndiyi Türkiyə təhsil sistemini birbaşa ökəmizə köçürəcəyik. Mesaj məhz belə qurulsa, həm abituriyent və tələbələr, həm xarici media, həm də ölkəmiz bəhrələnər.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz
Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü
Koronavirus mediamızı dəyişə bilməz
Koronavirusu öldürərkən başqa xəstəliklər arta bilər
Koronavirusun yaratdığı yeni biznes imkanı
Koronavirus dövründə Azərbaycanda başqa viruslar da yayılıb
Qarabağda birtərəfli jurnalisti ifşa etmək
Saxta “şəhid siyahısı”nı ifşa edirik
Müsabiqə şəxsi məlumatların itirilməsiylə nəticələnə bilər
Media istehlakçılarının tələbatı niyə hələ də təmin olunmur?