Güney Azərbaycandan olan jurnalist, şair, filoloq, tərcüməçi Atilla Maralanlının 60 yaşı tamam olur. Novator.az Atilla Maralanlı barədə 28 iyun 2013-cü ildə Mediaforum.az saytının dərc etdiyi yazını oxucuların diqqətinə çatdırır.
2006-cı ilin payızında “Media forum”un redaksiyasına yazı gətirdi. Baş redaktor Azər Qaraçənli onunla uzun-uzadı söhbət etdi. Düşündüm yəqin maraqlı adamdır, yoxsa Azər ona bu qədər vaxt sərf etməz.
Bir neçə gün sonra baş redaktor onu kollektivə təqdim etdi: yeni yaranan İran bölməsinin kuratoru Atilla Maralanlı.
Təbrizli Atilla 7-ci ildir “Media forum”un İran xəbərlərini hazırlayır. İlk günlərdən elə az danışırdı, çox vaxt ətrafdakı danışıqları belə eşitməzdi, bir xəbəri bitirməmiş heç bir başqa işə baş qoşmazdı.
***
Atilla 1961-ci ildə Təbrizin Maralan məhəlləsində anadan olub. 5 yaşında ikən ailəsi Tehrana köçməyə qərar verib. Gəncliyi və yetkinlik illəri bu şəhərdə keçib.
Çox söhbətlərimiz olub, elə hey o taydan danışır, uşaqlığına dönür, gəncliyini xatırlayır:
– Sonbeşik qardaşımdan başqa hamımız Təbrizdə dünyaya göz açmışıq. 3 qardaşım, 2 bacım var. Tehrana köçməyə məcbur olduq, dolanışıq yox idi. 1946-cı ildə Pişəvərinin başçılıq etdiyi Milli Hökumət devriləndən sonra Güney Azərbaycanın iqtisadi durumu çox ağır idi, hamı çörək dalınca Tehrana axışırdı. Hazırda İran paytaxtının 12 milyon nəfərlik əhalisindən az qala yarısı azərbaycanlıdır. Atamın Təbrizdə baqqal dükanı vardı, sonra çörək işinə baxırdı, bir qohumumuzla şərikli çörək dükanı açmışdı. Sonralar atamdan soruşardım ki, niyə gəldin Tehrana, deyərdi dolana bilmirdim.
Tehranda 1993-cü ilə kimi yaşamışam. Şah dövründə farsdilli orta məktəbdə 12 il təhsil almışam.
***
– 1979-cu ilin İran inqilabını 18 yaşımda qarşıladım, o vaxt aksiyalara da qoşulmuşam. İnqilabın iki aparıcı qüvvəsi vardı: İran Xalq Fədailəri Təşkilatı, yəni kommunistlər və İran Xalq Mücahidlər Təşkilatı. Solçu Tudə təşkilatı da SSRİ-yə meyilli idi. Həm də inqilabın önündə tələbə və ziyalılar durmuşdular.
1981-ci ildə xalq mücahidləri ilə hakimiyyətdəki dini qüvvələr arasında silahlı ixtilaf başlandı. Mücahidlər indi İraqda yerləşirlər, amma mübarizədən dönməyiblər. Dindar zümrəni hakimiyyətə Qərb qüvvələri gətirdi, çünki İranda kommunistlər güclüydülər. Qərb də İranın SSRİ-nin nüfuz dairəsinə düşəcəyindən ehtiyatlanaraq onlara alternativ qüvvəni dəstəklədi. İnqilabdan 7-8 ay öncə heç kim ruhanilərin hakimiyyətə gələcəyini ağlına belə gətirməzdi.
Yadımdadır, inqilaba qədər bir il etirazlar səngimədi. Hazırda vaxtilə gizlədilən müxtəlif sənədlər açıqlanır. Bəzi etirazları Qərb təşkil edirmiş. Qərb şahın devrilməsində maraqlı idi və sonda ona dedilər çıx get. O da ölkəni tərk etdi. Amma nəticədə hakimiyyətə Qərbin maraqlarına tam zidd olan qüvvə gəldi.
İslam respublikasının ilk illərində müəyyən azadlıqlar vardı hələ, sonra proses öncə qadınlara qarşı yönəldi. Dövlət idarələrində tələb vardı: ya başını örtməlisən, ya işdən çıxmalısan. Təzyiqlər gün-gündən artdı. Xəbərlər yayılırdı, məsələn, hansısa qadının üzünü və ya ayağını ülgüclə çərtirlər. Cəmiyyətdə qorxu artırdı və radikal dindarlar yavaş-yavaş qalib gəldilər. Həbslər, edamlar çoxaldı. Şahın gizli polisi “Savak”ın bir neçə təcrübəli kadrından, düşünən beynindən istifadə etdilər. Yeni hakimiyyət “Ettelaat”ı, yəni təhlükəsizlik orqanını yaratdı. Keçmiş “Savak”çı, şahın uşaqlıq dostu Fərdust adlı bir nəfərin bu orqanın yaradılmasında böyük rolu var.
Xalq fədailərinə rəğbətim vardı, amma onlar ikiyə parçalandılar. Sonra “Rahi-Kargər”, yəni “Fəhlə yolu” təşkilatına yaxınlaşdım, oldum onun tərəfdarı.
***
Atilla məhəllədə və məktəbdə kommunist kimi tanınırdı, rəsmi heç bir təşkilatın üzvü olmasa da. Kommunizm, SSRİ haqqında ordan-burdan oxuyurdu. Yeniyetmə ikən onda sosial ədalətə rəğbət vardı:
– Fikirləşirdim yaxşı olar, dünyada hamı bir olsun, bərabər olsun, zülm olmasın. Hər hansı zülmü görəndə narahat olardım. İranda çox güclü əks-sovet təbliğatı vardı. Məndə milli şüurun oyanmasına Bakı radiosu yardımçı oldu. Qohumlarım vardı Sərabda, həm də Təbrizin Şahgölü məntəqəsində. Onlarda qonaq olarkən Bakıdan danışardılar, ağ-qara televizorları da vardı. Bakını tam şəffaf olmasa da, bir balaca tuturdu. Mahnıları da dinlərdim. Məktəbi farsca oxusam da, evdə yalnız türkcə danışardıq, məktəbdə də azərbaycanlı uşaqlarla ana dilimizdə ünsiyyət qurardıq.
İnqilaba qədər mən Azərbaycan dilində bir kitab, ya bir jurnal görməmişdim. Əski əlifbada da mənim yaşadığım mühitdə ədəbiyyat yox idi. 1979-cu ildən Azərbaycan dilində dərgilər yarandı, onları da sonra bağladılar.
1981-ci ildə SEPAH təzə qurulmuşdu. Repressiyalar başlanmışdı o zaman. Bir gün gecə qapımız döyüldü. Bizdən xəbərçilik edən insanlar evimizi gizli təşkilatın mərkəzi, silah anbarının olduğu məkan kimi təqdim etmişdilər. Qapını açdım, onlar vəsiqə göstərdilər və evdə axtarış aparıldı. Heç nə də aşkarlanmadı. Axı nə tapıla bilərdi? Bacılarım da, mən də solçuluğa meyilli idik, amma heç bir təşkilatın üzvü deyildik. Evdə də silah-zad nə gəzirdi? Bircə otağımda bir qədər solçu ədəbiyyat, Azərbaycan dilində kitablar, musiqi kasetləri vardı. Hamısını da açıq satışdan əldə etmişdim. İnqilab ərəfəsində və inqilabdan iki il sonrayadək İran-SSRİ mədəniyyət cəmiyyətindən çoxlu kitab və dərgi almışdım. Tehran Universitetinin qarşısı başdan-başa kitab dükanıyla doluydu. İnqilabdan sonra bütün siyasi təşkilatlar öz əqidələrinə uyğun ədəbiyyatı elə küçədəcə düzüb satırdı. “Göyərçin” jurnalını elə oradan almışam, onu satan şəxs kiril əlifbasını mənim üçün yazdı və bu yolla oxumağı öyrəndim. Bu əlifbada oxuduğum ilk əsər Mirzə İbrahimovun “Böyük dayaq” romanı oldu.
Evimizdə aparılan axtarış zamanı bütün solçu və milli kitablar müsadirə olundu.
***
Atillanın hazırladığı xəbərlərin bir çoxu milli fəalların həbsi ilə bağlıdır. Demək olar hər belə xəbərdə “evdə yoxlama aparılıb, fəala məxsus kompüterlər, kitablar, disklər və daha bir sıra şəxsi əşyalar götürülüb” ifadəsi qaçılmazdır. Atilla bunun necə baş verdiyinin canlı şahididir. Yalnız indi kaset əvəzinə disklər müsadirə olunur:
– Mən və iki bacım həbs olunduq. Xorasan meydanındakı inqilab komitəsində bizi 2 gün saxladılar. Bizdən orada bir neçə dəfə ifadə alındı, məni də molla paltarında bir nəfər dindirirdi. Soruşdu, şurəvidə (Sovet İttifaqı) buraxılan kitabları hansı yolla əldə etmisən. Kasetdə Bethovenin 5-ci simfoniyasını dinləyib dedi, bu musiqiyə qulaq asıb evdə rəqs edirsiniz? Dedim bu kitablar açıq satışda var, Bethovenin də musiqisi məni düşündürür.
Bizi Tehranın Evin zindanına köçürdülər. Mən 18 ay, kiçik bacım 9 ay, böyük bacım 9 il yarım Evində məhbus olduq. Formal bir məhkəmə prosesi də keçirilmədi, eləcə həbs etdilər, vəssalam. Evin zindanında məni 5-6 dəfə dindirdilər. İl yarım sonra da mülk girovu qarşılığında məni azadlığa buraxdılar.
Bir sorğu-sual heç yadımdan çıxmır. Gözübağlı məni bir otağa saldılar, üzü divara sarı küncdə əyləşdirdilər, gözümdəki sarğını bir qədər qaldırdılar. Sual kağıza yazılır, qarşıma qoyulurdu. Mən də o suala cavab verməli idim. Arxamda dayanan müstəntiqi görə bilmirdim. Heç bir təşkilatın da üzvü olmadığımdan nə cavab verəcəyimi bilmirdim. Hərdən ayağa qaldırıb mənə şillə, təpik vururdular. Gözübağlı zərbənin haradan gəldiyini bilmirdim. Yerlə sürütlədilər, bir zirzəmiyə salıb, əl-ayağımı bağladılar. Məni elektrik kabeli ilə xeyli döydülər, huşumu itirdim. Əl-qolum açılandan sonra da bir müddət hərəkət edə bilmədim. Eləcə divara söykənib oturmuşam axşamadək.
Həbsin ilk 45 günü xurma, kərə yağı, çörək və hərdən bir qədər pendir verilirdi. Çay-zad yox idi, sonradan verməyə başladılar. Qab qıtlığı vardı, adətən 5 nəfər bir qabdan yeyərdi. Ayaqyolu kənarda idi deyə, bu məsələ çox çətinlik doğururdu. Bəzən keşikçi heç qapını açıb kimisə buraxmaq istəmirdi. Həbsin sonrakı müddətində ata-anam mənimlə görüşə bildi, bir qədər pal-paltar da ötürdülər. Təmizlik işi problem doğururdu, 3-4 duşla onlarla insan 20-30 dəqiqəyə həm çimməli, həm də paltar yumalı idi. Kamerada 50 adam vardı bəlkə. Növbə ilə yatardıq.
İnqilabın ilk illərində çox çətin idi, heç bir hüquqi təhsili olmayan insanlar məhkəmə aparırdılar. Müttəhim gözübağlı otururdu həmin bu inqilabi məhkəmədə, bir neçə sual verilərdi. Elə yerindəcə qərar çıxarılırdı. Bəzən də ölüm hökmü. Mənim yaxın dostlarımdan üçünə beləcə ölüm qərarı kəsilib, onlar təşkilata üzv idilər deyə edam olundular.
Atillanın yaxınları 5 ölkəyə səpələnib. Bacılarından biri Kanadada, digəri ABŞ-da, qardaşının biri Danimarkada, ikisi isə İrandadır. Uzun illər onlarla əlaqəni də itirmişdi. Yalnız son zamanlar texnoloji imkanların artması ünsiyyət qurmağa imkan verib:
– Həbsdən sonra bir müddət atamın dükanında işlədim. 27 ay hərbi xidmətdə olmuşam. İranda məcburi çağırış yoxdur, yəni qapı-qapı axtarmırlar. Sadəcə, xidmət keçməmisənsə səni müəyyən hüquqlardan məhrum edirlər. Hər yerdə səndən hərbi kart istəyirlər, hətta evlənəndə də. İndi sistem bir az dəyişib. Kim istəmir, müəyyən məbləğ ödəyib hərbi bilet ala bilər. Amma İran-İraq müharibəsi vaxtı çoxlarını elə küçədən tutub əsgər aparırdılar.
Əsgərliyi çəkməsən, pasport ala bilməzsən. Pasportumu alıb artıq İranı tərk etmək haqqında düşünürdüm. Hər zaman Azərbaycana, Bakıya getməyi arzulamışam. Qardaşımın biri artıq xaricdə idi, mən də digər böyük qardaşımla onunla görüşmək üçün İstanbula getməyə qərar verdim. 1993-cü ildə Türkiyədə görüşdük. Xaricdə yaşayan qardaşıma dedim daha İranda yaşaya bilmirəm. Daim arxamca gəzən, məni izləyən insanları görürəm. Hətta məhəllədə yaşayan qonşunun oğlu məni güdür. Soruşanda da deyir mənə səni güdməyi tapşırıblar. Bəzən tək məhəllədə yox, şəhərdə də izləndiyimi duyuram. Belə həyatdan bezmişəm, hər yerdə məni güdürlər. İstəyirəm İrandan çıxım.
Xaricdə yaşayan qardaşım dedi, daha çıxmısan da, qayıtma ora, buradan hara istəyirsən get. Elə oradaca qərar verdim, həmişə həsrətini çəkdiyim Bakıya getmək istədiyimi bildirdim. Qardaşım dedi, bax a, Azərbaycan təzə müstəqil olub, hazırda vəziyyət qarışıqdır, gedərsən, çətinə düşərsən. Dedim getməliyəm. Orada çox qapı döydük, Azərbaycan konsulluğuna getdik, amma viza alınmadı. Məcbur oldum başqa yol axtarım. Bir turist şirkəti məndən pul alıb viza verdi, bir avtobusla yola düşdüm. Azərbaycana Gürcüstandan gedəcəkdim. Bu avtobusla Batumiyə çatdım. Türkiyə tərəfi də, Gürcüstan tərəfi də məndən pul aldı.
***
Atilla üçün hər hansı bir qərar qəbul etmək çox çətin məsələdir. Elə bil 21-ci əsrdə yaşamır, bir işi görmək üçün uzun-uzadı düşünəcək, yüz ölçüb bir biçəcək. İstanbulda birdən qərar verib Azərbaycana yönəlməsi qəribə göründü mənə. İllərlə yan-yana çalışmışıq, hər dəfə çox sadə işlərin həllində çətinlik çəkir.
Bir hadisə düşdü yadıma. Atilla bir neçə dəfə kompüter almaq arzusunda olduğunu dilinə gətirmişdi. Axırda dözmədim: nə çətin iş var, ay Atilla? Dörd tərəfimiz kompüterlə doludur. Dedi başım çıxmır, bir dostum var, söz verib, mənimlə gedəcək, amma vaxtı yoxdur. Dedim hazır ol, bu şənbə gedirik kompüter dalınca. İstədi bunu da başqa vaxta keçirsin, imkan vermədim.
Həmin gün şəhərin mərkəzindəki 30-40 dükanı gəzdik. Qərara gələ bilmirdi, elə hey düşünürdü. Bu dükanları üç dəfə fırlandıq, hətta artıq evə dönürdük, birdən qərar verdi. Gəl, gedək filan modeli alaq, özü də noutbuk olsun. Yəni stolüstü kompüter almaq fikrindən döndü.
Kompüter axtararkən bir hadisə onu yaman pərt etdi. Bir modeli bəyəndi, amma baha alınırdı, üstündə kifayət edəcək məbləğ yox idi. O dükan da elə bank əməliyyatı olmadan daxili kredit verirdi. Miqrasiya Xidmətinin verdiyi müvəqqəti sənəd işə yaramadı, dedilər şəxsiyyət vəsiqən olanda verərik.
***
Atilla Bakıya yolunu nəql edir:
– Batumidə mənə bir fars qoşuldu. Tanış yox, dil də bilmirik. Bir maşın bizi apardı aeroporta, düşundüm, hər halda orada çoxlu insan olar, bizə bir yol göstərərlər. Gördük buranın aeroportu bir xaraba yerdir, nə adam, nə mühafizə var, bir-iki təyyarə görünür. İtlər də düşüb dalımızca. İşıq gələn yerdən bir nəfəri tapıb güclə nəsə başa saldıq. Acarıstan müsəlman diyarıdır, o da bizim müsəlman olduğumuzu bilib evinə qonaq apardı.
Dedi Abxaziyada müharibə gedir, Bakıya yollar bağlıdır, ora gedə bilməyəcəksiniz, sizi Moskvaya yollaya bilərəm, oradan Bakıya getmək daha asandır. 100 dollar məndən, bir qədər də o biri oğlandan alıb bizi biletsiz-zadsız keçirdi salona. Təyyarə də nə təyyarə, pis gündə, güclə yerindən qalxdı. Qara dənizin üstündən keçib, yönəldi Moskvaya.
Düşünürdüm Moskvada nə edəcəm, viza yox, heç kimi tanımıram. Amma bu şəhərdə bizimlə heç kim maraqlanmadı, elə gözləmə zalından kənara çıxdıq. O zaman rus dilində cəmi bir-iki söz bilirdim, çox vaxt işarə ilə danışırdım. Taksi bizi Qızıl meydana gətirdi, bir nəfərlə tanış olduq, bizi apardı öz tanışının evinə, gecəsi 20 dollardan yerləşdik. Bir gecə də pakistanlı tələbələrin yanında qaldıq. O zaman o fars oğlanla yolumuz ayrıldı. Təsadüfən bir iranlı oğlanla tanış oldum, o mənə bir yer tapdı. Moskvada beş-altı gün qaldım, ilk dəfə onda “Makdonalds”da oldum.
Artıq pulum da tükənirdi deyə Bakıya getməyə qərar verdim. Vağzalda bir rus oğlan mənə yardım etdi, bilet alıb gəldim Azərbaycana.
***
Atillanın ləngliyinin bir üstünlüyü də var. Xəbər hazırlığında heç vaxt tələsməz, çox təmkinlə, asta-asta hazırlar yazıları. Amma xəbərləri media mühitini qarışdırır bir-birinə, qəzetlərin manşetinə çıxır, saytlarda yayılır, televiziya və radioda səslənir. Çox vaxt da həmin mediaların özəl xəbəri kimi. Atilla elə hey gileylənir, deyir, bax, bu mənim xəbərimdir, filan telekanal mənim xəbərimi dünən səsləndirdi, amma istinad etmədi. Onun hazırladığı bir xəbəri bütün qəzetlər manşetə çıxaran günün səhəri Azərbaycan hökuməti İrana nota da verib.
İran haqqında belə dəqiq təsəvvürü olan ikinci birisini görmədim. Hazırda “Media forum”un redaktorları istənilən analitik mərkəzdə İran üzrə ekspert işləyə bilərlər, çünki illərlə Atillanın xəbərlərini oxuyublar, ondan çox şey soruşub öyrəniblər. Öz aramızda deyirik, Atilla olmasaydı, biz İrandan nə bilirdik ki?
Bir əhvalat yadıma düşdü, bir neçə il əvvəl dünyanın aparıcı agentlikləri İranın dini lideri ayətullah Əli Xamneyinin ölüm xəbərini yaydı. Amma Atilla dedi bu xəbər doğru deyil. Hər dəfə bir populyar mediadan Xamneyinin ölüm xəbəri gəlirdi, amma “Media forum”, yəni Atilla vermədi bu xəbəri. Atilla haqlı çıxdı, ayətullah Əli Xamneyi bu gün də yaşayır…
***
– Keçmiş SSRİ məkanına qədəm qoyduğum ilk gündən bir şok keçirdim. Batumi mənə çox çirkli göründü, qonaq qaldığım evin ayaqyolunda bir təmiz yer tapmadım. SSRİ-nin nailiyyətləri haqqında 70 il təbliğat getmişdi və bu ölkə vur-tut iki il idi dağılmışdı, köhnədən bir şey qalmalıydı axı.
Növbəti şoku Bakıda duydum, taksi ilə Köhnə Günəşliyə tanışımın evinə gedərkən. Küçənin, binanın, blokun vəziyyətinə baxdım, pis gündəydi. Moskvada da ağlasığmaz bir faktla rastlaşdım, görürdüm kimsə evində 2 toyuq budunu bişirib satır metronun qabağında, İranda belə bir şeyi heç kim etməz. Bəlkə də zaman belə idi, dolanışıq çətin idi.
Evində qonaq olduğum tanış məni güneyli dostumun evinə çatdırdı. Dostum çox sevindi, kirayə qaldığı evində qalmağa dəvət etdi. Burada kitabdan başqa bir şey tapılmırdı, 3 ay orada məskunlaşdım. Əldəki pullar tədricən tükəndi, başımızın altına kitab qoyub yatırdıq. Başqa dostlar da vardı, yardım edirdilər. 3 ay sonra evlə, Tehranla əlaqə saxladım, böyük bacım dedi pasportum hazırdır, gəlirəm Bakıya. Dedim Bakıda çox çətindir, dolanışıq yoxdur, o yenə sözümə baxmadı, üstüörtülü şəkildə başa saldı ki, həyatı təhlükədədir, gəldi. Mən təxminən 1 il yarım bacımla bir tanışın mənzildə qaldım.
***
Atilla uzun illər bir evdən digərinə köçməli olub. Evsizlik böyük dərddir. Amma həyatın çətin günləri kimi xoşbəxt anları da az deyil. 5-6 il öncə İrandan və Danimarkadan Bakıya qonaq gələn qardaşları ona bir xudmani ev alıblar. Atilla bu evi çox gözləmişdi, düz 15 il…
– Bacım bir qədər pul gətirmişdi, karımıza gəldi. O vaxtdan müxtəlif təşkilatlara – Qızıl Ayparaya, BMT-yə gedib-gəlirdim. Çox qarışıq zaman idi, hətta pul gücünə vətəndaşsızlıq sənədi düzəldirdilər. Bu sənədlə sonradan dünyanın istənilən yerinə getmək olardı, amma bunu özümə sığışdıra bilmirdim. Azərbaycanlı ola-ola niyə kiməsə rüşvət verməliydim? Nə qədər gedib-gəldim Qızıl Ayparaya, xeyri olmadı. BMT mənə müvəqqəti kağız parçası verirdi. Neçə dəfə metroda məni yoxlayanda təqdim etməyə bir sənədim olmayıb. Bir kitabxana biletim vardı, onunla gəzirdim.
BMT işimə baxırdı, amma bir müddət sonra orada dedim bacım buradadır, onun psixoloji durumu məndən də ağırdır. Bacımı ora apardım, xeyli müddət gedib-gəldik. Ora bir xanım rəhbərlik edirdi. Bizə variant təklif etdi, ya mən, ya bacım BMT xətti ilə xaricə gedə bilər. Biz özümüz seçim etməliyik. Bacım da Bakıda çox üzülürdü, su gəlmirdi, ya şəhərin zibilini görüb əsəbiləşirdi.
Xaricə elə bacım getdi, əvvəlcə Kanadaya, sonra ABŞ-a. Mən də burada qalası oldum…
***
Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan Güney və Quzeyə parçalanıb, hamı da düşünür, nə vaxtsa rahatca birləşəcəyik, tapacağıq bir-birimizi. Amma Atilla tapa bildimi bu tayda vətəni? Həmişə bu sualın cavabını arayıram.
– Bakıya gələndən həmişə tərcümə ilə dolanmışam. Bəzən sifariş olurdu, bəzən yox. Hər halda əlimdən tuturdu. Həm də 1994-cü ildə bir imkan açıldı. Bəxtiyar Vahabzadənin təşəbbüsü ilə güneydən olan bir neçə nəfərin adı Təhsil Nazirliyinə verildi. Mən də onların sırasında Bakı Dövlət Universitetində təhsil almaq imkanı əldə etdim. Bir müddət hazırlıqda, sonra da 4 il filologiya fakültəsinin rus dili və ədəbiyyatı şöbəsində oxudum. Həm də məni yataqxana ilə təmin etdilər.
***
Atillanın redaksiyada ən mehriban münasibətləri nədənsə Azər Hüseynbala ilə olub. Yanaşı əyləşiblər, Azər də şəkililərə məxsus incə yumor hissi ilə ona çox yaxın olmuşdu. Azərin başqa yerə getməsindən ən çox Atilla qüssələndi. Onu görərkən deyirdi, vəfasız çıxdın. Azər də söz altda qalmazdı, Atilla, niyə evlənmirsən? Sən evlən, toyunda oynayaq da.
***
– 2000-ci ildə mən bir neçə nəfərlə BMT-nin bizə olan münasibətinə görə aclıq etdik. 16-17 gün aksiyada iştirak etmişəm, hətta Elçibəy də bizə baş çəkməyə gəlmişdi. Amma bir nəticə olmadı. Üstəlik, mən aclıq edərkən tələbə yataqxanasındakı otağımı bir qaçqın ailəsi zəbt etdi. Gördüm əşyalarımı töküblər çölə. Ailənin başçısından soruşdum nə məsələdir, dedi sənin təhsilin bitib, buradan getməlisən, biz isə qaçqınıq. Dedim mən də qaçqınam. Amma xeyir eləmədi. Otaqdan çıxası oldum.
Bir müddət Elmlər Akademiyasında da çalışmışam. Şərqşünaslıq İnstitutunda 4 ilə yaxın işlədım. İşə təzə başladığım vaxtlar maaş az idi, təxminən günə 1 manat, ayın sonunda üstünə bir qədər əlavə edib ev kirayəsini ödəyirdim.
***
Azərbaycanda Atilla bir neçə dəfə ölümlə də üzləşib. Bir dəfə Quba yaxınlığındakı bir dağın başında olarkən ayağı büdrəyib az qala uçuruma aşacaqmış, Allah üzünə baxıb, uçuruma bir-iki metr qalmış salamat qurtulub. İkinci dəfə isə hadisə elə evində baş verib. Hamamda özü də bilmədən qaz sızması olub, huşunu itirib, yerə yıxılıb. Yenə tale üzünə gülüb, evində qonaq olan bir güneyli tanışı şübhələnib və hamamın qapısını qırıb. Təcili yardım ona kömək edib, sonra bir neçə gün reanimasiya şöbəsində yatıb. Ölümün bir addımlığında olub. Bu hadisəni də özünəməxsus bir yumor hissi ilə şərh edib.
Atilla yaxın günlərdə halva bişirəcəyini bəyan edir.
Səidə Hüseynova : – Bəyəm ölən var?
1 il öncə qaz sızmasından zəhərlənib xəstəxanaya düşməsini, az qala o dünyanı görüb gəlməsini nəzərdə tutan Atilla deyir:
– Mən yeganə ölüyəm ki, halvamı özüm bişirirəm.
***
– Deyəsən, 1995-ci ildə, Novruz bayramı axşamı bazarlıq edib evə gedirdim. Küçəni keçərkən bir maşının arxasından başqa maşın çıxdı. Heç yerə qaça bilmədim, maşın məni bərk vurdu, neçə metr kənar tulladı. Özümə dedim, deyəsən, ölürəm. Başımdan qan açıldı, hər yerim də əzilib. Maşındakılar məni Malakan bağındakı travmatologiya xəstəxanasına gətirdilər. Bu avtoşluq eləyən cavanların üçü də kefliydi. Bir həkim mənə baxdı, dedi maşınlarının nömrəsini yazmışam, onları əldən buraxma. Soruşdum niyə, dedi bəlkə sənin beynin silkələnib, çətinliyin ola bilər. Dedim, vallah, mən heç nə edə bilmərəm, işdir, olub da, qəsdən vurmayıblar ki. Başıma tikiş qoydular. Həkim polis çağırmaq istəyirdi, cavanlar da qorxu içindəydilər. Mən bir az özümə gəldim. Həkimə dedim şikayətim yoxdur. Nə qədər təkid etdisə, mən razılaşmadım. Məni maşına əyləşdirib yataqxanaya apardılar, dedilər, tez-tez baş çəkəcəyik. Amma elə o gedən getdilər. Bir dəfə də onları Fontanlar bağında gördüm, utandıqlarından üzlərini çevirib getdilər.
***
Atillanın şairliyi də var. Bir çox qələm adamı ilə tanışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Son illər az yazır, xəbər düzəldir, material hazırlayır, amma şeirdən uzaq düşüb. Dediyinə görə, vətəndə özünə qarşı ögey münasibət, ayrı-seçkilik onun ədəbi yaradıcılığına mənfi təsir edir. Bir də Azərbaycan Respublikasının vətəndaşı olmaq arzusu onun əsas işinə çevrilib. Bir də baxırıq işdə yoxdur, deməli, yenə sənəd toplayır, qapı-qapı gəzib vətəndaş olmaq arzusunu reallaşdırır.
– 5 güneyli bir yerə yığışanda söhbətimiz yalnız sənəddən və ya vətəndaşlıqdan olur. Vətəndə 11 il yaşadım, yalnız 2004-cü ildə Miqrasiya Xidməti mənə müvəqqəti sənəd verdi. İndi o sənəd məndədir, hər 3 aydan bir də onun vaxtının uzadıldığını təsdiqləyən kağız verirlər.
Artıq yay gəlib, hərə bir tərəfə istirahətə gedir, mən də uzaqbaşı bulvarda oturub çay içə bilərəm. Mən insan deyiləm? Adicə telefon nömrəsini itirsəm, öz adıma nömrə ala bilmərəm, verməyəcəklər. Azərbaycanın verdiyi müvəqqəti sənədlə isə nömrə vermirlər. Dəqiq bilirəm, tanış güneylilər ala bilmirlər.
Uzun illər vətəndaşlıq probleminin həll olunacağı vədlərini eşitmişəm. Müxtəlif beynəlxalq və yerli təşkilatların xətti ilə kömək ala bilməmişəm. Amma indi işıq ucu görünür, söz verirlər yaxın aylarda işimə baxılacaq. Ümidliyəm.
***
Bakıda Koroğlunun abidəsinin açılışı olur. Saytda getmiş “Koroğlu kasıbların tərəfində idi, ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi” xəbərini oxuyan Atilla Maralanlı deyir:
– Koroğlu da vətəndaş oldu, mən ola bilmədim.
İsmayıl Rafiqoğlu