Navalnının komandası niyə dayandı? – Alman mediasında kəskin tənqid
- 17 Fevral 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
“Aleksey Navalnının həbsinə etiraz bildirmək son dərəcə vacibdir. Amma baş verənlər Rusiyada hətta prezident Vladimir Putinin əleyhdarları arasında da həmrəyliyin olmadığını göstərir”. Siyasi şərhçi Nikolay Klimenyuk bu fikirdədir.
Nikolay Klimenyuk vaxtilə “Forbes Russia” jurnalının redaktoru olub. O, 2014-cü ildən Almaniya paytaxtı Berlində məskunlaşıb və hazırda bu ölkənin nüfuzlu nəşrləri üçün məqalələr yazır.
Novator.az-ın məlumatına görə, Nikolay Klimenyuk “Die Tageszeitung” (almancadan çevirəndə: “Gündəlik qəzet”) nəşrində dərc etdirdiyi “Bir gözü kor müxalifət” yazısında Rusiya müxalifətini kəskin tənqid edib.
Müəllif xatırladıb ki, müxalif lider Aleksey Navalnı bu il yanvarın 17-də tutulandan az sonra – ayın 23-də və 31-də Rusiyada etiraz aksiyaları keçirilib. Lakin sonradan etirazlar qəfildən dayandırılıb: “Təşkilatçılar gözlənilmədən aksiyalara son verdilər. Halbuki həbsxanalar etirazçılarla doludur, ölkədə nasist rejimi ab-havası hökm sürür. Rusiya polisi gestapo rejimi ilə müqayisə edilir. Polisləri “cəllad” adlandırırlar. İkinci Dünya müharibəsi zamanı partizanlara qarşı əməliyyatlar keçirən nasist rejiminin xüsusi dəstələri belə adlandırılırdı. Söhbət gah faşist rejimindən, gah da “işğalçılar”dan gedir: deyirlər ölkəni quldur dəstəsi ələ keçirib. Belə bir populyar zarafat da dolaşır: “Ata, bizi hansı konslagerə aparırlar?” – “Sus, mən siyasətə qarışmıram”.
Məqalədə qeyd olunur ki, yanvarın 23-də və 31-də Rusiyada keçirilən aksiyalar Putin hakimiyyəti dövründə coğrafi baxımdan ən geniş miqyaslı etirazlar idi: “Təkcə yanvarın 23-də ölkənin yüzdən çox şəhərində nümayişlər keçirildi. Ancaq hazırda rus cəmiyyəti özünün iki xüsusiyyətindən əziyyət çəkir: hüquq pozuntularına, zorakılığa, təhqirlərə qarşı mübarizədə həmrəylik göstərməməsindən və ümumiyyətlə bu kimi pozuntulara, təhqirlərə, zorakılıqlara göz yummasından.
Sosial şəbəkələr zorakılıq və özbaşınalığa qarşı narazılıqla doludur. Baş verənlərin “misli görünməmiş zorakılıq” olduğunu deyirlər. Sanki Rusiyada indiyədək heç belə hadisə olmayıbmış. Rusiyalılar elə bil ayrı ölkədə yuxudan ayılıblar”.
Müəllif yazır ki, bu hisslər anlaşılandır: “Amma “misli görünməmiş” ifadəsi çaşdırıcıdır. Çünki bu fikir indiyə qədər Rusiyada baş verənləri kölgədə qoyur. Axı 2018-ci ildə Putinin yenidən prezident postuna qayıtmasına və ya 2019-cu ildə Moskvada, digər şəhərlərdə seçki saxtakarlıqlarına qarşı keçirilən etirazlar zamanı da oxşar zorakılıqlar olmuşdu. Onda da minlərlə insan həbsə atılmışdı, işgəncəyə məruz qalmışdı. Onda da silahlı polislər köməksiz insanlara, qadınlara, yaşlılara, yeniyetmələrə güc tətbiq etmişdilər. Son illərdə Rusiyada etirazlara qatılan və ya rejimi tənqid edən nə qədər adam işdən qovulub”.
Məqələdə daha sonra qeyd olunur ki, küçəyə çıxmağa cəsarət edən insanlar təkcə dövlət aparatının təqibinə məruz qalmır, həm də laqeyd cəmiyyətin istehzası ilə qarşılaşır: “1980-ci illərdə, yenidənqurma dövründə tarixçı Yuri Afanasyev “aqressiv itaətkar çoxluq” ifadəsini işlətmişdı. Sanki o vaxtdan bəri bu çoxluğun sırası bir az da genişlənib.
Navalnı ilə həmrəy olanların sayının artması sevindiricidir, eyni zamanda da çaşdırıcıdır. Axı Navalnı özü həmrəylikdən uzaq siyasətçidir, azlıqlara, tənqidçilərə qarşı çıxmağı xoşlayan adamdır. İndi Navalnının silahdaşı Leonid Volkov etirazların başa çatdığını elan edir və bildirir ki, Alekseyin azadlığı uğrunda mübarizə bundan sonra beynəlxalq səviyyədə davam edəcək, aksiyalar isə yaya kimi təxirə salınır, çünki bu ilin sentyabrında Dövlət Dumasına seçkilər olacaq və Navalnının komandası öz gücünü həmin kampaniyaya saxlamağı, hazırkı imkanlardan o vaxt istifadə etməyi düşünür.
Bu, Navalnı komandasının etiraz aksiyalarından hakimiyyət uğrunda mübarizədə bir alət kimi istifadə etdiyini göstərir, acı olsa da, həqiqətdir.
İnsanlar Navalnının həbsindən də çox siyasi vəziyyətə etiraz edirlər, amma bu nə Navalnını, nə də onun komandasını narahat edir. Hakimiyyət uğrunda oyun gedir və adamların ədalətsizliyə, zorakılığa etirazı, öz ləyaqətini qorumaq uğrunda mübarizəsi bu oyunda heç kimi maraqlandırmır”.
Nikolay Klimenyuk hesab edir ki, həbsə atılmış digər şəxslərin azadlığa buraxılması uğrunda mübarizəni davam etdirməyə, bu məsələdə həmrəylik göstərməyə indi daha çox ehtiyac var: “Taleyin ironiyasına bax: Moskvada Navalnının azadlığa buraxılması tələbi ilə keçirilən aksiyalarda həbs olunanları miqrantların saxlandığı təcridxanalara yerləşdiriblər. Axı Rusiyada qeyri-leqal yaşayan miqrantları ölkədən deportasiya etmək Navalnının əsas tələblərindən biri idi. Həmin deportasiya mərkəzində elə bir qeyri-insanı saxlanma şəraiti var ki, bəzi KİV-lər oranı faşist konslageri ilə müqayisə edirlər.
Konslagerlə müqayisə təsadüfi deyil. Bu müqayisədə insanların özünə bəraət qazandırmaq motivi gizlənir: yəni günah işğalçılardadır, bizlik bir şey yoxdur, biz sadəcə günahsız qurbanlarıq. İnsan görmək istəməyəndə gözünü qan çıxana qədər yuma bilər”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib.
Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.
Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Həmin gün o, paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Müxalif siyasətçinin sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub.
Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozması ittihamı ilə Navalnı barəsində 30 sutka həbs qətimkan tədbiri seçib.
Bundan bir gün sonra internetdə Aleksey Navalnının Rusiyanın Qara dəniz sahilində yerləşən dəbdəbəli malikanə haqda araşdırması yayılıb. “Putin üçün saray. Ən iri rüşvətin tarixçəsi” başlığı altında təqdim olunan araşdırmada malikanənin Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilib.
Araşdırmanı Navalnının həmkarları yayıblar. Onlar Rusiya vətəndaşlarını Navalnının həbsinə biganə yanaşmamağa, etiraz aksiyaları keçirməyə səsləyiblər.
Tutulduğu gün Navalnı özü də rusiyalıları despot rejimi qarşısında susmayıb etirazlara qalxmağa səsləyib.
Yanvarın 23-dən Rusiyanın bir çox şəhərində və regionunda kütləvi etiraz aksiyaları start götürüb. Həmin gün və ayın 31-də keçirilən aksiyalarda əsas tələb Aleksey Navalnının azadlığa buraxılması olub.
Fevralın 2-də Moskva Şəhər Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Məhkəmə Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Aleksey Navalnı paytaxt Moskvanın “Matrosskaya tişina” istintaq təcridxanasında saxlanır.
Mənbə: Tageszeitung