Rövşən Ağayev
Mediadan soruşurlar ki, nə zaman Azərbaycanın bütün bölgələri dotasiyasız bölgə statusu ala biləcək? Əslində sual bu olmalıdır: Azərbaycanda dotasiyasız bölgə adlandırmaq meyarı necədir?
Bizim hökumətin meyarına görə, rayonda (şəhərdə) topalanan vergilər yerli icra hakimiyyəti orqanlarının, onların sərəncamındakı mənzil-istismar sahələrinin və uşaq bağçalarının saxlanmasına kifayət edirsə, həmin inzibati ərazi vahidi avtomatik maliyyə müstəqilliyi olan, dotasiyasız bölgə statusu qazanır. Hazırda Azərbaycanda 42 şəhər və rayon tam maliyyə müstəqilliyi qazanmış elan olunub.
Azərbaycan sovetlərin dağılmasından sonra mərkəzləşmiş idarəetmə sistemindən imtina etməyib. Nəticədə yerli hakimiyyətlər mərkəzi hakimiyyətin yerlərdəki səlahiyyətsiz sözçüsü, tapşırıqlarının icraçısı kimi qalır. Yəni yerli seçkili idarəetmə sistemi yaranmadığı üçün maliyyə əks-mərkəzləşməsi və inzibati əks-mərkəzləşmə baş verməyib. Ona görə dotasiyasızlıq əmsalını hesablamağın əhəmiyyəti qalmır, bu, nəzəri-metodoloji baxımdan da yanlışdır.
Maliyyə müstəqilliyi əmsalı o zaman hesablanır ki, mərkəzi hakimiyyətdən muxtar səlahiyyətləri və müstəqilliyi olan yerli özünüidarə olur, onların bu müstəqillikdən yararlanıb nə dərəcədə dotasiyasız bölgə yarada bildikləri ölçülür.
Azərbaycanda real dotasiyasız bölgə çərçivəsinə hansı rayon və şəhərlərin daxil olduğunu müəyyən etmək istəyirsinizsə, hər bir ərazi üzrə bu funksional istiqamət üzrə xərcləri toplayın:
aqrar infrastruktur və yerli əhəmiyyətli meliorasiya infrastrukturu;
yerli əhəmiyyətli yol-nəqliyyat infrastrukturu;
səhiyyə;
orta və məktəbəqədər təhsil;
sosial müdafiə;
mədəniyyət və incəsənət;
ekologiya.
Bir rayon (şəhər) çərçivəsində bu istiqamətlər üzrə xərclənən vəsaitlərin cəmini toplayın, sonra həmin ərazidə yığılan vergilərin cəmi ilə müqayisə edin. Alınan rəqəm hər bir ərazinin real olaraq dotasiyadan asılılıq səviyyəsini göstərəcək.
Bizim hökumətin hazırkı metodologiyasından çıxış etsək, uşaq bağçalarına sərəncam vermək hüquqi yerli icra orqanlarından alınsa, bütün bölgələr dotasiyasız olacaq. Amma gerçəklikdə belə olacaqmı?
2021-ci ilin dövlət büdcəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq şəhər və rayonlar belə sıralanıb: Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax; Abşeron, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz.
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar