Media istehlakçılarının tələbatı niyə hələ də təmin olunmur?
Emin Hüseynzadə
Öyrəşmədiyimiz, indiyə qədər görmədiyimiz qədər saxta məlumat, yalan xəbər və fırıldaqçılıqla üz-üzəyik və heç nə edə bilmirik. Azərbaycan media istehlakçısı dəhşət içində çırpınır. Qarabağdan aldığı məlumatlara əsəbləşir, hirsini tökməyə yer axtarır və suallar yaranır: niyə media onun tələbatını əvvəlkindən də pis ödəyir?
Məsələ burasındadır ki, Azərbaycan mediasında institusional dəyişikliklər baş verib və bu dəyişikliyi dərk etmək, həm də dərhal yenilənmə etmək zamanıdır.
Yəqin müasir media kommunikasiyalarını 27 sentyabra qədər olan dövrə, 27 sentyabr–10 noyabr dövrünə və 10 dekabrdan sonrakı dövrə bölə bilərik. Birinci haqda çox danışılıb və deyilib: çox zəif media təhsili, idarəolunan media məkanı, minimuma düşmüş xarici təsir.
Vətən müharibəsi dövrü Azərbaycan media istehlakçısı üçün böyük dəyişikliklər dövrü oldu. Qəbul etmək istədiyi mövzuların sırası çox daraldı: müharibə və onun ətrafındakı hadisələr. Media bu tələbi ödəməkdə əziyyət çəkmirdi, çünki bir tərəfdən limitlənmiş internet istifadəçi sayını azaltmışdı, yəni məlumat istəyən çox deyildi. Digər tərəfdən müxtəlif və ən yüksək səviyyədə rəsmi mənbələr nəinki tələb olunan suallara cavab verirdi, hətta özləri məlumat yaymaqda maraqlı idi. Üstəlik, orduya yardım üçün könüllü və özünüidarəetmə əsasında qurulan şəbəkələr durmadan işləyir, müxtəlif materiallar üçün mənbəyə çevrilirdilər. İnsanlar pul, əşya, əməyi paylaşmaq üçün çağırışlar edir, müsahibə verir, məlumat ötürürdülər.
Bu dövrdə bəzi xarici media təsirləri başlandı. Amma onlar bir qayda olaraq əsas mövzunun yan tərəfləri kimi ortaya çıxırdı: XİN rəhbərləri görüşdü – müharibə dayanırmı? Gəncədən türk kanallarının yayımı – yerli media niyə müharibə dövründə bu işləri görməyi bacarmır? Fransa prezidentinin bəyanatı və s.
Amma çoxları üçün qəfil dayanan müharibə özü ilə nəinki xeyli sual gətirdi, eyni zamanda informasiya məkanına soxulan müxtəlif qüvvələri ortaya qoydu. Rusiya ordusu Qarabağda yerləşdirildi və özü ilə müxtəlif media ünsürləri gətirdi. Üstəlik, “WarGonzo”, “Annanews” kimi media kanalları yenidən Qarabağa qayıtmağa başladı.
Həmçinin internetin açılması müharibə dövründə kənarda qalmış böyük sayda istehlakçını bazara qaytardı.
Azərbaycan rəsmiləri 27 sentyabra qədərki dövrə qayıtdıqlarını sandılar və əvvəlki məlumat kanallarını bir-bir dayandırdılar. Yerli jurnalistlər sosial şəbəkələrdə Qarabağa gedə bilməmələrindən şikayətlənməyə başladılar.
Nəticədə tələbat böyüdü. Bəs bu tələbat ödənilməmiş qaldımı? Yox. Heç vaxt belə olmur. Boşluğu həmişə hansısa başqa məlumat doldurur. Azərbaycana nisbətən daha açıq media infrastrukturu olan Ermənistan ölkəmizin media bazarına soxulmağa başladı və indi də soxulmaqdadır. Azərbaycan rəsmilərindən həftələrlə xəbər gözləyən yerli media asanlıqla Ermənistan mediasının eyni mövzuda olan məlumatlarını tirajlamağa başlayıb. İzləyicinin məlumat aclığını doyurmağa çalışan jurnalistlər çıxış yolunu bunda görürlər. Daha aktiv olan Ermənistan mediası bələdiyyə sədrindən tutmuş nazirlərə qədər hər bir məmura asanlıqla çıxış əldə etdiyinə görə məlumat verə bilir və Azərbaycan izləyicisinin smartfonlarına Qarabağla bağlı erməni tərəfinin məlumatları sel kimi axır. Azərbaycanda hansısa kəndin, rayonun rəhbərliyindən müsahibə və ya suala cavab alınması müşahidə olunmayıb. Yeganə məlumat Şuşanın icra başçısının hələ Şuşaya gedib çıxa bilməməsi haqdadır. Qubadlıda Ermənistanla sərhəddəki yolla bağlı demək olar bütün məlumatlar Ermənistandan alınıb. Bu proses digər istiqamətlərdə də davam edir.
O biri tərəfdən rus hərbçilərin Azərbaycana gəlməsi Rusiya mediasını da aktivləşdirib. Daha azad olmasa da, sayca daha çox olan Rusiya mediasına da uduzmaqdayıq. Beləliklə, Azərbaycan jurnalisti olaylara bu iki mühüm xarici mənbənin baxış bucağından baxmağa başlayıb. Yerli baxış demək olar ki, çox cüzidir.
Bununla bitmir. Rusiya mediası dünyada çox yaxşı tanınmış saxta xəbər istehsalçısıdır. Durmadan Azərbaycan Ordusuna inama, ölkə suverenliyinə xələl gətirəcək və ya şübhə yaradacaq məlumatlara yer verilir.
Ermənistan da Azərbaycan mediasının durumunu analiz edərək informasiya müharibəsi aparır. Azərbaycan mediası erməni mediasının istənilən məlumatını verir, çünki yoxlamağa, yaxud dəqiqləşdirməyə imkanı və mənbələri yoxdur. Son günlərin xəbərləri çox müzakirə olunur və xeyli saxta xəbərlər ortaya çıxır. Xudavəngdəki toy 6 il əlvvəl olsa da, onu yeni xəbər kimi sırımağı bacarırlar, Türk Hava Yolları Ermənistan üzərindən uzun illərdir uçsa da, onu Rusiya və Ermənistan mediasının təqdimatı ilə “ilk dəfə” və sensasion xəbər kimi həzm etdirirlər ölkəmizin istehlakçısına.
Azərbaycan jurnalisti Türkiyə mediasının da istənilən xəbərini sorğulamadan, doğru xəbər kimi dərc edir. Sürətlə güclənən bu tendensiyaya qarşı təcili addımlar atılmasa, xaricdə hazırlanan informasiyalar gündəmi tamamilə işğal edəcək və gecikmiş təkziblər gündəmə təsir göstərə bilməyəcək. Hətta bir müddət sonra yerli təkziblərə şübhə ilə yanaşılacaq.
Təcili görülməli işlər bunlardır:
1. Ən vacibi: Azərbaycan məmuru ən azı Qarabağ mövzusunda əhalini və medianı durmadan və müxtəlif mənbələrlə məlumatlandırmalıdır. Bu iş ciddi qəbul edilməyən deputatların və keçmiş məmurların vasitəsilə deyil, konkret sahələrə məsul məmurların iştirakıyla aparılmalıdır.
2. Yerli və müstəqil media hadisə yerinə buraxılmalı, reportyorlar daimi və müvəqqəti formada yerlərdən məlumat vermək imkanı qazanmalıdırlar.
3. Xarici mənbələrdən gələn saxta məlumat selini təkzib edən qruplar formalaşmalıdır, həmin qruplar bu işlə durmadan məşğul olmalıdır. Onların fəaliyyəti media ilə işləyən dövlət və ictimai qurumlar tərəfindən təşviq edilməlidir.
4. Media təhsili tamamilə dəyişdirilməli və müasir istiqamətlər üzrə tədris verən universitet yaradılmalıdır. Universitet ilk dövrlərdə bütün jurnalistlər üçün data jurnalistikası, məlumatların yoxlanması (“factchecking”), vizuallaşdırma, həllər jurnalistikası və başqa məsələlər üzrə pulsuz onlayn və oflayn kurslar keçməlidir, bir ildən sonra isə tələbə qəbul etməlidir. Tələbələr müxtəlif ölkələrdən olmalı və təqaüdlə təhsil almalıdırlar ki, gələcəkdə Azərbaycan haqda məlumatları qərəzsiz çatdıra bilsinlər.
5. Müasir media idarəetmə strukturundan imtina edilməlidir, çünki bu sistem hazırda nəinki xəbər yaratmağı bacarmır, həm də informasiya müharibəsində uduzmağın növbəti səbəbkarına çevrilir.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz
Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü
Koronavirus mediamızı dəyişə bilməz
Koronavirusu öldürərkən başqa xəstəliklər arta bilər
Koronavirusun yaratdığı yeni biznes imkanı
Koronavirus dövründə Azərbaycanda başqa viruslar da yayılıb
Qarabağda birtərəfli jurnalisti ifşa etmək