Rövşən Ağayev
Ekspert qrupumuz qlobal pandemiya fonunda sərt karantin rejiminin tətbiqinin sosial təsirlərini araşdıraraq hesabat hazırlayıb. Məqsəd Azərbaycanın sosial müdafiə sisteminin risk həssaslığına nəzər salmaq olub: sistem gözlənilməz və fövqəladə hadisələrə nə qədər hazırlıqdır, hansı boşluqlar var.
Qiymətləndirmə istiqamətlərindən biri də işsizlik məsələsi oldu. Bəzi nəticələri deyim.
Azərbaycanın məşğulluq və sığorta qanunvericiliyi yalnız əmək müqavilələri ilə işləyənləri işsizlikdən sığortalayır. Ölkədə iqtisadi fəal əhalinin hər üç nəfərindən yalnız biri əmək müqaviləsi ilə çalışır. İqtisadi fəal əhalinin 70%-ə qədəri istənilən böhran durumunda sosial risk altındadır. Bunun nəticəsidir ki, Beynəlxalq Əmək Təşkilatının hazırladığı qlobal sosial müdafiə hesabatında Azərbaycan işsizlikdən sığorta ilə ən məhdud əhatə olunan ölkələr arasındadır. Hesabata görə, bizdə potensial işsizlərin ən yaxşı halda 2-3%-i işsizlik müavinəti ala bilir. İnkişaf etmiş ölkələrdə həmin göstərici 60%-dən aşağı deyil.
Azərbaycanda problem yalnız işsizliyin etibarlı ölçü sisteminin olmamasından qaynaqlanmır. Əsas problem hüquqidir. Qanunvericilik yalnız əmək müqaviləsi əsasında çalışanları sığortalayır. Sadələşdirilmiş vergiyə cəlb olunan bir sıra fəaliyyətlər həm gəlir, həm sosial risk səviyyəsinə, həm də fəaliyyətin xarakterinə görə muzdlu fəaliyyətə yaxındır. Onların işsizlik sığortasından kənarda saxlanması əmək qabiliyyətli xeyli insanı iqtisadi böhranlar zamanı sosial cəhətdən müdafiəsiz qoyur. Həmin kateqoriyadan bir çoxunun sərbəst peşə sahibləri statusu alıb işsizlik sığortasına cəlbi vacibdir. Məsələn, çəkməçi, pinəçi, fərdi foto, audio, video xidmətləri göstərən, saatsaz, televizor, soyuducu ustası, ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq edən, dayə və fərdi sürücü, bağban, aşpaz, gözətçi, ofisiant, dərzi…
Yaxud məşğulluq qanunvericiliyi torpaq payı olanları işsiz saymır və işsizlik sığortasının əhatəsinə daxil etmir. Halbuki 4 nəfərlik ailə üçün 1 hektar torpaq heç hazırda 190 manat olan yaşayış minimumu səviyyəsində gəlir əldə etməyə imkan vermir. Torpağın sahəsinə fərq qoymadan bütün torpaq payı alan kənd əhalisini ucdantutma məşğul saymaq bir ayrı ciddi iqtisadi problemdir. Amma hətta bu məqamı kənara qoysaq, birdən həmin torpaq ailənin əlindən çıxdı, o zaman işsizlik sığortası olmayan bu insanlar nəyə görə avtomatik işsizlikdən sığortalanmasınlar?
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar