Aynur Mirhəsən
O günün reaksiyası: “Elə bil Elmar ölən gündür!”
İlin üçüncü ayı olan martla ilin on birinci ayı olan noyabrı təkcə soyuq hava deyil, həm də ölüm oxşar etdi Azərbaycan cəmiyyəti üçün, qələm əhli üçün, mətbuat cameəsi üçün.
2005-ci ilin 2 martı ilə 2011-ci ilin 23 noyabrı bir-birinə qarışdı. Faciənin arxa fonunda qalan il də, ay da, gün də bir andaca əriyib yox oldu. Öldürülən qələm adamları, qətl hadisəsi qabarıq duruşu ilə önə çıxdı. Öldürülənlərin adlarının da, qatilin kimliyinin də, bu reaksiyanın kimdən gəlməsinin də mənası qalmamışdı artıq. Qorxduğumuz başa gəlmişdi – gözə çöp düşmüşdü yəni. Sözdən yara alan, yaxud bu bəhanə arxasında gizlənən iyrənc qüvvə indi əlinə bıçaq almışdı. Amma…, amma daha da qorxulusu var.
Mənim üçün ən qorxulusu bilirsinizmi nədir? Azərbaycanda jurnalist qətllərinin adiləşməsi ehtimalı. Jurnalistlərin döyülməsi, təqib olunması, şərlənməsi faktlarına cəmiyyət necə öyrəncəli edildisə, buna məcbur qaldıqsa, jurnalist ölümünə də öyrəncəli olarıq birdən. Nə yazıq ki, belə deməyə ehtimalım daha çoxdur.
Heç uzağa getməyək. Son 10-12 ilin xronologiyasını yada salaq. Hər dəfə hansısa jurnalist fiziki zora məruz qalanda ondan əvvəlki həmkarının döyülməsinin unudulduğu fakt deyilmi? İndiyədək şil-küt edilən həmkarlarımızın qanının yerdə qalması, bir kimsənin cəzalandırılmaması unudulma demək deyilmi? Bu cinayətlərin cəzalarını tələb etməkdə ərincəklik göstərməyimiz unudulma demək deyilmi? Bu unutqanlıq yeni qətlin köhnə, qatı açılmayan hadisəni kölgədə saxlayacağı demək deyilmi? Yeni qətl hadisəsi baş vermə motivi və səbəbləri ilə, aktuallığı ilə gündəmi öz “hakimiyyəti” altına alsa da, lazımi instansiyaların – hüquq müdafiəçilərinin, ölkədəki səfirliklərin susqunluq nümayiş etdirməsi unutqanlığa işarə deyilmi?
2011-ci ilin 23 noyabrına qədər çoxsaylı jurnalist döyülmələri fonunda Elmar Hüseynov ölümü – motivi, səbəbi, cəzasızlığı ilə yeganə hadisə idisə, müasir Azərbaycan mətbuatı tarixi üçün kulminasiya idisə, indi bu təpənin iki başı oldu – Elmar Hüseynov və Rafiq Tağı. Vay o gündən ki, faciənin ikili olmasından jurnalistlərin düşmənləri istifadə etsin, nəinki haqq yolunda çıraq yandıranlar.
Gəlin bir boylanıb yaxın tariximizə baxaq. Ötən əsrin 90-cı illərində jurnalistə qarşı zorakılıq faktlarına reaksiya ilə indiki reaksiyaları müqayisə edək. Eynidirmi? Yada salaq, hələ 90-cı illərin ortalarında kütləvi aksiya zamanı ağır xəsarət alan Tapdıq Fərhadoğlu ilə bağlı, yaxud 90-cı illərin sonlarında “Yeni Müsavat” qəzetinin əməkdaşı Kamil Tağısoyun oğurlanaraq döyülməsi, mənəvi zorakılığa məruz qalması ilə bağlı reaksiyaları… Səfirliklər susmur, ölkədə fəaliyyət göstərən, yeni-yeni yaranmaqda olan hüquq müdafiə institutunun nümayəndələri fəğan edir, bəyanat bəyanat ardınca verilirdi.
Sonra nə oldu bəs?
2006-cı ildə jurnalist Fikrət Hüseynlinin boğazının bıçaqla kəsilməsi faktı 2005-ci ildə aksiya zamanı ağır xəsarət alan İdrak Abbasov faktını, Bahəddin Həziyevin ölümün bir addımlığından qayıtması hər ikisini, 2008-ci ildə Aqil Xəlilin ətrafında baş verən olaylar isə o günə qədər olan bütün hadisələri adiləşdirdi, əhəmiyyətini azaltdı, nə yazıq, öyrəncəli olduq. Elmin Bədəlovun, Ramin Dekonun, Anar Gəraylının, Seymur Həzinin və digərlərinin döyülməsi, fiziki təzyiqlərə məruz qalması Azərbaycan cəmiyyəti üçün artıq yeni hadisə olmadı. Qulaq o qədər jurnalist döyüldüyünü eşitdi, göz o qədər belə yazı oxudu ki… Çoxu heç ayırd edə də bilmirdi ki, baş verən döyülmə hadisəsi köhnə idi, yoxsa təzə?
Jurnalist döyülürdü, mətbuat konfransı keçirilirdi, bəyanat-filan, uzağı cinayət işinin açılmasına nail olunurdu. Bir də illik hesabatlar, mövzu xətrinə hansısa qəzetin xəbəri təzələmə cəhdləri, vəssalam, bitdi…
Azərbaycanda bu qədər jurnalist döyülmələri içərisində 2005-ci il mart ayının 2-də baş verən Elmar Hüseynov qətli ayrı effekt yaratdı. Media cameəsi üçün ağır şillə oldu, beyinlər təzyiq-təqib dumanından ayıldı. İstər Elmara qədər, istər Elmardan sonra döyülən, əzilən, təzyiqlərə, təqiblərə məruz qalan hər jurnalistin beynindən belə fikrin keçməsinə çox əminəm: “Mən də Elmar kimi ölə bilərdim…”
Elmarın ölümü jurnalistlər üçün səngiməyən ağrıya çevrildi, ondan yazıldı, mətbuat adına hansı gün varsa o gün qəbri ziyarət olundu, mövzu kimi gündəmdən düşmədi – hadisədən 6 il ötsə belə. İndi isə gündəmi Rafiq Tağı, onun faciəli ölümü tutub. Sosial şəbəkələr, qəzetlər, informasiya agentlikləri – hər kəs ondan yazır, ondan danışır. Hətta bəziləri bu hadisəni daha böyük, daha faciəli hesab edir. Əslində belə düşünənlərin haqları da var. Küçənin ortasında, 7 müşahidə kamerasının çəkiliş apardığı ərazidə qələm adamına 6 bıçaq zərbəsi vurulur. 3 gün keçir, o, dünyasını dəyişir. Bəli, daha dəhşətli hadisədir. Çünki o, ölməyə bilərdi!
Bəri başdan bu qətli törədənlərin aşkar edilməyəcəyi, əsl sifarişçilərin bəlli olmayacağı ümidsizliyini də bunun üstünə gələndə Rafiq Tağı qətlinin daha ağır olduğunu sübut eləməyə ehtiyac qalmaz. Vay o gündən ki, Rafiq Tağı qətlindən də ağır hadisə ilə üzləşək… Vay o gündən ki, belə qətl hadisələri çoxaldıqca söz yarası vuranların adlarını torpaq altından üzü qibləyə yönələn qəbir daşlarından oxuyaq. Vay o gündən ki, bunu adi hadisə kimi, olmuş kimi, olan kimi, olacaq kimi qəbul edək. Vay o gündən…
28 noyabr 2011-ci il
Mediaforum.az
Aynur Mirhəsənin “Azadlıq ibadəti” kitabı
Novator.az bildirir ki, yazıçı-publisist Rafiq Tağı 2011-ci il noyabr ayının 19-u Bakıda bıçaqlanıb, 4 gün sonra Kliniki Tibbi Mərkəzdə vəfat edib, paytaxtdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Cinayət işini Baş Prokurorluğun İstintaq İdarəsi araşdırıb, cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb, Rafiq Tağını bıçaqlayan şəxsin kimliyi müəyyən edilməyib.
1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində doğulan Rafiq Tağı Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasını bitirib.
Rafiq Tağı gənclik illərindən bədii yaradıcılıqla məşğul olub, bir neçə kitabın müəllifidir.
2006-cı ilin noyabrında Bakıda nəşr olunan “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulan Rafiq Tağı Səbail Rayon Məhkəməsinin 4 may 2007-ci il hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. O, həmin il dekabrın 28-də dövlət başçısının imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.