Haram tikə (Hekayə)
- 19 Oktyabr 2020
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Axşamdan planlaşdırdım ki, sabah gedib bazarlıq etməliyəm. Hər kəs kimi biz də qışa tədarük üçün lazım olan meyvələrdən alıb, müxtəlif növ mürəbbələr bişiririk. Evdən verilən siyahını oxuya-oxuya avtobus dayanacağına gedirdim ki, yanımda bir maşın saxladı. Sözün doğrusu, bir az diksindim və kənara çəkilən kimi oldum. Maşından düşən adamın gülə-gülə mən tərəfə gəlməsi, ona verəcəyim sualı unutdurdu. Fikirləşdim görəsən bu nə cürətdir, məni qorxudan kimi oldu. Açıq etiraf edim ki, mən özüm təcrübəli sürücü olsam da, maşınlardan qorxuram. Onlardan uzaq durmağa vərdiş etmişəm. Mən tərəfə gələ adam:
– Xoş gördük qardaş, yaman fikirli gedirdin, deyəsən səni qorxutdum?!
Özümü o yerə qoymadan cavab verdim:
– Niyə qorxmalıyam, maşınmı görməmişik?
– Yox, qağa, o mənada demədim, sən başqası deyilsən ki, biz köhnə dostuq…
Əzizlə keçirdiyim günlər bir anlığa gözümün qabağından kino lenti kimi gəlib keçdi. Biz bir-birimizə sarıldıq, bir müddət eləcə qaldıq.
İlk sözə başlayan mən oldum:
– Dostum, ağzın isti yerdədir. Əgər evdən sənə də bu siyahıdan birini versəydilər, sən maşının altına düşərdin.
Bunu dedikdən sonra bir-birimizdən xəbərsiz qəşş çəkib gülməyə başladıq. Bu dostum çox əhlikef adamdır. Ağsaqqallar demişkən, Araz aşağından, Kür topuğundandır. Dərd, qəm, fikir çəkmək, nə bilim nələr və nələr, belə şeylərə məhəl qoymayan bir həyat tərzi var. Dostum dedi:
– Yaxşı əlimə düşmüsən, səni bu gün buraxan deyiləm. Gedək bir sərin yerdə çay içək.Keçmiş günləri yada salaq. Səndən ötrü çox darıxmışam. Fikirləşəndə görürəm ki, keçirdiyimiz günlərin özü bir tarixdir. Qardaş, o tarixi təzələmək öz əlimizdədir. Bu gün qarşılaşmağımız da Allahın işidir. Hər halda məni məyus etməzsən!..
Bilirdim ki, onun bir xasiyyəti var, istədiyini əldə etmədən səndən əl çəkən deyil. Sözü uzatmamaq üçün razılıq verdim.
– Dostum, – dedim, – bir şərtim var, evdə bütün hazırlıqlar görülüb. Gedək bazara siyahıdakı meyvələri alaq, verək evə. Sonra istəsən gedərik.
Dostum gülərək:
– Başımın bir donuz gülləsi çatışmır. Görürsən ki, o başını sallayıb, ətrafa baxmadan avtobus dayanacağına gedir. Maşınını sür get, onsuz da o səni görməyəcək.
Sözün doğrusu, bu sözün ciddiyyətinə inanmadım. Amma mənə bərk təsir etmişdi.
– Nə oldu, qardaş, birdən fikirə daldın?
– Əziz, sən get işlərini qaydasına sal, mən də gedim bazarlığımı edim. Sonra görüşərik. – Bunu deyib ondan ayrılmaq istədim.
O, qolumdan tutub məni ayaqdan-başa süzməyə başladı. Gülərək:
– Cavanlıqdakı küsəyənliyindən əl çəkmirsən. Ayıb olsun, biz dost yox, qardaşıq. Sənə maşın qurbandır. Mən səni görəndə özümü dünyanın ən xoşbəxt insanı hiss etdim. Sən isə məndən küsürsən. Özün zarafat edib bizi ələ salanda biz incimirik. Nə tez dəyişdin?
Mən hərəkətimdən Əzizin incidiyini hiss etdim.
– Yaxşı, qardaş, uzatma, sən də məndən geri qalmırsan, – deyib maşına oturdum. Sür bazara!
– Bu başqa məsələ. – Elə bil ki, Əzizin üstündən qara buludlar çəkilmişdi. Hər ikimiz günahkar körpələr kimi bir-birimizdən utanaraq bir müddət səssiz qaldıq.
Bazara çatmışdıq.
– Qardaşım, sən məni burada gözlə, tez gələcəm.
– Dur, – dedi. – Bu gün mən nə desəm o da olacaq!
– Baş üstə, qardaş, niyə əsəbləşirsən?
– Gəl, məni dolama, bazarlığı bərabər edəcəyik. Sənə ağır şey götürmək olmaz.
– Sağ ol, mənim əzizim.
Havalar o qədər isti idi ki, nəfəs almaq olmurdu. Bir sözlə, Əziz olmasa, itib-batardım. Bazarlıqdan sonra evə gəldik. Evə dəvət etdim, “Qardaş, məni dolama, bazarlığı ver gəl, səni gözləyirəm” dedi. Əzizin xasiyyətini yaxşı bildiyim üçün onun dediyi kimi etdim. Biz “Çiçək” kafesinə getdik. “Çiçək” kafesi 8-ci kilometr qəsəbəsində, polis idarəsindən bir az yuxarıdadır. Bu kafe, səhv etmirəmsə, 40 ilə yaxındır o adda fəaliyyət göstərir. 9 manata samovar çayı verirlər. Bu çayın gözəlliyi ondan ibarətdir ki, samovarı müştərinin yanına gətirirlər.
Boş masalardan birinə oturduq. Keçmişi xatırladıq. Söhbətimiz o qədər şirin keçdi ki, bir baxdıq nə az, nə çox, dörd saatdır buradayıq. Əziz çox təkid etdi ki, bir yerdə yemək yeyək. Mən razılıq vermədim. Bizim görüşümüz koronavirusun tüğyan etdiyi bir vaxta düşdüyü üçün “Evdəqal” tövsiyyə olunurdu. Hamımız evdə olmalıyıq, qanun qanundur. Məni evə dostum Əziz gətirdi və bərk-bərk tapşırdı ki, iki gündən (yəni karantin qurtardıqdan) sonra görüşməliyik. Sözümüz sözdür deyib ayrıldıq.
Yaddan çıxmayan bir gün, 16 iyun 2020-ci il, dostum Əzizlə vədələşdiyimiz saatda görüşdük. O, bu dəfə taksidə gəlmişdi.
– Maşının hardadır? – soruşdum.
Gülümsünərək:
– Fələkdən bir gün əlimizə keçib, həyatın dadını çıxartmalıyıq, – dedi.
Razılaşdıq.
Sözün doğrusu, belə bir gün mənim də ürəyimdən keçirdi. Taksiyə oturduq.
– Əziz, qardaş, ürəyindən keçən bir yer varsa oraya gedək, yoxsa mən deyən yerə gedəcəyik.
Taksi şoferi bizə “Su səsi”ndəki restoranı məsləhət bildi. Razılaşdıq. Dostum Nadir Məmmədli ilə o restoranda çox oturmuşuq. Biz “Su səsin”ə gəldik. Bura Əzizin də xoşuna gəldi. Bizi orada çox yaxşı qarşıladılar. Tələsmədən sifarişimizi verib, söhbətə başladıq. Əsas mövzumuz keçdiyimiz günləri bir daha xatırlamaq oldu. Mənim yadıma bir hadisə düşdü. Həmin hadisəni vaxtilə mənə Əziz danışmışdı.
– Əziz, qardaşım, lap çoxdan baş vermiş bir düyə əhvalatı danışmışdın. Bu mənim xatirimdən çıxmır ki, çıxmır. Həmişə sən yadıma düşəndə o hadisəni xatırlayıram. O zaman sən o hadisəni tam təfsilatı ilə danışmamışdın.
– Sən deyəcəklərimin çoxunu məndən yaxşı bilirsən. Şınıxın 26 kəndinə gedən yol Başkəndin içindən keçirdi. Biz o kəndin arası ilə gedərkən hansı hissləri keçirirdik, o bir tək Allah bilir. Yadındadı, bir dəfə dığalar bizi daşa basmışdılar. Daşın biri mənim başımı yaraladı, indi də yeri bilinir. Qardaş, mənim xalamgil ermənilərlə sərhəd bir kənddə yaşayırlar. Onun rəhmətlik əri çox ləyaqətli, namuslu, halallıqla ailəsini dolandıran, namaz qılan, haram tikədə gözü olmayan bir ağsaqqal idi. Rəhmətlik həmişə oğluna deyərmiş haram tikədən uzaq dur, haram tikə heç kəsə xoşbəxtlik gətirməyib. Yaşadığı kənddə hamı onu çox zəhmətkeş adam kimi tanıyıb. Təsərrufatına söz ola bilməzdi. Yadındadır, Başkənd hadisələri. Hadisələrin tüğyan etdiyi bir vaxtda o şərəfsiz dığalar dinc əhalinin iribuynuzlu mal-qarasını oğurlamaqdan əl çəkmirdilər. Əgər o vaxt briqada komandiri Cahangir Rüstəmov, Azərbaycanın Milli Qəhrəmanları Məzahir Rüstəmov, İsgəndər Aznaur, kapitan Sahib Rüstəmov, polkovnik Rəfael Əsədov, Hamlet Hüseynov, Pünhan rəhmətlik və neçə-neçə igid oğullar olmasaydı, ermənilər kəndlərimizi daha çox talayardılar. Xalamın yoldaşı o hadisələrə dözmədi, dünyasını dəyişdi. Evin bütün ağırlıqları xalam oğlunun üstünə düşdü. Xaloğlu çox cəngəvər oğlandır, əlindən hər iş gəlir, sağ olsun.
Allaha çox şükür, bir əsrdən çox düşmən işğalında olan halal torpağımız sahibinə qaytarıldı. Biz ömrü boyu qəhrəman, cəngavər, vətənini, torpağını göz bəbəyi kimi qoruyan vətən oğulları qarşısında baş əyirik. Ermənilərin oğurladıqları heyvanlar xalam oğlunun yadından çıxmırdı. Xalam da nə qədər öyüd-nəsihət versə də ipə-sapa yatmırdı. Deyirdi: Ay ana, bunun cavabını ermənilərə verməsəm atamın oğlu deyiləm!
Ana ürəyi bilirdi ki, atası kimi haqqı nahaqqa verən oğul deyil. İstədiyini edəcək. Onu da deyim ki, xalam oğlu aciz oğlan deyil. Atası rəhmətlik adlı-sanlı ovçu idi. Qanuni ov tüfəngi vardı. Rəhmətlik həmişə deyərdi, mənim oğlum təhlükə nə olduğunu bilmir, uşaqlıqda ona ayı ürəyi yedizdirmişəm, o da mənim kimi yaxşı ovçu olacaq. Bir gün xalamoğlu ilə oturub söhbət edirdik, o, yanıqlı-yanıqlı mənə belə bir sual verdi: Deyirsən hər şeyi başa düşürsən, üstəlik, mənə öyüd-nəsihət də verirsən, haqqın var, məndən böyüksən, necə olur ki, o şərəfsizlər bizim analarımızı-bacılarımızı qaçırdıb qul kimi işlədirlər, biz də oturub dünyanın dərdini çəkir, ah-uf edirik. De görüm, xalamoğlu, o yazıqların qisasını kim alacaq. Yaxşı bilirsən ki, biz onlar kimi vəhşilikləri törədə bilmərik, çünki biz ailə tərbiyəsi görmüşük. Müqəddəs Azərbaycanımızın tarixi keçmişinə ləkə gətirə bilmərik, bizi ulularımız bağışlamaz. Məni gecə-gündüz o insanların taleyi düşündürür. Namus-qeyrət mənim xəstə yerimdir. Qisassız yaşaya bilmirəm.
O soruşduğun hadisə isə belə baş verirmişdi.
Kənd camaatı növbə ilə qoyun sürüsü otarır. Bir gün xalam oğlunun toğlularından ikisi gəlmir. Belə hadisələr kənddə tez-tez baş verirdi. Bir baxırsan ki, səhvən, qonşunun qoyunlarına qoşulub gedir. Xalam oğlu da, eləmə tənbəllik, tüfəngini götürüb toğluları axtarmağa gedir. Hər tərəfi duman-çən bürüyübmüş, özü dediyi kimi, səssizlik, arabir azmış qərib durnaların səsi gəlirdi…
O danışdıqca məni dəhşət bürüyürdü. Öz-özümə fikirləşdim, atası buna ayı yox, canavar ürəyi də yedizdirib.
– Qardaş o, “Mauqli” filmində mən Mauqlinin cəsarəti, canavar balaları ilə oynadığı səhnəyə baxanda məni heyrət bürüyür. Bu çizgi filmində Ana canavarın dilindən belə deyilir: “Tez gəl! Ey fərasətli bala qurbağa, tez gəl. Insan balası olsan da mən səni öz doğma balalarımdan çox istəyirəm. Harada yaşamağından asılı olmayaraq sən mənim balamsan, mənim qanımdansan”.
– İnsan təbiətin bu sirləri qarşısında acizdir, – dedi Əziz. Sonra söhbətinə davam etdi. – Nə isə. Xalam oğlu dağlarda qarşılaşdığı canavar sürüsündən, gecə yem axtarmağa çıxan canlılardan, yem üçün ulayan çaqqallardan söz açdı. Bərk yorulmuşam dedi. Gündüz də gözümü aldatmamışdın. Çökək bir yerə dirsəkləndim ki, bir az mürgüləyim. Bir də baxdım ki, qarşımda gözəl bir düyə dayanıb, mənə heyran-heyran baxır. Əvvəlcə elə bildim ki, yuxu görürəm. Gözlərimi ovuşdurmağa başladım. Amma düyə gözünü məndən çəkmirdi. Ehtiyatla ayağa qalxdım ki, onu qorxutmadan tutum. Gördüm ki, düyə mənim hərəkətlərimə məhəl qoymur. Çox ehtiyatla kəndiri onun boynuna bağladım. Düyəyə diqqətlə baxanda onun sağmal olduğunu təyin etdim. Kəndə üz tutdum, yol boyu fikirləşdim anama, qonşulara nə deyəcəm. Çox götür-qoy etdikdən sonra belə qərara gəldim ki, bu məsələni gizli saxlayım. Camaatımız, qohum-əqrəba bizi halal bir ailə kimi tanıyır. Yalandan başqa bir yol görmədim. Səhərə yaxın evə gəldim, düyəni tövləyə bağladım. Atam rəhmətlik sağlığında yaxşı, geniş tövlə tikdirmişdi. Pəncərənin biri sərhəd tərəfə baxırdı.
Ac olmağıma baxmayaraq, yuxu məni yaman təntitmişdi. Özümü yatağa güclə çatdırdım. Daş kimi yatmışam. Atam rəhmətlik yuxuma girmişdi. Gördüm mənə baxıb başını sağa-sola sallayır. İstədim nəsə deyəm, dişlərim kilidlənmişdi. Anam görür ki, yuxuda sayıqlayıram, məni oyatmağa çalışır. Mane olma deyib yenidən yuxuya dalmışam. Bir xeyli yatmışam. Yataqdan qalxdım, evdə səssizlik hökm sürürdü. Yemək üçün bir şeylər axtardım. Sən demə, anam yeməyimi hazırlayıb, sobanın üstünə qoyub. Tələm-tələsik əl-üzümü yuyub yeməyi yedim. Təzə qonağımıza baş çəkmək üçün tövləyə getdim. Elə bil ki, düyə məndən incimişdi, sərhəd tərəfə açılan pəncərədən sərhədi seyr edirdi. Bir azdan da anam gəldi. Bilmirdi qışqırsın, ağlasın, əlinə çubuq alıb məni döysün.
– Niyə belə həyəcanlısan, ay ana? – soruşdum.
– Utanmadan bir də soruşursan, bütün gecə sənin yolunu gözləmişəm. Harada ilişib qalmısan?
– Ay ana, dostumun yaxın qohumunda bir sağlam düyə olduğunu eşitmişdim. Getdim, o düyəni alıb gətirdim.
– Yaxşı, deyirsən ki, sağlam düyədi, bəs bunun buzovu?
– Ay ana, buzovsuz satdılar.
– Nə deyirəm, ay oğul. Sən qalxmadan ona baxmaq istədim. Tövlənin qapısından içəri girmək istədim ki, tərs-tərs üzümə baxıb əcaib səs çıxartdı.
– Ay ana, dedim düyədi də, bəlkə balası yadına düşüb, ona görə dəcəllik edir. İcazə ver onu bu gün özüm sağaram.
– Yavaş de, ay oğul, qonum-qonşu eşidər.
– Narahat olma, ana, – dedim.
Sözün doğrusu, o günü birtəhər yola verdim. Anam nə fikirləşdisə, düyənin südünü evə yaxın qoymadı. Qonşuya pay kimi verdi. Mən nəsə bir şey fikirləşməliydim.
– Ay ana, bəlkə düyəni verdim qonşu sağıb, yavanlıq etsin. Deyirsən ki, düyə səni görəndə dəli olur.
– Düz deyirsən, oğlum. Əvvəlcə mən o kafirlərin dilini öyrənməliyəm ki, sənin düyən mənim sözlərimə qulaq assın. Atan rəhmətliyin öyüd-nəsihətlərini yadına sal. Allaha şükür, nəyimiz əskikdir.
Səhərisi günü düyəni kəndirdən açıb, qonşuların malına qatdım. Fikirləşdim ki, əvvəlki ata-baba yurduna çıxıb gedər. Axşam axıra gələn heyvanların arasında onu görəndə heyrət məni bürüdü. Məni görüb yanıma gəldi. Qəribə mənzərədir, dünən dəcəllik edən düyə ertəsi gün əməlli-başlı ağıllanmışdı. Qonşu gəlini çağırdım, rahatca onu sağdı. Südünü də götürüb getdi. Öz-özümə dedim: Allahım, sənə çox şükür, deyəsən bu məsələ sirr olaraq qalacaq. Atalar yaxşı deyib, sən çaldığını çal, gör fələk nə çalır.
Xalam oğlu deyir bir gün mal bazarına getmişdim. Sərhəd kəndlərin birində yaşayan heyvan alverçisini gördüm. O, hiss etmədən onlar tərəfə getdim. Alverçinin mənim gəldiyimdən xəbəri yox idi. Başı söhbətə qarışmışdı. Deyəsən həm də çox içmişdi. Siqareti bir-birinin oduna yandırırdı. Kafirlərin dilini çox gözəl bilirdi. Eşitdim yanındakı adama deyir ki, bir qonaqlıq məndən, bir şey eşitsən mənə de.
Bir azdan bazar camaatı hərə öz evinə getməyə başlamışdı. Mən həmin adama yaxınlaşdım.
– O dostunun satlıq mal-qarası varmı, qardaş? – soruşdum.
– Əşi, mən nə bilim, o axmağın biridir. İstədiyi vaxt sərhədi o tərəfə, bu tərəfə keçir. İstədi məni də ələ alsın. Mən sadəcə onun dediklərinə qulaq asdım. Deyirdi ki, bir kafir dostunun düyəsi buzovunu təpib və qaçıb. Bu barədə mənə məlumat versən bir qonaqlıq məndə.
– Qardaş, mən elə şərəfsizlərlə oturub-duran adam deyiləm.
Biz sağollaşıb ayrıldıq. Yadıma bir müdrik adamın dedikləri düşdü: Qu quşu kələkbazdı, öz yumurtasını başqasının yuvasına atır, çıxan balalara yad ana qulluq edir.
Nəysə, xaloğlu deyir düyənin buğaya gələn vaxtı idi, qonşumla danışıb onun buğasına apardım. Sən demə, mənim dünyadan xəbərim yoxdur. Bu düyə kənddəki bütün buğalarnan yaxınlıq edirmiş. Qonşu məni görəndə gülməyi tutdu, “Niyə gülürsən?” deyə soruşdum. “A kişi, sənin bu düyən bizim buğa ilə bir neçə dəfə görüşüb. Təkrar gəlməyə ehtiyac yoxdu, yoxsa tutmaz, pozular”. Daha çox dərinə getmədən oradan uzaqlaşdım. Evə gədim. Anam çay süzüb yanıma gəldi.
– Ay oğul, o düyə sənə rast gələndən sənin üzün gülmür. Anana qulaq as, onu azdır getsin. Atalar deyib ziyanlığın yarasından qayıtmaq özü bir savabdır. Biz haram tikədən uzaq durmalıyıq. Dinimizə, imanımıza görə, bizim bir qonşuluq haqqı, bir də müsəlmanlıq haqqımız var. O kafirlər bunu başa düşməlidir. Çalış onlardan uzaq dur.
Xaloğlu deyir anam dediyi kimi etdim. O düyəni birdəfəlik azdırdım. Sonradan başa düşdüm ki, rəhmətlik atam düz deyirmiş. Haram tikə bizə düşmür. İndi demək olar ki, rahat nəfəs alıram. Bir sözlə, xaloğlu, ailə qurmağa hazırlaşıram!
Düşünürəm adət-ənənəsini sevən oğul ağsaqqalların, ağbirçəklərin sözünə qulaq assa heç vaxt büdrəməz!
Bu adət bizə ulu babalarımızdan miras qalıb. Hikmətli sözlərə qulaq asan gənclər xoşbəxt və mənəvi cəhətdən güclü olarlar. İnsanda inam, davamlılıq hissi, qulaq asma mədəniyyəti güclü olarsa, zəhmətlə qazanılmış tikəyə üstünlük verəcəkdir.
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…