“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.
Aqata Kristi, “Puaro istintaq aparır”
“Puaro istintaq aparır” hekayələr toplusu Aqata Kristinin yazıçılıq karyerasının ilk dövrlərində çap olunub. Topluya 11 hekayə daxildir. Bu hekayələrin hər biri sonralar detektiv janrın klassikası hesab edilib. Bu toplunun bütün hekayələri ekranlaşdırılıb.
“Puaro istintaq aparır” hekayələr toplusunun qəhrəmanı xəfiyyə Puaro bir çox qətl hadisəsinin üstünü böyük məharətlə açır. İşdə yalnız bir şübhəli məqam varsa belə, yorulmaz detektiv onu araşdıraraq həqiqəti üzə çıxarır.
Kitabın satış qiyməti 9.99 manatdır.
Qurban Səid, “Haliçdən olan qız”
Məşhur “Əli və Nino” romanının müəllifi kimi tanıdığımız Qurban Səidin ilk dəfə 1938-ci ildə Vyanada nəşr olunmuş “Haliçdən olan qız” əsəri yazıçının ustalığı və mətnin bədii siqləti cəhətdən diqqəti çəkir.
Şərq və Qərb mədəniyyətləri, dəyərləri, adət-ənənələri, düşüncələri arasındakı amansız mübarizəni əks etdirən roman bu gün dünyanın onlarla dilinə tərcümə edilib, oxucuların qəlbini fəth edib. Əminik ki, əsər tezliklə Azərbaycan oxucularının da diqqətini çəkəcək, onların masaüstü kitabına çevriləcək.
Əsəri Nəriman Əbdülrəhmanlı tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Erik Bern, “İnsanların oynadığı oyunlar”
İnsanlar tamamilə eyni şəraitdə niyə ayrı cür hərəkət edirlər? İnsanların davranışlarına səbəb nədir və hər hansı bir situasiyada onların reaksiyasını əvvəlcədən təxmin etmək mümkündürmü? İnsanın təhtəlşüuru necə işləyir? Bütün bu sualların cavabını Erik Bernin “İnsanların oynadığı oyunlar” kitabında tapa bilərsiniz.
Müəllif insan psixikasının necə quruluşa malik olduğunu və ayrı-ayrı insanlarda necə işlədiyini addım-addım izah edir. Erik Bernin fikrincə, hər bir insan bu mümkün üç roldan birini oynayır: Valideyn, Böyük və ya Uşaq.
Əlinizə götürdüyünüz bu kitab – insan münasibətlərinin psixologiyasına dair kult kitablardan biridir. Bernin hazırladığı sistemin məqsədi insanı həyat ssenarilərinin təsirindən qurtarmaq, ona özü və başqaları ilə daha az “oyun oynamağl” və həqiqətən azad olmağı öyrətməkdir.
Bu kitabda oxucu insan münasibətlərinin təbiətini, özünün və digərlərinin davranış səbəblərini anlamağa kömək edən bir çox məsləhətlər tapa biləcək. Müəllifin fikrincə, hər birimizin taleyi bir çox cəhətdən hələ uşaq vaxtlarımızda müəyyən olunur, lakin sonra əgər istəsək, öz həyatımızı özümüz idarə edə bilərik.
Əsəri Samir Bulut tərcümə edib.
Kitabın satış qiyməti 9.99 manatdır.
Teodor Drayzer, “Cenni Herhardt”
Cenni Herhardt – Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim Teodor Drayzerin romanıdır (1911).
Teodor Drayzer bu romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzini, inhisarçı kapitalizmi tənqid edir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasından dolğun boyalarla əks olunur.
Kitabın satış qiyməti 10.99 manatdır.