Novator.az əfvetmə haqqında əsasnaməyə nəzər salıb.
Prezidentin 18 iyul 2001-ci il fərmanı ilə təsdiqlənmiş əsasnaməyə görə, əfvetmə fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə qərarı prezident sərəncamı ilə rəsmiləşir, Azərbaycan məhkəmələrinin məhkum etdiyi və ya başqa dövlətlərin məhkəmələrində məhkum olunaraq cəzalarını Azərbaycanda çəkən şəxsləri əhatə edir. Məhkumun cəzasının qalan hissəsindən azad edilməsi; cəza müddətinin azaldılması; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi mümkündür. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Əsasnaməyə görə, əfvetmə barədə müraciəti məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi verə bilər. Müraciət üçün müddətlər belə müəyyən edilib:
– islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;
– az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
– ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
– ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
– məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
Milli Məclisin deputatının, insan hüquqlarına dair müvəkkilin, cəzanı icra edən orqanın, beynəlxalq və ya qeyri-hökumət təşkilatının da əfvetmə barədə məsələ qaldırmaq hüququ var.
Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və Azərbaycan məhkəmələrində məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.
Prezidentə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunda qeydiyyatdan keçirilib yoxlanır. Müraciətə Əfv Məsələləri Komissiyasında baxılması üçün bu hazırlıq işləri görülür:
– cəzanı icra edən orqana məhkum olunmuş şəxsin törədilmiş cinayətə, əməyə, təhsilə münasibətini, davranışını, törətdiyi cinayətə görə peşmançılıq çəkməsini, səhhətini, məhkum olunmuş şəxsin əvvəlki məhkumluğunu, onun barəsində amnistiya və əfv aktlarının tətbiq edildiyini, vurulmuş maddi zərərin ödənilməsini əks etdirən arayış və əfvin tətbiq edilməsi məsələsinə baxılması üçün digər zəruri sənədlər verilməsi üçün sorğu göndərilir;
– müvafiq dövlət orqanlarına məhkum olunmuş şəxsin əvvəllər məhkum olunması, barəsində amnistiya və ya əfv aktının tətbiq edilməsi, şərti məhkum olunması, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın təxirə salınması, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi, məhkumluğunun götürülməsi və ödənilməsi, məhkum olunmuş şəxs barədə hökmün qanuni qüvvəyə minməsi, vurulmuş maddi zərərin ödənilməsi barədə məlumatın, habelə məhkəmələrdə çıxarılmış hökmlərin və qərarların surətlərinin, zəruri hallarda isə digər əlavə sənədlərin verilməsi üçün sorğu göndərilir;
– Ali Məhkəməyə və Baş Prokurorluğa əfvetmənin mümkünlüyü barədə əsaslandırılmış rəy verilməsi üçün sorğu göndərilir.
Əfv məsələləri sektoru daxil olmuş sənədləri və rəyləri ümumiləşdirir və məhkum olunmuş şəxsin əfv edilməsi məsələsinə dair ümumi arayış tərtib edir. Sənədlər və ümumi arayış Əfv Məsələləri Komissiyasına göndərilir.
Əfv Məsələləri Komissiyasının iclası onun üzvlərinin azı 13 nəfəri iştirak etdiyi halda keçirilir. İclasda Ali Məhkəmənin sədri, baş prokuror və dəvət olunan digər şəxslər iştirak edə bilərlər.
Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər barəsində Əfv Məsələləri Komissiyasının qərarları üzvlərin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.
Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün prezidentə təqdim olunur.
Novator.az bildirir ki, Əfv Məsələləri Komissiyasına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir, katib vəzifəsini Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova tutur. Üzvlər bu şəxslərdir:
Fuad Ələsgərov – prezidentin köməkçisi, administrasiyanın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi
Fikrət Məmmədov – ədliyyə naziri
Vilayət Eyvazov – daxili işlər naziri
Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Allahşükür Paşazadə – şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov – Milli Məclisin deputatı, səhiyyə komitəsinin sədri
Zahid Oruc – Milli Məclisin deputatı, insan hüquqları komitəsinin sədri
Fazil Mustafa – Milli Məclisin deputatı, mədəniyyət komitəsi sədrinin müavini
Azay Quliyev – Milli Məclisin deputatı
Sədaqət Vəliyeva – Milli Məclisin deputatı
Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcid – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri
Mehriban Vəliyeva – Akademik Zərifə Əliyeva adına Liseyin direktoru.